Çərşənbə , 26 Yanvar 2022
Home » İqtisadiyyat » Ağcabədi, Ağdam və Tərtərdə aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Ağcabədi, Ağdam və Tərtərdə aqrar sahədə məlumatlandırma sessiyaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi Azərbaycanda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi və əkin subsidiyaların alınması üçün müraciətlərin formalaşdırılması məqsədi ilə Ağcabədi, Ağdam və Tərtər rayonlarında məlumatlandırma sessiyaları keçirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu rayonlarda ümumilikdə 55 min hektardan çox sahədə payızlıq əkinin aparılması proqnozlaşdırılır. Artıq sahələrdə səpin prosesi yekunlaşmaq üzrədir, taxıl səpininin optimal müddətdə başa çatacağı gözlənilir. 2020-2021-ci il mövsümündə Ağcabədi, Ağdam və Tərtərdə ümumilikdə 15 minə yaxın fermer öz əkinlərini EKTİS-də bəyan edərək, dövlət dəstəyindən yararlanıblar. Fermerlər aldıqları subsidiyanı həm yazlıq, həm payızlıq əkin dövründə gübrə, toxum və pestisid almağa sərf ediblər.

Görüşlərdə çıxış edən nazirliyin aparat rəhbəri Rəfail Quliyev bildirib ki, kənd təsərrüfatı bölgələrdə əhalinin məşğulluğunun təmin olunmasında və gəlirlərinin artmasında mühüm rol oynayır. Aqrar sahənin inkişaf etdirilməsi məqsədilə fermerlərə dövlət tərəfindən subsidiyalar ödənilir. Subsidiyaların verilməsi 2020-ci ildən başlayaraq EKTİS üzərindən həyata keçirilir. Fermer dövlət dəstəyindən yararlanmaq, subsidiya almaq üçün torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərini EKTİS-də açdığı şəxsi kabinetə yükləməli və hansı məhsulu əkdiyini bəyan etməlidir. Reqlamentə əsasən, torpaq sənədləri və əkin bəyanları monitorinqə cəlb olunur, nəticələr təsdiqləndikdən sonra subsidiya vəsaiti fermerlərin “Fermer kartı”na köçürülür. Fermerlər kartdakı vəsaitin 25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, qalan vəsaitdən isə gübrə, toxum, pestisid və s. aqrar istehsal vasitələri ala bilər.

Payızlıq əkinlərin bəyan prosesi dekabrın 30-da başa çatır. Bu tarixə qədər əkinlərini EKTİS-də bəyan etməyən fermerlərə subsidiya ödənilməyəcək. Məlumatlandırma sessiyalarında fermerlərə bəyanın son müddət tarixini gözləmədən əkin məlumatlarını EKTİS-ə daxil etmək tövsiyə olunub.

Fermerlərə Prezident İlham Əliyevin 7 oktyabr tarixində imzaladığı “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanı barədə geniş məlumat verilib. Bildirilib ki, fərman aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması məqsədilə imzalanıb. Fermerlərə dövlətin yaratdığı imkanlardan yararlanmaq, öz torpaq sənədlərini qaydaya salmaq, sahib olduqları torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək tövsiyə olunub. Bildirilib ki, 2025-ci il yanvarın 1-dən etibarən əkin sahələrinin istifadəçilərinə aqrar sahədə subsidiyalar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında veriləcək. Fermerlər bu çıxarışları əldə etmək üçün müvafiq dövlət qurumuna müraciət etməlidir.

Görüşlər zamanı EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər barədə iştirakçılara geniş məlumat verilib. İştirakçıların sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.

Check Also

Manatın alıcılıq qabiliyyətində AZALMA: “Məzənnənin stabil qalmasına çalışılır”

“İqtisadi böhranın yaşanmaması üçün üzən məzənnəyə keçilərsə, bu proseslə yanaşı istehsal sahələri və yeni iş …