Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

ABŞ Azərbaycandakı siyasi məhbusları diqqətdə saxlayacağını deyir

Patel: “Bu, uzun prosesdir və bizdən daim qarşılıqlı əlaqə tələb edir”

ABŞ Azərbaycanla yüksək səviyyəli danışıqlar zamanı siyasi məhbuslar probleminə diqqət yetirməyə davam edəcəyini deyir.

Xəbəri “Turan”ın Vaşinqton müxbiri  yayıb.

Gündəlik brifinq zamanı Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib ki, bu sahədə Bakı ilə yüksək səviyyəli əlaqələr davam edir:

“Bu, uzun prosesdir və bizdən daim qarşılıqlı əlaqə tələb edir”.

“Mən həm Dövlət katibinin, həm də Dövlət katibinin köməkçisi O’Braynın və başqalarının buna diqqət yetirməyə davam edəcəyini gözləyirəm”, – Patel əlavə edib.

ABŞ Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevlə son telefon danışığında Azərbaycanı insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə və haqsız yerə saxlanılanların hamısını azad etməyə çağırıb.

“O, Azərbaycanı bunu mümkün qədər tez etməyə çağırıb”, – Dövlət Departamentinin 20 iyun tarixli məlumatında deyilirdi.

Ötən həftə Azərbaycana səfər edən ABŞ Dövlət katibinin köməkçisi O’Brayn da Konqresə bildirmişdi ki, Əliyevlə insan hüquqlarına əməl edilməsinin vacibliyi barədə danışacaq.

İyunun 28-də Əliyevlə görüşən O’Brayn “X” hesabında yazmışdı ki, Əliyevlə həbs edilən jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının azadlığa buraxılmasını müzakirə edib.

Son vaxtlar Azərbaycan hökuməti jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı repressiyaları  artırmaqda ittiham olunur.

Hüquq-müdafiə təşkilatları keçən ilin payızından  jurnalistlərin və fəalların barəsində  həbs və ya hökm çıxarılması ilə bağlı minimum 25  hadisəni sənədləşdiriblər.

Demək olar ki, onların hamısı hələ də həbsdədir.

Check Also

Azərbaycanın daxili işlərinə müdaxilə… – Blinkenə cavab

Qərbi Azərbaycan İcması ABŞ Dövlət katibi Entoni Blinkenin və digər ABŞ rəsmilərinin Azərbaycanın daxili işlərinə …