Cümə axşamı , 21 Noyabr 2019
Home » Siyasət » Əli Kərimlinin tərəfdarları ultimatum yaydılar: Azərbaycana Suriya perspektivi vəd olunur

Əli Kərimlinin tərəfdarları ultimatum yaydılar: Azərbaycana Suriya perspektivi vəd olunur

Müxalifət düşərgəsində yeni, verilmiş əmr əsasında qarşıdurma yaşanır. Bu dəfə AXCP ilə Müsavat arasındakı uçurumun daha da böyüməsi üçün əllərindən gələni edənlər həmin partiyaların sədrləri yox, xarici ölkələrdə səngərlənmiş şəbəkə müxalifətinin mənsublarıdır.

Dünən Bakının mərkəzində, “28 May” metrostansiyasının qarşısında icazəsiz aksiya keçirməyə çalışan AXCP və “Milli Şura”nın bəyan etdiklərinin tam əksinə olaraq, müxalifət düşərgəsindən heç bir partiya onları dəstəkləməyib.

Aksiyada Müsavat, Klassik Xalq Cəbhəsi, Demokrat, Ümid və s. partiyaların liderləri, habelə partiya olduğunu iddia edən “Respublikaçı Alternativ” (REAL) hərəkatının sədri İlqar Məmmədov də yoxdular.

Yaşananlar şəbəkə müxalifətini çox qıcıqlandırıb və ACXP sədri Əli Kərimlinin aşkar tərəfdarlarından biri, amma bunu ciddi-cəhdlə inkar edərək “müstəqil” olduğunu vurğulayan Fikrət Hüseynli Facebook-da adlarını çəkdiyim partiya sədrlərinə “çağırış” edib.

“İsa Qəmbəər, Arif Hacılı, İlqar Məmmədova və digər siyasilər, haradasınız?” yazan F.Hüseynliyə Arfi Hacılı dərhal cavab verib.

“Mən Bakıdayam, bəz siz haradasınız? – Arif Hacılının cavabı çox ironik idi.

O, F.Hüseynlinin Hollandiyada sığınacaq aldığına, oradan Bakıdakı olaylara “yanaraq şərh etməsi”nə işarə vururdu.

Müsavat başqanı həm də messici Əli Kərimliyə, yəni F.Hüseynli də daxil olmaqla, bəlli qrupu şəbəkələnmiş halda təşkil edən “müstəqil jurnalist və bloqer”lərin hamisi ilə rəhbərinin yeni intriqa başlamaq niyyətini ortaya qoyurdu.

Müsavatçılar az sonra həmin statusu aktiv şərh etməyə və F.Hüseynliyə sərt cavablar verməyə başladılar.

Onların yazdıqlarından bir sıra mətləblər agah olsa da, müsavatçılar əslində çoxdan bəlli olan Polişinel həqiqətlərini təkrarladılar.

“Milli Şura”nın guya təşkilatçı olduğu, əslində isə AXCP sədri və bloqer Əli Kərimlinin xaricdəki ssenari müəlliflərindən aldığı təlimat əsasında davranaraq həftələrdən bəri çağırışlar etdiyi qanunsuz aksiyanın iştirakçıları arasında müsavatçılar da vardı.

Lakin Müsavat müxalifətdəki bütün digər partiyalar kimi, 19 oktyabrda Bakının mərkəzində reallaşdırılması nəzərdə tutulan qarşıdurma və iğtişaş şousuna qatılmaqdan qətiyyətlə imtina etmişdi.

Səbəb bəlli idi: Əli Kərimlinin təkəbbürü, mənəm-mənəmlik mərəzi, müxalifətin vahid lideri kimi tanınmaq tələbi, bu düşərgədəki bütün başqa siyasətçiləri özündən aşağıda görməsi və s.

Hadisələrin cərəyan məcrası da maraqlıdır.

AXCP sədri Əli Kərimli oktyabrın 19-da mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətindən icazə istəyib. Ona Lökbatandakı “Neftçi” stadionunda yer ayırıblar.

Ə.Kərimli imtina edib və şəhərin mərkəzi məkanlarından birində qanunsuz, icazəsiz aksiya keçirmək niyyətinə düşüb.

Mərkəz ona görə seçilmişdi ki, aksiyaya yığışanların sayı ətrafdakı insanların hesabına dəfələrlə çox görünsün və ən başlıcası, qarşıdurma, iğtişaş üçün münasib şərait olsun.

Elə həmin məqamda Müsavatın başqanı Arif Hacılı Ə.Kərimli ilə əlaqə saxlayaraq aksiyanın birgə keçirilməsini təklif etmişdi.

Ə.Kərimli özünə sadiq qalaraq, təklifi bəyənməmişdi, çünki onun şablon təfəkkürünə görə, polislə toqquşmalardan və iğtişaşlardan əldə ediləcək “siyasi dividend”lər məhz ona çatmalıydı.

Bunu müsavatçılar indi etiraf edirlər.

Məsələn, İlqar Mahmud kimi.

İ.Mahmudun sözlərinə görə, F.Hüseynli sifariş yerinə yetirir və məqsədi də Musavatı gözdən salmaqdır.

Halbuki, Müsavatın gözdə olması ilə bağlı təsəvvürlər yalnız ya ifrat nikbin adamları, ya da Azərbaycanın daxili siyasətinə əsla bələd olmayanları aldada bilər.

Gerçək, özü də Musavat üçün həddən ziyadə acı gerçək odur ki, illərdən bəri marginallaşma və geriləmə, radikallaşma və aqressivləşmə yolu tutmuş bu partiya nüfuzu ilə çəkisini çoxdan itirib.

Müsavat indi ən yaxşı halda AXCP sədri Əli Kərimlinin tonton-makutlarının ifrat radikal, çılğınlıq səviyyəsindəki aqressivliyinin kölgəsində qalmağa, bu yanlış davranışı təkrar etməyə məcbur insanların toplusuna çevrilməkdədir.

Halbuki Müsavat konstruktiv, normal və məntiqli siyasət yolunu tutaraq hakimiyyətlə açıq dialoqa getməli, ölkənin müxalifət düşərgəsinin çox təhlükəli elementlərdən qurtulması, şəbəkə və söyüş müxalifətinin tədricən adekvat siyasəti əvəzləməməsinin qarşısı alınması üçün real addımlar ata bilərdi.

Atmadı, istəmədi.

Və indi F.Hüseynli təki Ə.Kərimli “aşiq”lərinin lağlağı, ironiya obyektinə çevrildi.

Fikrət Hüseynli isə xəyallarındakı aləmlə gerçəyi o qədər səhv salıb ki, artıq Azərbaycana ultimmatumlar yollayır.

“Təcili parlament buraxılıb yeni seçkilər keçirilməli, müxalifətə parlamentdə yer verilməli, Milli Məclisin səlahiyyətləri artırılmalı, həqiqi islahatlar olmalı, siyasi azadlıqlar təmin edilməli, şəffaflıq mühiti yaradılmalı, ya da Azərbaycanda qanlı qarşıdurmalar qaçılmaz olacaq. Ölkəni Suriyanın gününə salmamaq şansı hələ ki, var. Tələsin. Sonra gec olacaq!”, – anarxiyaya, vətəndaş qarşıdurmasına və elə vətəndaş savaşına çağırış olan bu cümlələlərin müəllifi də elə həmin Fikrət Hüseynlidir.

Şəbəkələşmiş söyüş müxalifətinin aldığı pullar deyəsən, bir para adamlardakı tamah hissi ilə iştah duyğusunu o qədər artırıb ki, onlar Azərbaycana meydan oxuyur, Bakını hədələyir, absurd və marazmatik şərtlər irəli sürürlər.

Anlaşılandı, axı bu fəaliyyətə pul ayıranlar icraçılardan daha aktiv, daha aqressiv, daha dözülməz və ən başlıcası, daha pis olmağı tələb edirlər.

Oyunçuların sonradan xərclənəcəyi oyunun qaydaları belədir.

Fiqurant rolunu oynamağa razılaşmış marioentlərə isə, sadəcə acımaq olar.

Çünki heç bir yel – illah da ki, uzaqdan və süni əsdirilən – qayadan heç zaman heç nə apara bilməz.

Vətəndaş savaş və qan istəyini istehsal etsə də.

Check Also

İslahatların daha bir üstünlüyü – yeni dünya böhranına qarşı Azərbaycanın müqaviməti artır…

Son dövrlərdə dünya iqtisadiyyatında baş verən proseslər yeni böşranın baş verə biləcəyinə dair çoxsaylı xəbərdarlıqlar …