Sabir Rüstəmxanlı kimdir?

07 Mar 2018
423 baxış

Nurlan Hüseynov

İtirməmək üçün qiymətləndirməyi bacarmaq lazımdı.

Orxan Pamuk yazırdı ki, cumhuriyyət dövründə Türkiyədə insanlar ədəbiyyat zövqünü siyasi baxışına görə formalaşdırırdı. Hər kəs öz siyasi cəbhəsində yer alan ədəbiyyatı seçir və onu əsl ədəbiyyat sayırdı. Beləliklə, ədəbiyyat və ədəbiyyatçı əsl sənət və sənətçi dəyərini yox, siyasi mövqeyinə görə dəyər qazanırdı. Buna görə də, bir çox dəyərli ziyalılar və onların irsi yalnız cəmiyyətin bölündüyü siyasi mövqelərinə görə diqqətdən kənarda qaldı və onlar taleyin ümidinə buraxıldı. Bunlar bir yazar üçün yaşaya biləcəyi ən ağır taledir.

874409FA-60CE-42C3-8655-10EEA35C2E1ATarix bu yanaşmanın uzun vədədə nə qədər yanlış olduğunu çox sübüt edib. Ən böyük nümunələrindən biri Knut Hamsunu qeyd eləmək olar. Təkcə elə bizim sovet dövrü milli və sosialist ədəbiyyata dövlətin təbliğ elədiyi münasibətdə də bunu açıq görə bilirik.

Müasir düşüncədə bu öz həllini tapmış məsələdir. Buna baxmayaraq bizdə hələ də bir qrup adamlar tərəfindən bu suallar səslənir, ədəbiyyatçılar, ziyalılar siyasi mövqelərinə görə yarğılanır. Kənardan baxanda belə görünür ki, sanki bu adamları yaxalarından tutub şəxsi davaya çəkmək mübarizəsi gedir. Yazıçı, ziyalı və digər yüksək statusa malik olan adamların bizim kimi cəmiyyətlərdə belə çətinliyi olur. Vəziyyətləri, düşüncələri, öz yolları nəzərə alınmadan onlardan mütləq hansısa məsələdə iştirak, mövqe gözlənilir. Olmayanda da, başlanır ittihamlar, inkarlar.

Ümumilikdə zamanla qaydasına düşəcək şeylərdi, ancaq bütün hallarda haqqında danışılması zəruri mövzudur. Yazıçı və ya ziyalıya sırf sənətə görə yox, hansısa siyasi mövqe və ya fəaliyətsizliyə, yaradıcılığına görə yox, ondan kənarda baş verən şeylərə görə münasibət formalaşdırmağın ciddi yanlışlıq olduğu, bütov və hərtərəfli qiymətləndirmədən uzaq qaldığı artıq müzakirə mövzusu ümumiyyətlə deyil. Bu qüsurlu yanaşmadan həm yazıçı və ziyalı, həm də cəmiyyət itirir.

Yazar öz seçimi ilə baş-başa buraxılmalıdır. Onun tarixin hansı yanında yer aldığını isə zaman özü vaxtı gələndə müəyyən edir. Bu yanlış yanaşmalar isə çox vaxt tamamilə adamları çıxdaş edir. Bu bütöv inkarda isə böyük informasiya itir. Biz çox asanlıqla adamı yalnız hansısa şəxsi seçiminə və düşüncəsinə görə tarixdə və ədəbiyyatda tutduğu yerdən sanki qoparıb atmaq istəyirik. Digər heç bir şey, yazıçının dünyagörüşü, bildikləri, şəxsi qənaətləri və yazdıqları, hətta statusu daxil bizi ümumiyyətlə maraqlandırmır.

Sabir Rüstəmxanlının bu yaxınlarda “Akademikin son əsəri” adlı romanını oxudum. Birdən birə Sabir Rüstəmxanlını oxumağa səbəb təkcə bu gunki ədəbiyyatımızda nadir insanları çıxmaqla mövcud olan mövzu böhranı deyildi. Həm də bir çox səbəblərdən və əsasən də siyasi dava içində inkar edilmiş, bu günki dövrümüzdə kənara itələnmiş mənbələr indi xüsusi maraq doğurmağa başlayıb şəxsən mənim üçün. Çünki bu mənbələrin belə kənara itələnməsi birincisi haqsızlıqdır, ikincisi də onların özündə vacib məlumat daşıdığı üçün qiymətli olduğunu düşünürəm. Həm də, düzü bu köhnə və geriçi yanaşmanı da özünə yaxın buraxmamağın vacib olduğu fikrindəyəm. Biz nədənsə səbatsız formada, kəskin şəkildə hər hansı səbəbə görə bütöv şəxsiyyətləri silib atmaq, onu hansısa yerə qoymağa meyilliyik. Bu düşüncədə sanki sadəlövh idiallıq gözləntisi içində olduğumuzu, şəxsiyyətləri yanlışı və doğrusu ilə bütöv və yetkin dəyərləndirə bilmək bacarığından mərhum olduğumuzu büruzə verməkdən əlavə, həm də bu yanaşmayla açıq kobud və bəzən mədəniyyətsiz, cılız təkəbbürdən boğulmuş olduğumuzu da açığa çıxarmaqla şəxsimiz haqqında ciddi narahat suallar doğururuq. Tənqid də ciddi və əsaslı olmaqdan çıxıb, başqa qeyri ciddi şeyə çevrilir və doğruluğu, həqiqiliyi şübhə doğurur. Bu yanaşma sanki bunu deyir :Yalnız mənim yer aldığım cəbhədə olan, yanlız mənim gözləntilərimə cavab verən yazıçı əsl və oxumağa dəyər yazıçıdır, belə deyilsə bir kınara atılmalıdır. Yanlız mən təsdiq etdiyim. Bu da səsləndiyi kimi biraz şizofrenik düşüncə havası daşıyır. Sağlam deyil.

Sabir bəy diqqətimi ilk öncə 93-cu ildə cənubdakı hadisələr vaxtı mərd çıxışı ilə çəkmişdi. Sonra onun Ziya Bünyadovun həyatından bəhs edən “Akademikin son əsəri” adlı romanının çapdan çıxdığını öyrəndim. Əsər barəsində yazmaqdan əvvəl onu deyim ki, mən də bir çoxları kimi tarixi romanları ədəbiyyatın bir qolu kimi sevirəm.

Ümumiyyətlə bu gün bizdə tarixə müraciət edən, arxivlərdə işləyən müəlliflərə böyük ehtiyac var. Çünki biz yaşadığımız hər şeyi bu günə gətirə bilmiş və onları öyrənmiş deyilik. Çünki biz ən yeni tarixi dövrü belə bütöv öyrənməmiş və tarixi bütövləşdirə bilməmişik. Biz hələ də öz tariximiz haqqında hər şeyi bilmirik. Çünki yaşadığımız şeylərin az qala tamamı saxtalaşdırılıb və bizdən gizlədilib və ya bizə özümüz vasitəsilə gəlib çatmayıb. Arxiv sənədlər, keçmiş bu gün üzə çıxarılması olduqca vacib məlumatlar deposudur və onlarla işləyən adamların yolunu gözləməkdədir. Keçmişdən bu günə daşınılmasını gözləyən mötəbər tarixlər bu yükü üstlənəcək adamların sayəsində yeni dəyərləndirmədə ortaq dəyərə çevrilir. Biz cəmiyyət olaraq hələ özümüzü bilgiləndirməliyik və bu olmadıqca özümüz haqqında hər şeyi bilmək və özümüzü tanımaq öhdəliyini yerinə yetirmiş sayılmarıq. Bunu dərk edən, bu yöndə əmək sərf edib ortaya iş qoyan adamların əhəmiyyəti bir başqadır. Başlanmış bu prosesi Azərbaycanın tamamilə yeni dövrü kimi də səciyyələndirmək olar. Həm də, yazarların mövzu böhranı içərisində ikən, tarixə müraciət edib, ondan yararlanmaq istəməmələri təəcüblüdür.

Bu mənada 70 yaşında Sabir bəyin bu gün arxivlərə getməsi, tarixi hissə-hissə toplaması, araşdırması, oturub yazması onun təkcə bir ədəbiyyatçı kimi işgüzarlığını, işinə sevgisini, yazıçı dissiplinini göstərmir, həm də bir ziyalı və yazıçı kimi, ölkəsinin tarixi qarşısında qələmi əlinə götürdüyü ilk gündən bu günə qədər özünü həsr etdiyi yolu nə dərəcədə dərk etdiyini göstərir. Xüsusilə bu gün belə müəlliflərin az olduğu bir vaxtda bu işin əhəmiyyəti çox böyükdür.

Sabir bəy, hər zaman sağlam siyasi təfəkkürü olan adam olub. Bunu təkcə bir qələm adamı kimi göstərdiyi fəaliyyətlə yox, həm də ağrılı siyasi dövrdə meydana atılıb proseslərdə şəxsən iştirakı ilə də sübüt edib. O hadisələr bizim nəslin doğulduğu illərdə baş verib. Bu gün bu mənada bu söhbətlərin əhəmiyyəti hamıya çatmaya bilər. Amma dövrün ölkə və xalq səviyəsində mənəvi tələbləri, vacib missiyasını o nəslin nümayəndələri – bu insanlar çiyinlərinə götürmüş qəhrəman adamlar idilər. Tarix əsasən orada iştirak edən insanlar və onların hekayələrindən ibarətdir. Bu gün o ağır günlər arxada qalıb və biz pis yaxşı bir yoldayıq və gələcəyə doğru gedirik. Sabir bəy də bu mənada öz təsdiqini hələ illər əvvəl alıb. Sabir bəy və onun kimi başqaları, elə son əsərin qəhrəmanı Ziya Bünyadov qələmlə milli mədəniyyətə, öndərliklə milli ideologiyaya və siyasi mübarizədə iştirakla milli hərəkata xidmət ediblər. Amma Sabir bəyin son dövrlərdə arxivlərdə apardığı işlərin nəticəsində yazdığı kitabların mövzusuna baxanda bir yazıçı kimi öz işinin bitdiyini düşünməkdən uzaq olduğunu görə bilərik. O hələ də öz ziyalı missiyasını yaxşı qiymətləndirə və dövrün tələbini tuta bilir. Son ardıcıl əsərlərinin mövzusu – Cavad xan, Difai, Məhəmməd Hadi və Ziya Bünyadov, Sabir bəyin əsl siyasi təfəkkürünün göstəricisidir və bir yazıçı kimi də əsl sağlam siyasi mövqe və vacib missiya da məhz budur. Bu ən başda gələn mövqedir, Sabir bəyin siyasi təfəkkürü və mövqeyini ən əvvəldən cəmiyyətin cəbhələrə bölünmədiyimi mövzular təşkil edib. Buna görə də, belə adamların cəbhələrə sürüklənməsi faydasız işdir və bu adamları biz öz yoluna görə – daha böyük mövzulara görə qiymətləndirməliyik.

Əsər haqqında növbəti statusda davam edəcəm.

Bu xəbərə səs ver
(0 səslər)

Reytinq