Cümə , 7 Noyabr 2025
Drone Cameras

Avropa Məhkəməsi Azərbaycana qarşı bir neçə qərar qəbul edib

Bu gün Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandan olan bir çox işlər – Vüqar Əliyev, Fuad Qəhrəmanlı, Pərviz Həşimli, Əfqan Muxtarlı, Natiq Ədilov, Eldar Hüseynov, Nizami Cəfərov, Ağaverdi Ruşanov, Kamilə Aslanova barəsində qərarlarını elan edib.

Bu barədə məlumatı vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində qeyd edib.  

Vüqar Əliyev işində – Məhkəmə ərizəçinin barəsində yerli məhkəmələr tərəfindən həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyini əsaslandıra bilməməsini (5.3 maddə) və onun məhkəmə prosesləri zamanı metal qəfəsdə saxlanılmasını (3 maddə) pozuntu hesab edib. Buna görə Ümid Partiyasının sabiq üzvü Vüqar Əliyevə mənəvi ziyana görə təyin edilmiş məbləğ 3900 avro, əlavə xərclər üçün 500 avro təyin edilib.  

Avropa Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının cinayət törətməsinə dair əsaslı şübhə olmadan həbsdə saxlanılmasını qanunsuz hesab edib (5.1 maddə), həmçinin yerli məhkəmələr həbs qətimkan tədbirinin uzadılmasının zəruriliyini müvafiq və yetərli əsaslarla əsaslandıra bilmədiyinə görə 5.3 maddənin pozuntusunu tanıyıb. Fuad Qəhrəmanlıya bu iş üzrə mənəvi ziyana görə təyin edilmiş məbləğ 5200 avro, əlavə xərclər üçün təyin edilən məbləğ 500 avrodur.

Jurnalist Pərviş Həşimli barədə həbsdə saxlanılmasının zəruriliyini əsaslandıra bilməməsinə görə, 5.3 maddənin, məhkumluğunun qanunsuz əldə edilmiş sübutlara əsaslanması, ona qarşı irəli sürülmüş sübutları müvafiq qaydada mübahisələndirmək imkanının verilmədiyini, həmçinin effektiv hüquqi yardım almaq hüququnun pozulmasını, evində və ofisində axtarış və götürmə tədbirlərinin aparılmasını da qanunsuz hesab edib (6.1, 6.3 (c), 8 maddə). Həşimliyə dəyən mənəvi zərərə görə məhkəmə 5900 avro, əlavə xərclər üçün 500 avro təyin edib.

Araz Cabbarovun 2 gün ərzində rəsmi qərar olmadan polis idarəsində saxlanılması qanunsuz hesab edilib. Cabbarova dəyən mənəvi zərərə görə 2000 avro, əlavə xərclərə görə 500 avro təyin edilib.

Əfqan Muxtarlı, Natiq Ədilov, Eldar Hüseynov, Nizami Cəfərov, Ağaverdi Ruşanov, Kamilə Aslanova barələrində hər hansı qərar olmadan polis idarəsində bir neçə saat saxlanılmalarından şikayət ərizələri verilib. Məhkəmə 5.1 maddənin pozuntusunu tanıyıb. Məhkəmə onlara dəyən mənəvi ziyana görə 2000 avro, əlavə xərclərə görə 500 avro təyin edib.

Fariz Namazlının sözlərinə görə, bu işdə hökümət onun imzasının saxtalaşdırıldığını iddia edib. Lakin Namazlı deyir ki, onun iki fərqli imzası var və məhkəməyə təqdim etdiyi sənədlərdə hər iki imzası olub. Avropa Məhkəməsi hökümətin bu arqumentini əsassız hesab edib.

Check Also

Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

8 noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. …