Burda göstərilən tarixə olan xəbərlər: Cümə Axşamı, 15 Mart 2018

İnsan orqanlarının alqı-satqı obyekti olmaması barədə Azərbaycan Respublikası qanunlarının tələblərinə zidd olaraq ölkə ərazisində orqan alveri ilə məşğul olan, Azərbaycan vətəndaşlarını asılı vəziyyətə salıb qanunsuz tələblər irəli sürən, insanları orqanlarının transplantasiyasına vadar edən transmilli şəbəkənin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət işi başlanılaraq araşdırmalar aparılır.

DTX-nin İctimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. Vahid Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüblər.

Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.

Nəşr olunub CƏMİYYƏT

Bu gün Bakıda Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokuna start verilir.

Trend-in məlumatına görə, kişi və qadın idman gimnastları turnirin ilk iki günü təsnifat mərhələləri, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallarda öz güclərini sınayaraq, medallar uğrunda mübarizə aparacaqlar.

Azərbaycanı idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Dariy Morozov və Teymur Bayramov, qadınlar arasında isə Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil edəcəcklər.

Qeyd edək ki, martın 15-dən 18-dək davam edəcək bu mötəbər yarışa Azərbaycan 3-cü ildir ki, ev sahibliyi edir.

Nəşr olunub İDMAN

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi cəmiyyətlər və mədəniyyətlər arasında körpülər yaradır.

Trend-in məlumatına görə, bu barədə VI Qlobal Bakı Forumu zamanı BMT-nin Baş katibi Antonio Quterreşin təşkilatın Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İsaqzai tərəfindən səsləndirilmiş məktubunda deyilir.

Baş katib bu işinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib:

“İnklüziv cəmiyyətin yaradılması çox vacibdir və dayanıqlı inkişaf məqsədlərində qeyd olunmuş əsas hədəflərdəndir”.

O vurğulayıb ki, bugünkü problemlərin həllinə elm və texnologiya kömək göstərə bilər.

Nəşr olunub MƏDƏNİYYƏT

Martın 15-də Azərbaycanın paytaxtında “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Forumda, həmçinin Albaniya Prezidenti İlir Meta, Makedoniya Prezidenti George İvanov, Moldova Prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin Baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, xarici işlər nazirinin müavini Əhməd Yıldız, Fələstinin Baş nazirinin müavini Ziad Abu Amr, Bosniya və Herseqovinanın hökumət başçısının müavini Mirko Sarovic, Rumıniya Baş nazirinin müavini Ana Birçall iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirildi.

Forumu Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açdı.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söylədi.

Sonra Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım çıxış etdi.

İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillo Prezident Sergio Mattarellanın, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri xanım Karol Krofts Baş nazir xanım Tereza Meyin, İsmail Serageldin Roma Papası Fransiskin, Rumıniya Baş nazirinin müavini xanım Ana Birçall Baş nazir xanım Vlorika Dansilanın, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai baş katib Antonio Quterreşin müraciətlərini oxudular.

Daha sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra-Vike Freyberqa çıxış etdi.

Tədbirdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ideya və dəyərlərinin təbliğində xüsusi fəallıqları ilə seçilən şəxslərə Mərkəzin Qəyyumlar Şurasının qərarı ilə Nizami Gəncəvi Beynəlxalq mükafatları təqdim olundu.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva təhsilin və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qızıl medalı ilə təltif edildi.

Birinci xanım Mehriban Əliyeva çıxış edərək bu yüksək mükafatla təltif olunmasına görə minnətdarlığını bildirdi.

Beynəlxalq sülhün və sabitliyin möhkəmlənməsindəki xidmətlərinə görə Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə İordaniya Kralı II Abdullahın təltif olunduğu elan edildi və mükafat Kral ailəsinin üzvü Rad Bin Al Huseynə təqdim olundu.

Humanitar və mədəni dəyərlərin təbliğindəki töhfələrinə görə ELPİDA təşkilatının prezidenti, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis Nizami Gəncəvi Beynəlxalq mükafatı ilə təltif olundu.

Açılış mərasiminə yekun vuran Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin tədbirdə iştirakına görə dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirdi.

Üç gün davam edəcək bu mötəbər tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar.

Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzuları müzakirə olunacaq.

Nəşr olunub CƏMİYYƏT

Qlobal Bakı Forumu qısa müddət ərzində qlobal gündəlikdə olan vacib məsələlərin həlli üçün çox mühüm platformaya çevrilib.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanın paytaxtında keçirilən “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bizim qonaqlarımız arasında 15-dən çox ölkədən 450-dən artıq nümayəndə var. Onların sırasında 47 fəaliyyətdə olan və keçmiş dövlət və hökumət başçısı, aparıcı siyasətçilər, dövlət xadimləri, ziyalılar və vətəndaş cəmiyyətinin üzvləri var. Əminəm ki, Forumun gedişində beynəlxalq münasibətlərin gündəliyində duran məsələləri geniş şəkildə müzakirə edəcəyik. Həmçinin əminəm ki, dünyada təhlükəsizliyin, sabitliyin və gözləntilərin təmin edilməsi və əməkdaşlıq üçün mühüm tövsiyələr irəli sürüləcək".

İlham Əliyev bildirib ki, artıq Azərbaycanda bir çox beynəlxalq tədbirlər keçirilib:

“Onların arasında ənənəvi Bakı Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dini Liderlərin Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu var”.

Prezident həmçinin xatırladıb ki, Azərbaycanda 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları keçirilib:

“Bütün bu tədbirlər əməkdaşlığa xidmət edir, körpülər yaradır, müxtəlif ölkələrin nümayəndələri, müxtəlif dinlər və baxışlar arasında daha çox qarşılıqlı anlaşma yaradır”.

Dövlət başçısı əlavə edib ki, bu il BMT tərəfindən tam dəstəklənən və Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələri arasında unikal əməkdaşlıq platforması olan "Bakı Prosesi"nin 10-cu ildönümü qeyd olunur:

“Azərbaycan hər iki beynəlxalq təşkilatın üzvü kimi 2008-ci ildə Bakıda bu qurumların üzv ölkələrinin mədəniyyət nazirlərinin görüşünü təşkil etmişdi. Hazırda "Bakı Prosesi" beynəlxalq təşkilatlar, eləcə də xalqlar arasında daha yaxşı anlaşmanın təmin olunmasına yönəlmiş geniş fəaliyyət dairəsini əhatə edir”.

Prezident İlham Əliyev qeyd edib ki, bütün dinlərin və etnik qrupların nümayəndələri Azərbaycanda bir ailə kimi dinc və ləyaqətlə yaşayır: “Fikrimcə, bu, müasir dünyada çox qiymətli keyfiyyətdir. Biz həm də öz təcrübəmizi bölüşmək istəyirik və mən hesab edirəm ki, müasir Azərbaycanın bugünkü inkişafı onu göstərir ki, bu, yeganə düzgün siyasətdir”.

Azərbaycan Prezidenti deyib ki, inklüziv cəmiyyət hazırda qlobal gündəlikdə dayanan məsələlərdən biridir: “Əlbəttə, bizim bütün səylərimiz bütün dünyada, xüsusilə də regionumuzda ehtiyac olan təhlükəsizliyin təmin olunmasına yönəlib”.

İlham Əliyev bildirib: “Təəssüf ki, Azərbaycan qonşu Ermənistan tərəfindən təcavüzə və işğala məruz qalıb, bu ölkə Azərbaycan ərazilərinin təqribən 20 faizini işğal edib. Ermənistan beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib və bunun nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib".

Dövlət başçısı xatırladıb ki, Ermənistan hərbi cinayət – Xocalı soyqırımını törədib: “Bu soyqırım 10-dan çox ölkə tərəfindən tanınıb. Xocalıda qətliam nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 1000-dən çox şəxs itkin düşüb. Bu cinayət insanlıq əleyhinə yönəlib və Azərbaycana qarşı təcavüz siyasətinin bir hissəsi olub”.

Nəşr olunub CƏMİYYƏT

Reytinq