Şənbə , 25 Sentyabr 2021
Home » Siyasət » Əliyevin ermənilərə “şərəfli gündəm” təyinatı, rus və fransız dostlarından görmədikləri , evlərində Ağrıdağın fotosuna həsrətli baxışları… Aydın QULİYEV yazdı…

Əliyevin ermənilərə “şərəfli gündəm” təyinatı, rus və fransız dostlarından görmədikləri , evlərində Ağrıdağın fotosuna həsrətli baxışları… Aydın QULİYEV yazdı…

Prezidentin Az.TV-yə ən yeni müsahibəsində diqqət çəkici məqamların sırasında daha biri üzərində ayrıca dayanmağa ehtiyac var – Biz Ermənistan dövlətinin gündəmini tam olmasa da, müəyyən edən ölkəyik.

Fikrin maraq doğuran mahiyyəti odur ki, müasir beynəlxalq münasibətlərdə başqa dövlətlərin gündəmini təyin etmək, ya dəyişdirmək, ya ona əlavə etmək heç də bütün ölkələrə nəsib olmayan status və ya güc göstəricisidir. İndi çox az sayda ölkələr göstərmək olar ki, başqasına gündəm müəyyən etsin. Həm də digər ölkələr üçün siyasi-diplomatik gündəmin müəyyən olunması tarixdə indiyə qədər ənənəvi olaraq məlum şərtlər daxilində mümkün olurdu. Məsələn, görmüşük ki, hansısa dövlət ancaq özündən asılı dövlətə gündəm diktə edib. Rusiyanın Ermənistana 2018-ci ilə qədər tam, indi isə əsasən gündəm diktə etməsi kimi… Yaxud, müasir Fransanın Ermənistana ünvanlı şəkildə gündəm tövsiyə etməsi kimi… Görmüşük ki, federativ və ya konfederativ əsaslarda ümumi bir dövlətin içində olan güclü dövlət zəifə gündəm oxuyur. Buna aid də nümunələr göstərmək mümkündür. Lakin konkret şəraitdə Azərbaycanın Ermənistana qismən gündəm müəyyənləşdirməsi həqiqətən beynəlxalq münasibətlərdə görünməmiş unikal təzahürdür. O mənada ki, haqqında az əvvəl danışdığımız ənənəvi şərtlər Azərbaycan-Ermənistan münasibətləri müstəvisində mövcud deyil. Nə aralarında birbaşa vertikal asılılıq – tabeçilik var, nə də federativ- konfederativ münasibətlərdə deyillər. Təkcə bu səbəb kifayət edir ki, bu gün Azərbaycanın Ermənistan üçün qismən gündəm oxumasını müasir beynəlxalq münasibətlərdə hələlik bənzəri olmayan təzahür kimi qiymətləndirək.

O da maraqlıdır ki, Azərbaycanın Ermənistan üçün qismən gündəm müəyyənləşdirməsi hardasa Rusiyanın və Fransanın ona gündəm təyin etməsindən prinsipial şəkildə fərqlənir. Bu dövlətlərin siyasətinin məhz deyilən istiqamətinə ayrılıqda baxaq. Rusiya Ermənistan üçün gündəm müəyyən edəndə onu özünün regional və qlobal siyasətində alətə və ya vasitəyə çevirmək məqsədi güdür. Axı onun satellitidir. Fransanın da Ermənistan üçün gündəm müəyyənləşdirmək cəhdlərində öz motivləri var. Fransa bununla regionumuza ayaq basmaq, burada qalmaq, ənənəvi düşmən saydığı Türkiyənin qarşısına əks-balans yükü çıxarmaq və öz içindəki erməni diasporunu məmnun etmək istəyir… Yenə də hər iki halda mahiyyət eynidir – Ermənistanı özgə dövlətin maraqlarının icraçısı etmək.

Təhlillər və müqayisələr çox inandırıcı formada sübut edir ki, Azərbaycan Prezidenti Ermənistanın gündəmi məsələsi barədə tam fərqli motivlərə söykənərək danışdı. Prezident İlham Əliyev tam aydın bir mətnlə müasir Ermənistanın ən ümdə gündəliyinin sülh müqaviləsi imzalamaqdan ibarət olduğunu söylədi, bütün dünyanın eşidə bildiyi tərzdə bəyan etdi. Əliyevin bəyan etdiyi gündəmin Ermənistan üçün nisbətən ən sərfəli, ən perspektivli, ən xilasedici, ən konstruktiv və ən mümkün variant olduğunu ağlı başında olan istənilən kəs təsdiqləyə bilər. Sülh müqaviləsi əslində indi Azərbaycan dövlətinin özü üçün o qədər də önəmli, qaçılmaz, xilasedici gündəm mövzusu deyil. Sadə bir səbəbə görə – Azərbaycanın nicatı, gələcəyi Ermənistanla sülh müqaviləsindən asılı deyil, müqavilə olmasa da biz yaşayacaq və inkişaf edəcəyik. Ermənistan yola gəlməsə Azərbaycan hətta yeni müharibəyə də getmək gücündədir. Bu mənada Prezident əla və təsirli bir jestlə Ermənistana hər dəfə “müharibə istəyirsiz, buyurun, gəlin” deyə mesaj verir. Hamı başa düşür ki, bu gün Ermənistanın sülhdən asılı olduğunun heç yüzdə biri qədər Azərbaycan asılı deyil. Azərbaycanın perspektivini müqavilədən qat-qat artıq müəyyən edən başqa faktorlar var ki, onlar tam şəkildə Prezidentimizin ixtiyarındadır.

Rusiya və Fransadan fərqli olaraq İlham Əliyevin Ermənistana gündəm müəyyənləşdirməsinin motivi çox sadə, aydın və mütərəqqidir. Çünki Azərbaycan lideri erməniləri sülh müqaviləsinə çağırarkən heç də onları vassala və ya alətə çevirmək istəmir, əksinə, onları hər cür alçaldıcı asılılıq və vassallıqdan qurtara bilən bir inkişaf yoluna çəkmək istəyir. Nə qədər ki, sülh sazişi imzalamayıblar, daim müharibə təhdidi altındadırlar, aclıq, iqtisadi tənəzzül, blokada təhlükəsindədirlər, bu gün sadə ermənilərin İrəvanda rus turistlərinə ən məşhur atmacalarında dedikləri kimi “evlərində asılmış Ağrıdağın şəkillərinə baxa-baxa qalmaq” kimi ümidsiz bir durumda olacaqlar.

Ermənilər bu gün Azərbaycan Prezidentinə düşmən kimi baxsalar da, İlham Əliyev əslində onlara strateji dost saydıqları Rusiya və Fransadan çox-çox şərəfli bir dövlətçilik perspektivi göstərən gündəm təyin edir… Ancaq bu həqiqəti qansalar…

Aydın QULİYEV

Check Also

Naxçıvanda müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün vəsait ayrıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu …