Bazar ertəsi , 26 Avqust 2019
Home » Gündəm » Əziz Əzizovun zülmətə qərq etdiyi “Yeni Yasamal” sakinləri imdad diləyir-FOTO

Əziz Əzizovun zülmətə qərq etdiyi “Yeni Yasamal” sakinləri imdad diləyir-FOTO

Bakının nəinki ətraf qəsəbələrinin, hətta mərkəzi küçələrinin belə, gecə işıqlandırılması ilə bağlı ciddi problemlər yaşanır. Təsadüfi deyil ki, məhz bu nöqsanın aradan qaldırılmasının zəruriliyinə  son müşavirədə cənab Prezident də toxunub.

“Bakı-Xəbər”lə əlaqə saxlayan Yeni Yasamal massivində yaşayan bir qrup sakin gecələr zülmət qaranlığa qərq olduqlarını yazır. Onlar bildirirlər ki, “Günəş petrol” deyilən yola, Bakı dairəvi yolunu birləşdirən Əsəd Əhmədov küçəsində bir dənə olsun gecə işıqlandırma vasitəsi yoxdur. Sakinlər qeyd edirlər ki, bu amil həmin ərazilərdə cinayət hadisələrinin, piyada ölümü, yol-nəqliyyat hadisələrinin, xüsusilə də soyğunçuluq hallarının yaşanmasına rəvac verir. Dünyanın inkişaf etmiş şəhərlərində, xüsusən şəhər mərkəzindən kənar qəsəbələrin işıqlandırılması, həmin ərazilərdə elektrik dirəkləri və digər işıqlandırma vasitələrinin bərabər paylanması kimi amillərə xüsusi diqqət yetirilir. Ancaq şəhərin mərkəzi hissəsi sayılan Yeni Yasamal ərazisində belə acınacaqlı halın yaşanması bizi doğrudan da təəccübləndirdi. Sakinlərin, o cümlədən, sürücülərin ən çox şikayət etdiyi hallardan biri də həmin küçədə, ümumiyətlə, işıqlandırma sisteminin olmamasıdır.

Məlumdur ki, cənab Prezident  “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Proqrama yol hərəkəti təhlükəsizliyinin təmin edilməsilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutan müddəalar daxildir. Onların arasında ən vacib müddəalardan biri işıqlandırma ilə bağlıdır. Proqramda avtomobil yollarında müasir standartlara cavab verən süni işıqlandırma sistemlərinin, işıqqaytarıcı yol nişanları və vasitələrinin quraşdırılması, həmçinin, regionlarda yolların işıqlandırılması məsələləri öz həllini tapmalıdır.

Sakinlər şikayətlərində olduqca maraqlı təkliflə də çıxış ediblər: “Təklif edirik ki, Yeni Yasamal yaşayış massivi üzrə monitorinqlər keçirilsin. Həm ekspertlər, həm də aidiyyəti strukturların iştirakı ilə işçi qrup yaradıla bilər. İşçi qrup monitorinqlər apararaq müəyyən edə bilər ki, hansı ərazilərdə işıqlandırma zəifdir. Həmin ərazilərdə təcili və təxirəsalınmaz işlər həyata keçirilə bilər”.

Bildiyiniz kimi, Yeni Yasamalda Əsəd Əhmədov küçəsi strateji yol kimi qymətləndirilir. Əhalinin əksərriyyətinin bu yoldan istifadə etməsi hamıya məlumdur. Bu yoldan “Binə”, “Sədərək” ticarət mərkəzlərinə və rayonlara getmək üçün intensiv istifadə edilir. Hətta irihəcmli yük avtomobilləri də buradan istifadə edir. Həmin ərazidə piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi tez-tez baş verir.

Sakinlər bildirirlər ki, burada səbəbkarı axtarmaq lazımdır: “Kimdir səbəbkar? Zülmət qaranlıq küçədə piyadanı görməyən sürücülər, yoxsa həyatını itirən piyadalar? Bəlkə insan həyatına biganə yanaşan məsul şəxslər?”

Sakinlər deyirlər ki, qeyd olunanlara baxmayaraq, artıq bir necə ildir bu yollarda işiq dirəkləri quraşdırılmır: “Səbəbi isə heç kimə məlum deyil. Sizdən xahiş edirik ki, bu vəziyyəti ictimailəşdirəsiniz, bizim səsimizi əlaqədar qurumlara çatdırasınız. Yuxarıda qeyd olunan “həllolunmaz” problemləri qısa bir zamanda aradan qaldıraraq bu ölkənin vətəndaşlarının həyatını heç olmasa qaranlıq yolları işıqlandıraraq xilas edəcəyinizə ümid edirik”.

Sakinlərin şikayəti ilə yerindəcə tanış olmaq üçün həmin ərazidə olduq. Qaranlıq düşəndən sonra həmin ərazidə Bakıdakı inkişafdan, demək olar ki, əsər-əlamət yoxdur. Yasamal Rayon İcra Hakimiyyətindən bizə bildirdilər ki, həmin yola işıq dirəklərini basdırmaq onların səlahiyyətinə aid deyil. Bunu yol infrastrukturu ilə məşğul olan qurum etməlidir. Təəsüf ki, “Azəravtoyol” ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Ancaq ümidvarıq ki, əlaqədar qurumlar hətta ölkə rəhbərliyini də dərindən narahat edən problemə həssas yanaşaraq sakinləri narahat edən problemi aradan qaldıracaqlar.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan – Türkiyə Alyansı (ATA) Orta Doğunun barış təminatıdır

Son illərdə İran adlanan ölkədə mövcud hakimiyyətin dəyişdirilməsi, mollakratiyanın başqa bir idarəetmə sistemi ilə əvəz …