Cümə axşamı , 21 Noyabr 2019
Home » Dünya » “Ən abırlısı istefa verməkdir” – Tənzilə Rüstəmxanlıdan Primakovçu rektora SƏRT SÖZLƏR

“Ən abırlısı istefa verməkdir” – Tənzilə Rüstəmxanlıdan Primakovçu rektora SƏRT SÖZLƏR

Azərbaycan-Türkiyə Evinin (ATEV) rəhbəri Tənzilə Rüstəmxanlı Milli Məclisin deputatı Araz Əlizadənin Bakını rus-erməni işğalından azad etmiş Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında səsləndirdiyi fikirlərə, o cümlədən, Bakıda 1990-cı il 20 Yanvar qırğınının əsas təşkilatçılarından biri olan Yevgeni Primakovun sərgisini təşkil edən Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyevanın bu addımına kəskin münasibət bildirib.

ATEV-in rəhbəri Tənzilə Rüstəmxanlının həmin yazısını təqdim edir:

“Türk düşmənləri yenə meydan sulamaqdadırlar. Bəziləri yenə “düymə”yə basdı və trollar yenə iş başına keçdi. İllərdir, bunlara bu yurdun əsl sahiblərinin türklər olduğunu anlada bilmədik. Bunlar heç kimdirlər. Amma təhlükəlidirlər, çünki bu düşmənliyi aparan şəxs və ya şəxslər Azərbaycan dövlətinin parlamentində millət vəkili kürsüsünə təyin edilmiş Araz Əlizadə kimilərə, Azərbaycanı 1918-ci ildə rus-erməni hərbi qüvvələrinin qətliamından xilas etmiş şanlı Türk Ordusuna iftira ataraq, bizim üçün şəhid olmuş o mübarək insanların ruhunu təhqir etdirirlər.

Bu ölkədə onun kim olduğunu və kimlərin sifarişini yerinə yetirdiyini bilməyən yoxdur. Amma bizi narahat edən o adamı millət vəkili edən və onun cəfəng iddialar səsləndirməsinə şərait yaradanlardır. Ulu öndər Heydər Əliyev “Bir millət, iki dövlət” deyirdi, Azərbaycan prezidenti “Bir millətin iki diasporu olmaz” deyir, böyük Atatürk “Azərbaycanın kədəri kədərimiz, sevinci isə sevincimizdir” söyləyirdi. O zaman adamdan soruşarlar ki, “Bu pəhriz nədir, turşu nədir?”

Bəy əfəndilər, bu milləti daha nə qədər təhqir etdirəcəksiniz? Elçibəy vaxtilə deyirdi ki, “Türk deyiləm” söyləyənə qarşı təkid etməyin. Allahın bəxş etdiyi şərəfi istəməyən şərəfsizə zorla şərəf verməli deyilik”. Biz Azərbaycanda yaşayan hər millətə hörmətlə yanaşırıq, ölkədə hər millətin nümayəndələri rahat yaşaya bilər və yaşayırlar da. Qafqazda bu məsələdə Azərbaycan qədər ikinci tolerant ölkə yoxdur. Rusiyada, Ermənistanda, Gürcüstanda və İranda milli azlıqlara necə münasibət göstərildiyini hamımız bilirik.

Lakin bu dövlətin ərazisində yaşayaraq onun torpaqlarını, Qarabağı işğal etmiş Ermənistana dəstək verən Rusiyanın qulbeçəliyini edərək, Azərbaycan və Türkiyə arasında fitnə-fəsad törədə bilməzsən. Sənə səs vermiş (əgər belələri varsa) seçiciləri təhqir edə və böyük Türkün şöhrətinə dil uzada bilməzsən. Zatən bir günahın da yoxdur – sənin və sənin kimilərinin kimliyi hamıya məlumdur, günah səni millət vəkili “edən” zehniyyətdədir.

Bir bax, gör, öz daxilimizdə nə qədər xain bəsləmişik… Azərbaycana 20 Yanvar qətliamı kimi faciə yaşadan Primakov üçün dövlət universitetində sərgi açılmasına şərait yaradan YAP Qadınlar Şurasının sədrinə də ar olsun. Gənc nəsil yaxın keçmişdə baş verənlərdən məlumatsız ola bilər, ancaq sənin yaşında və o günlərin şahidi olan biri kimi deyirəm çox ayıb iş görmüsən, hörmətli sədr.

Ən abırlısı, cənab Prezidentin çağırışına hay verib, üzüsulu istefa verməkdir. Ancaq bu ləkəni heç bir istefa da təmizləməz. Qısacası, istədiyiniz qədər damarımıza basın, Türkün səbri də, əzmi də, kölgəsi də böyükdür və Türk “bitdi” demədən, heç nə bitməz!..”

Check Also

Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?

21 Noyabr 1992-ci il Azərbaycanda YAP-ın və sivil müxalifətçilik ənənəsinin yaranma tarixi Dəyərli oxucular! Bir …