Cümə , 27 Noyabr 2020
Home » Cəmiyyət » Avropa İttifaqı Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi olmasını təsdiqlədi

Avropa İttifaqı Qarabağ ərazisinin Azərbaycanın tərkib hissəsi olmasını təsdiqlədi

Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ilə görüşmüşdür.

Baş Prokurluğun Mətbuat xidmətinindən verilən məlumata görə, qonaqları səmimi salamlayan Baş prokuror Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, milli qanunvericilik sahəsində Avropa İttifaqına daxil olan ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsinin önəmli olduğunu bildirmişdir.

Kamran Əliyev prokurorluqda aparılan genişmiqyaslı islahatlardan söhbət açaraq, prokurorluq orqanlarında struktur dəyişikliyi ilə əlaqədar yeni yaradılmış idarələrin, o cümlədən Xüsusi müsadirə məsələlərinin əlaqələndirmə idarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verərək, bu sferada Avropa İttifaqının uğurlu təcrübəsindən geniş istifadə olunduğunu diqqətə çatdırmışdır.

Baş Prokuror, Ermənistan tərəfindən Dağlıq Qarabağ münaqişənin törədilməsini, o cümlədən mülki əhalinin sıx yaşadığı Gəncə şəhərinin raket atəşinə tutulmasını pisləyən Avropa İttifaqının bəyanatlarını yüksək qiymətləndirmiş, həmçinin münaqişənin mahiyyəti barədə məlumat verməklə sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artileriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində xeyli sayda mülki insanın həlak olması və yaralanmasını xüsusilə vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Kestutis Yankauskas ikitərəfli münasibətlərə toxunaraq Avropa İttifaqının Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirmişdir.

Avropa İttifaqının nümayəndəsi ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqləmiş, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada ATƏT-in Minsk qrupunun iştirakı ilə baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini qeyd etmişdir.

Həmçinin, Kestutis Yankauskas Avropa İttifaqının Azərbaycanın ərazi bütovlüyü və suverenliyinin tanınmasının təmsil etdiyi qurumun rəsmi sənədlərində dəfələrlə təsdiq edildiyini xüsusilə vurğulamışdır.

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının Avropa İttifaqı tərəfindən bəyanatla pislənildiyini bildirməklə, bu hadisələrin dünya ictimaiyyətinə tanıdılması məqsədilə Baş Prokuroluq tərəfindən keçirilmiş brifinqlər, verilən məlumatlar və görülmüş digər tədbirlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamaqla bu kimi mətbuat konfranslarının tez-tez keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Kestutis Yankauskas missiya rəhbəri kimi Gəncə şəhərində dinc əhaliyə qarşı törədilmiş cinayətləri pislədiyini bir daha xüsusilə qeyd etmişdir.
Yekunda maraq kəsb edən suallara və mövzulara dair ətraflı məlumatın verilməsi təmin edilməklə, bir sıra digər məsələlər, o cümlədən Avropa İttifaqının “TAİEX” və “ TWINNING” layihələrinin əhəmiyyəti müzakirə edilmiş, həmçinin faydalı fikir mübadiləsi aparılmışdır.

Check Also

Naxçıvanlı şəhid anası Rəna Hüseynova: Balamın nişanı da, balamın toyu da onun bayrağıdır!

MÜQƏDDƏS TORPAQ, MƏĞRUR ANA, QƏHRƏMAN OĞUL!!! Bir neçə gündür, Naxçıvan Dövlət Televiziyasının əməkdaşları tərəfindən şəhid …