Cümə , 13 Dekabr 2019
Home » Dünya » Əli Həsənovun Qarabağ İcmasının rəhbərliyinə gətirilməsi ölkədə ciddi ziddiyyətlər doğurdu…

Əli Həsənovun Qarabağ İcmasının rəhbərliyinə gətirilməsi ölkədə ciddi ziddiyyətlər doğurdu…

Baş nazirin sabiq müavini Əli Həsənov Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinə üzv qəbul edilib. Bu barədə məlumatı icmanın İdarə Heyətinin üzvü, deputat Elman Məmmədov təsdiqləyib.

O qeyd edib ki, Ə.Həsənovun İdarə Heyətinə üzv qəbul edilməsi ayın əvvəlində keçirilən iclasda təsdiq edilib: “Ayın əvvəlində İdarə Heyətinin iclası çağırıldı. Həmin iclasda Ə.Həsənov özü də iştirak edirdi və onun üzv qəbul edilməsi təsdiqləndi”.

İcmadan verilən digər məlumatda isə Ə.Həsənovun İdarə Heyətinə üzvlüyü məsələsinin dekabr ayının sonunda təsdiqlənəcəyi bildirilib: “Hələlik bu, rəsmi məlumat deyil. Dağlıq Qarabağın Azərbaycanlı İcmasının dekabrın sonunda üçüncü qurultayı keçiriləcək. Sözügedən məsələyə həmin qurultayda baxılacaq”.

Məlum olduğu kimi, Ə.Həsənov bir müddət əvvəl yaşının çox olması ilə əlaqədar istefaya göndərilib. Ə.Həsənovun Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinə üzv qəbul edilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bununla bağlı kütləvi narazılıq bildirilir. Əsasən də bu sual ünvanlanır: buna ehtiyac vardımı? İnsanlar narazılıqlarını Əli Həsənovun heç də yaxşı olmayan mübahisəli reputasiyası ilə əlaqələndirirlər. Bildirilir ki, o, vəzifədə olduğu zaman adı müxtəlif maliyyə qalmaqallarında hallanıb. Həmçinin, onun yaxın ətrafının keçirdiyi dəbdəbəli həyat tərzi fonunda, cinayətlərə yol vermələri medianın uzun müddət müzakirə etdiyi mövzular sırasında olub. Hazırda Ə.Həsənovun İdarə Heyətinə üzv seçildiyi qurum dinamik fəaliyyət tələb edir. Yəni ora təqaüddə olan şəxslərin baş girələməsi üçün nəzərdə tutulmur. Belə olan halda, Ə.Həsənovun icmaya üzv seçilməsi lazım idimi?

  • Akif Nağı: “Onun ora niyə seçilməsi ilə bağlı konkret bir fikir demək çox çətindir”

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələdə heç bir qəbahət görmür: “Onun imkanları varsa, qoy istifadə edib, ümumi işimizin xeyrinə çalışsın. Onun ora niyə seçilməsi ilə bağlı konkret bir fikir demək çox çətindir. İcmanın  indiki heyəti kifayət qədər yaxşı təşkil edilib. Hiss olunur ki, Tural Gəncəliyev aktiv çalışır. Ə.Həsənovun da bu işlərdə təcrübəsi var. Görünür, onun təcrübəsindən istifadə etmək istəyirlər. Hər halda, gözləyək. Yəqin ki, onun hansısa müsbət keyfiyyətlərindən istifadə etməyin mümkün olduğunu fikirləşiblər. Biz də arzulayaq ki, xeyirli olsun”.

  • Samir Adıgözəlli: “Əli Həsənovun təcrübəsindən yararlanmağı düşünürlərsə…”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli isə “Bakı-Xəbər”ə açıqlamasında buna ehtiyacın olmadığını bildirdi: “Belə çıxır ki, icma pensiyaçılar üçün nəzərdə tutulub? Bunlar öz ərizələri ilə vəzifələrindən çıxıblar ki, yerlərinə gənclər gəlsinlər. Bəyəm bütün dünyanın diqqət mərkəzində olan Azərbaycan İcmasında gəncləşməyə ehtiyac yoxdur? Əslində, daha dinamik adamlar həmin icmada təmsil olunmalıdırlar. Ə.Həsənovun təcrübəsindən yararlanmağı düşünürlərsə, həmin təcrübəyə icmanın elə bir ehtiyacı yoxdur. Həmin şəxsin cəmiyyətdə reputasiyası da olmalıdır. Hazırda həssas məqamdır. Dağlıq Qarabağla bağlı danışıqlarda bizim icma çox fəal olmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

125 dairənin az qala hamısından namizədlər irəli çıxaran müxalifət partiyaları – yetərli kadr potensialı ortaya qoya biləcəklərmi…

Məlum olduğu kimi, bir çox müxalif partiya seçkilərdə iştirakını bəyan edib. Ancaq onların böyük əksəriyyətinin …