Cümə axşamı , 1 Dekabr 2022
Home » Mədəniyyət » Agentlik: “Cahangir Cahangirovun “Zərif gülüşlüm” musiqi əsəri ermənilər tərəfindən mənimsənilib”

Agentlik: “Cahangir Cahangirovun “Zərif gülüşlüm” musiqi əsəri ermənilər tərəfindən mənimsənilib”

Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən “Qaram dardzats” adı altında ifa edilməsi mənimsənilməsi və Youtube platformasında yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Əqli Mülkiyyət Agentliyindən bildirilib.

İfa olunan “Qaram dardzats” adlı musiqi əsəri (https://www.youtube.com/watch?v=Berg7dsldeI) Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” musiqi əsəri ilə üst-üstə düşür.

Bildirilir ki, “Zərif gülüşlüm” əsəri Cahangir Cahangirovun 1969-cu il 18 dekabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınmış və müvafiq kataloqa daxil edilib.

Musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilib. (Cahangir Cahangirovun 1971-ci ildə çap olunmuş “Mahnılar (fortepiano ilə oxumaq və xor üçün)”). Bu mahnı, həmçinin Azərbaycanın məşhur ifaçılarından Şövkət Ələkbərova (https://www.youtube.com/watch?v=2qkKlQH5EMs) və İslam Rzayev (https://www.youtube.com/watch?v=4z_BArF0kQ4) tərəfindən də ifa edilib, YouTube kanallarına yüklənib.

Əqli Mülkiyyət Agentliyinin ekspertləri bəstəkar Eldar Mansurov və Faiq Sücəddinovun rəylərinə əsasən müəyyən edilib ki, ifa olunan “Qaram dardzats” adlı mahnı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsəri ilə eynidir. Bu da o deməkdir ki, Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən “Qaram dardzats” musiqi əsəri plagiatdır və məşhur Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsərinin adı “Qaram dardzats ” adı ilə əvəz olunaraq təhrif edilib. Youtube kanalında yerləşdirilmiş Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən musiqi əsəri haqqında verilən məlumatda Cahangir Cahangirovun adı göstərilməməklə onun müəllif kimi şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərindən isə əmlak hüquqları pozulub. Youtube kanalında mahnı haqqında verilən məlumatda aranjemançı kimi Khachik Sahakyan göstərilib. Müəllif-hüquq qanunvericiliyi baxımından mahnının arenjeman edilməsi üçün müəlllifdən və ya onun vərəsələrindən icazə alınmalıdır.

Bu hal eyni zamanda Azərbaycanın milli qanunvericiliyinin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduqları Ümumdünya Əqli Mülkiyyət Təşkilatınının (ÜƏMT) inzibati idarəçiliyində olan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən kobub şəkildə pozulmasıdır.

Check Also

Cahangir Novruzov: “Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək həyasızlıqdır”

“Bir il öncə məsuliyyətə cəlb olunmuş adamlarla eyni səhvi etmək tərbiyəsizlik, həyasızlıqdır”. Bunu “Report”a müsahibəsində …