Çərşənbə , 23 Sentyabr 2020
Home » köşə » Ayna Fərhad yazır: O, mənim müəllimimdir!

Ayna Fərhad yazır: O, mənim müəllimimdir!

Bu gün 15 sentyabr bilik günüdür. On beş il əvvəl anamla, atamın əlindən tutub evimizin yaxınlığında yerləşən məktəbə getdiyim o günləri xatırladım. Evdəkilərdən bir dəqiqə belə ayrı qala bilmədiyim üçün ilk dərs günüm ancaq ağlamaqla keçmişdi…

Ümumilikdə onu deyə bilərəm ki, heç zaman məktəbi sevməmişəm. Oxuduğum on bir il ərzində bir dəqiqə belə olsa məktəbə qarşı məhəbbətim olmayıb. Bu mənim təbiətimlə bağlıdır. Hər il dəyişən müəllimləri görəndə kədərlənirdim. Adamayovuşmaz insanam onun üçün. Elə təzəcə hansısa müəllimə alışmağa başlayırdım ardından yay tətili gəlirdi. Sonra yeni tədris ilində o müəllimi başqası əvəz edirdi. Beləliklə proses davam edirdi.

Amma məktəb illərimin mənə qazandırdığı, heç zaman unutmayacağım iki müəllimi hər zaman xatırlayacağam. Onların üzərimdə böyük haqqları var. Biri mənim tarix müəllimim, digəri isə məktəbimizin mərhum direktor müavinidir.

Elxan müəllim, tarix müəllimim idi. İlk başda onu heç sevməzdim. Çünki yuxarda qeyd etdiyim kimi bir müəllimə yenicə öyrəşirdim yay tətili başlayırdı. Sonra da yeni tədris ilində yenisi gəlirdi… Amma sonralar müəllimi daha çox istəməyə başladım. Hər il təkrarlanan proses yenə baş verdi. Lakin sonda məktəbi, tarixi, insanları və insanlığı mənə sevdirən Elxan müəllimim 10 və 11-ci siniflərdə yenidən bizə dərs dedi.

Bu iki ildə onu daha yaxşı tanımağa başlamışdım. Bir səhvim olanda ata şilləsi kimi ağır olan ifadələr işlətməz, özünə məxsuz tərzdə başa salardı. Məktəbi artıq dörd ildir bitirməyimə baxmayaraq yenə Elxan müəllimin məsləhətlərinə ehtiyac duyuram. Xüsusi ilə indi tək qaldığım bir zamanda…

Digər müəllimim Fərman müəllim də eyni belə edərdi. Amma o bəzən daha sərt ola bilirdi. Hayıf əcəl bəndələrinə rəhm etmir. Müəllimimiz dünyasını qəfil dəyişdi. Ümumiyyətlə mən sevdiklərimi həmişə vaxtsız itirənlərdənəm… Amma o illərdi həyatda olmasa belə ildə azı üç dəfə məzarını ziyarət etməyi özümə borc bilirəm.

Biz uşaq olanda anlamırıq bizim üçün canını fəda edən böyüklərimizi. Və fərq etməz məktəb və ya qeyri bir məqamda bizi öyrədən insanlarla, həyatın surpirizlərini müqayisə edəndə deyirik ” O, mənim müəllimimdir”! Yaşımız artıb, həyatın keçmə-keçli olduğunu görəndə dərk edirik söylədiklərini.

Bəlkə o iki müəllimim olmasaydı, indi olduğum kimi olmazdım…

Ayna Fərhad

Check Also

Saatlı – Azərbaycan tarixinin və coğrafiyasının ayrılmaz bir parçası! Saatlının dünəni və bu günü haqqında hər şeyi bilirikmi?

Saatlı – Azərbaycan tarixinin və coğrafiyasının ayrılmaz bir parçası! Saatlının dünəni və bu günü haqqında …