Cümə , 7 Avqust 2020
Home » Dünya » Əfqan Salmanov: Heydər Əliyev Azərbaycan Ukrayna dostluğunun memarıdır.

Əfqan Salmanov: Heydər Əliyev Azərbaycan Ukrayna dostluğunun memarıdır.


Ölkələrimiz müstəqillik əldə etdikdən sonrada Heydər Əliyev Azərbaycanla Ukrayna Arasındakı tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında üzərinə düşən tarixi missiyanı böyük ustalıqla yerinə yetirib. Məhz bu gün Azərbaycanla Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması Heydər Əliyevin adı ilə bağlıdır. O zaman həyata keçirilən müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı və yüksək səviyyədə iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub. Azərbaycan və Ukrayna GUAM regional təşkilatı çərçivəsində sıx əməkdaşlıq edir. 1997-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə əsaslı təkan verib. Səfər çərçivəsində ulu öndər Heydər Əliyevlə Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçma arasında keçirilən tarixi görüş ölkələrimiz arasındakı iqtisadi, siyasi əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoymasında mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı Azərbaycanla Ukrayna arasında neft-qaz sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanması gənc və müstəqil dövlətlərimizin gələcək strateji əməkdaşlığının hüquqi bazasına çevrilib. Səfər çərçivəsində Heydər Əliyevə Ukraynanın ali mükafatı-“Yaroslav Mudrı” ordenin və Kiyev şəhərinin fəxri vətəndaşı adının verilməsi bir mənalı olaraq dahilik və müdrikliyə verilən qiymətin bariz nümunəsi kimi qiymətləndirilir. Ötən dövr ərzində inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilən Azərbaycan Respublikası beynəlxalq aləmdəki mövqelərini daha da gücləndirmək, milli dövlətçilik maraqlarını təmin etmək və dünyadakı etibarlı tərəfdaşları ilə əlaqələrini genişləndirmək istiqamətində çox böyük nailiyyətlər əldə edib. Bu mənada, inamla demək olar ki, Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan inkişaf edərək möhkəmlənib.


Ölkələrimiz beynəlxalq forum və sammitlərdə eyni mövqedən çıxış edərək, qarşılıqlı maraq doğuran məsələlərdə birgə əməkdaşlığı inkişaf etdirirlər. Hər iki ölkə müstəqilliklərini əldə etdikləri gündən indiyədək beynəlxalq aləmdə mühüm tərəfdaşlar kimi tanınırlar. Fərəhləndirici haldır ki, Azərbaycanla Ukrayna arasındakı mehriban dostluq münasibətləri səmimiyyət üzərində qurulub.
Çətin məqamlarda hər iki ölkə bir-birinə dayaq olmq prinsipini bu gündə böyük əzmlə qoruyub saxlayır. Ukraynanın keçmiş prezidenti Leonid Kuçma dəfələrlə minnətdarlıq hissi ilə qeyd edib ki, bu ənənələrinin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qoyub: “Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyini verib, 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə yaxın dost və məsləkdaşımız kimi bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib. Biz münasibətlərimizin müxtəlif dövrlərini, ölkələrimizin yaşadığı çətin anlarını heç zaman unutmuruq. Dostlar həmişə çətin anlarda tanınır. Bu baxımdan Ukraynanın çətin və mürəkkəb vəziyyətlə üzləşdiyi bir zamanda Heydər Əliyev Ukraynaya təmənnasız yardım göstərməklə xalqımıza arxa dayaq olub. Azərbaycanın müharibə şəraitində olmağına baxmayaraq Ukraynanı məhsul yığımını həyata keçirmək üçün yanacaqla təmin etdi. Bu o zaman Ukraynanın energetikasını və kənd təsərrüfatını xilas etmək demək idi. Bu yaxşılıq əlbəttə ki, Ukrayna xalqı tərəfindən heç zaman unudulmayacaq.”
Vaxtıilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi, ticarət, mədəniyyət, elm, təhsil və humanitar sahələrdə normativ- hüquqi bazanın yaradılmasını və əlaqələrin tənzimlənməsini möhkəm əsaslar üzərində qurub. Bu məqsədlə, təkcə 1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək müqavilə, saziş və protokollar imzalanmışdır.
Hər iki ölkənin beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstəyə əsaslanan fəaliyyəti də kifayət qədər yüksək səviyyədə davam edir. Ukrayna Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Azərbaycan da öz növbəsində Ukraynanın qarşılaşdığı indiki ağır dönəmində özmənəvi yardımını əsirgəmir beynəlxalq arenada dost ölkənin ərazi bütövlüyünə dəstək verir.
Fərəhləndirici haldır ki, bu gün Azərbaycan Ukrayna əlaqələri bütün sahələrdə inkişaf edir. İki ölkə arasında siyasi baxımdan daha fəal dialoq aparılır. Dövlət başçılarının, habelə digər rəsmi nümayəndələrin qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər, həmçinin digər lahiyələrin reallaşması ölkələrimiz arasında qarşılıqlı siyasi fəaliyyətin yüksək səviyyədə olmasından xəbər verir. Təbii ki, iki tərəfli qarşılıqlı əlaqələrin durmadan inkişaf etməsinin kökündə müdrik düşüncəsi, onun memarı və müəllifi dahi Heydər Əliyevdir.

Əfqan Salmanov Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu

Check Also

Erməni dərsliklərində “türk izi” – İrəvanda çaxnaşma düşdü

Ermənistanda tarix dərsliklərində “türk izi”nin olması ilə bağlı qalmaqal yaranıb. Boyukmillet.com xəbər verir ki, Ermənistan …