Bazar ertəsi , 26 Avqust 2019
Home » Gündəm » Azərbaycan aviasiyasında Qərb qırıcıları da olacaq – “Vaşinqton F-16-ların Bakıya satılmasına razılıq verəcək”

Azərbaycan aviasiyasında Qərb qırıcıları da olacaq – “Vaşinqton F-16-ların Bakıya satılmasına razılıq verəcək”

Hərb müstəvisində Azərbaycanın işğalçı Ermənistan üzərində davamlı şəkildə artan üstünlüyü təcavüzkar ölkədə getdikcə daha böyük əndişəyə səbəb olmaqdadır. İrəvan bu fərqi aradan qaldırmaq istiqamətində çoxsaylı cəhdlər göstərsə də, ortada heç bir nəticə yoxdur. Əksinə, hadisələrin inkişaf axarı göstərir ki, Azərbaycan düşmən ölkə ilə müqayisədə hər il daha böyük hərbi üstünlük qazanır. Bu hal müxtəlif qoşun növlərinə, o cümlədən hərbi hava qüvvələrinə də aiddir.

Bir müddət əvvəl qeyd olunan səpkidə Azərbaycanla fərqi azaltmaq üçün Ermənistan Rusiyadan Su-30 SM hərbi təyyarələrini almaq niyyətini ortaya qoysa da, hətta bununla bağlı razılıq əldə etdiyi bildirilsə də, hadisələrin real inkişaf axarı İrəvanın arzularının ürəyində qalmaqda olduğunu göstərir. Ermənistanın “Jamanak” nəşri yazır ki, Su-30 SM hərbi təyyarələrinin İrəvana gəlməsi böyük sual alıtndadır. Bunun səbəblərindən biri Moskva-İrəvan münasibətlərinin kəskinləşməsi, digəri isə Ermənistanın maliyyə imkanlarının yoxluğudur. “Jamanak” qeyd edir ki, təyyarələrin alınması üçün Ermənistanın maliyyə krediti ilə, yoxsa nağd pulla ödəniş edəcəyi məlum deyil. Məsələnin qeyri-müəyyən olaraq qalması isə təyyarələrin alınmasını da sual altına alıb: “Burada söhbət “kiçik olmayan” silah növlərindən gedir. Amma Ermənistanın maliyyə imkanları bu silahları almağa imkan vermir. Rusiya isə əvvəlki kimi Ermənistana kredit ayırmaqda maraqlı deyil. Deməli, təyyarələrin ölkəyə çatdırılması da sual altına düşür. Bu durumda Azərbaycan vəziyyətin və ya status-kvonun idarə edilməsi, eləcə də növbəti sabitliyin təmin olunması məsələsində kifayət qədər incə xəbərdarlıq nümayiş etdirir. Status-kvonun idarəetmə mexanizmi hərbi-siyasi və hərbi-texniki balansla birbaşa əlaqəlidir. Bu balansın təmin olunması üçün Ermənistanın hərbi-texniki imkanlarının geniş şəkildə modernləşdirilməsi olduqca vacib məsələdir. Amma buna maliyyə imkanı yetmir. Digər bir diqqətə çatdırılmalı məsələ isə sözün əsl mənasında bu silahların hansı qiymətə başa gələcəyidir. Ermənistan üçün bunlar ciddi problemdir”.

Amma Ermənistandan fərqli olaraq, Rusiya Azərbaycana ən müasir təyyarələri böyük həvəslə satmağa hazır olduğunu bildirir və ölkəmizin buna maliyyə imkanları da çatır. Elə bu günlərdə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyası bildirib ki, Moskva Azərbaycana istənilən növ döyüş təyyarələrinin satışına hazırdır: “Biz indiyə kimi keçirilən görüşlərdə və bu gün mövcud layihələrimiz barədə Azərbaycan tərəfini məlumatlandırdıq”. Korporasiya nümayəndələri bildiriblər ki, ötən illərdə Azərbaycana Su-30SM və MiQ-35 təyyarələri təklif olunsa da, Azərbaycan tərəfi seçim etməyib. Bir neçə gün əvvəl Rusiyada baş tutan “Army-2019” Forumunda isə Azərbaycana təklif olunan yenilənmiş “İl-76MD-90A” hərbi nəqliyyat, Su-34 və Su-35 döyüş təyyarələrinin təqdimatı keçirilib. Rusiya tərəfi adıçəkilən təyyarələrin Azərbaycana ixracı üçün danışıqlara hazır olduğunu bəyan edib. Rusiyalı hərbi ekspert Sergey Suvorov hazırda Azərbaycanla Rusiya arasındakı hərbi-texniki əməkdaşlığın uğurla davam etdirildiyini bildirib: “Azərbaycan həmişə Rusiyanın strateji tərəfdaşı olub və bu cür də qalır. Bu gün Bakı ilə Moskva olduqca yaxşı və sıx əlaqələrə malikdir. Ümid edirəm ki, bizim Azərbaycanla qarşılıqlı faydalı münasibətlərimiz gələcəkdə də davam edəcək və əhatə dairəsi genişlənəcək”.

Rusiyanın Azərbaycana yeni silahlar, xüsusən də çoxhədəfli, dördüncü nəsil Su-35 qırıcı təyyarələri verməsinin mümkünlüyünə də toxunan Suvorov gələcəkdə belə bir müqavilənin imzalanmasını istisna etməyib. Onun fikrincə, Azərbaycana yeni nəsil növbəti müasir silahların satışı tamamilə mümkündür: “Əgər biz Su-35 təyyarələrini digər ölkələrə sata biliriksə, onda niyə də Azərbaycana satmayaq?”.

Qeyd edək ki, ordunun digər növləri ilə yanaşı hərbi aviasiyanın gücləndirilməsi də rəsmi Bakının əsas prioritetlərindən biri sayılır. Elə yeni döyüş təyyarələrinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının (PUA) alınması, ölkədə PUA istehsalının yaradılması, aviaparka daxil olan təyyarələrin və helikopterlərin modernləşdirilməsi bunun real təsdiqidir. Bundan əlavə,  hərbi aerodromların yenidən qurulması, milli kadrlarla komplektləşdirilmə, kadrların bilik və bacarıqlarının artırılması nəticəsində Azərbaycan hərbi aviasiya imkanlarına görə Cənubi Qafqaz və MDB məkanında ön yerlərə yüksəlib. Azərbaycan pilotları uçuş saatlarına görə postsovet məkanında ilk yerdə qərarlaşmaqla yanaşı, keçmiş Sovet və NATO ölkələrində istifadə edilən uçuş aparatlarını idarə etməyi bacaran yeganə kadrlar hesab olunur. 

Bundan başqa, belə görünür ki, yaxın tezlikdə Azərbaycan hərbi aviasiya arsenalına yenə Ermənistanda olmayan yeni döyüş təyyarələri də daxil edə bilər. Bunu rusiyalı hərbi politoloq Pavel Felqenhauer də təsdiq edir. O bu xüsusda bildirir: “Azərbaycanın böyük imkanları var və o, istədiyi silahı əldə edir. Ermənistana isə Rusiyadan başqa heç bir ölkə kreditlə silah verməz. Azərbaycan, misal üçün, Türkiyədən F-16 döyüş təyyarələri ala bilər. Bu təyyarələri Türkiyə və ABŞ birgə istehsal edir, o cümlədən ixrac edirlər. Təbii ki, bu təyyarələrin Azərbaycana satılması üçün ABŞ-ın razılığı olmalıdır. Düşünürəm ki, Vaşinqton F-16-ların Azərbaycana satılmasına razılıq verəcək”. Politoloq bildirib ki, Azərbaycan Rusiyadan da döyüş təyyarələri, elə Su-30SM-ləri ala bilər: “Moskva Bakının belə bir istəyini dərhal yerinə yetirər. Hətta Azərbaycana birbaşa zavod istehsalı olan təyyarələr satılar”. Belə vəziyyətdə daha bir maraqlı açıqlama isə hərbi ekspert Aleksandr Şatrovskidən gəlib. O, Azərbaycan ordusunun ixtiyarında F-16 döyüş təyyarələri ilə yanaşı, Qərbin digər mühüm qırıcısı sayılan F-35-lərin də ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, prezident Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla razılaşsa, o zaman F-35 proqramına Azərbaycan da qoşula bilər.

Aleksandr Şatrovski məsələ ilə bağlı “axar“ portalına  deyib: “ Türkiyə bu proqrama qayıtsa, o zaman Bakı avtomatik olaraq ona qoşulacaq. Mənim buna heç bir şübhəm yoxdur. F-35 məsələsinin uğursuzluqla nəticələnməsi halında isə Türkiyə ehtiyacını rus təyyarələri ilə ödəyəcək. Prinsipcə hər iki halda alınacaq təyyarələr qarşıya qoyulmuş tapşırıqların öhdəsindən gələ biləcək. F-35 hər zaman qırıcı rolunda çıxış edən F-22-lərlə müşayiət olunur. Bu mənada onlar möhtəşəmdir. Onlar həmişə tam tərkibdə tapşırığa çıxır. F-35-in çatışmayan cəhəti manevr imkanlarının aşağı olmasıdır, üstünlüyü isə görünməz olmasıdır. Su-57-lərdə isə vəziyyət əksinədir. Manevr imkanları genişdir, lakin görünməzliyi zəifdir. Elə Bakı da məhz bu kriteriyalar əsasında hərbi təyyarə seçimi aparacaq”. Onun sözlərinə görə, Qarabağın hərbi səhnəsində tapşırıqları icra etmək üçün “Su” tipli təyyarələr kifayət qədər silahlanmaya malikdir. Uzunmüddətli perspektivdə müəyyən geosiyasi vəziyyət yaranacağı halda Bakının ABŞ silahları alması da tamamilə mümkündür.

Məşhur “907-ci Düzəliş“ məsələsinə də toxunan ekspert sözügedən düzəlişin ləğvinin də mümkün olduğunu qeyd edib: “Hazırda bu düzəlişi aradan qaldırmaq çətindir, çünki Konqres hazırkı prezidentə müxalif mövqedə dayanıb. Lakin gələcəkdə hər şey mümkündür. Bu düzəlişlər qəbul edildiyi kimi də ləğv edilir”.

Erməni politoloq Suren Sarkisyan isə bildirir ki, Bakının istər Türkiyə, istərsə də ABŞ-ın özündən hərbi texnika almasında hansısa problem yoxdur. O, Azərbaycanın artıq Türkiyədən çoxsaylı müasir hərbi texnika aldığını bildirir: “Azərbaycan ABŞ-dan da belə texnika ala bilər. Özü də Con Boltonun regiona səfəri zamanı ABŞ bu prosesdə maraqlı olduğunu açıq bəyan etdi.  Ermənistanla müqayisədə Azərbaycanın ABŞ-la əlaqələri bir neçə dəfə daha çoxdur”. Erməni politoloq müxtəlif mənbələrdən əldə etdiyi məlumatlara əsasən bildirib ki, Azərbaycan silah-sursat əldə edilməsi istiqamətində fəal iş aparır və ABŞ-dan mümkün olan hər şeyi əldə etmək niyyətindədir, hətta mülki təyyarə alıb onu hərbiləşdirmək iqtidarındadır. Qeyd edək ki, Azərbaycan artıq Amerika istehsalı olan 4 hərbi helikopter alıb. Həmin helikopterlər də ötən il keçirilən hərbi paradlarda nümayiş olunub. 

Bundan əlavə, Azərbaycan digər Qərb ölkələrindən də silah alır. Məsələn, ölkəmiz artıq İtaliyadan 10 ədəd hərbi məqsədlər üçün istifadə olunan, reaktiv təlim-məşq təyyarəsi olan “M-346 Master” alıb. Azərbaycan daha 15 ədəd “M-346 Master” təlim-döyüş təyyarəsi sifariş verib. “M-346 Master” İtaliyanın “Leonardo“ şirkətinin istehsalı olan hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-məşq təyyarəsidir. Digər tərəfdən o da məlumdur ki, Azərbaycan Pakistandan da yeni nəsil qırıcılar almağı düşünür. Artıq Pakistanla Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq zaman keçdikcə daha da dərinləşir və möhkəmlənir. Bu fonda  Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan dördüncü nəsil “JF-17 Thunder” çoxməqsədli qırıcı təyyarəsini əldə etmək niyyətini dilə gətirib. Xatırladaq ki, “JF-17 Thunder” hava kəşfiyyatı aparmağa, yer hədəflərinə qarşı sarsıdıcı hücum həyata keçirməyə və qarşı tərəfin hava hədəflərini tutmaq, yaxud məhv etməyə qadirdir. Bütün bunlar Azərbaycanın işğalçı Ermənistan üzərində hərbi üstünlüyünü durmadan artırır və Dağlıq Qarabağ münaqişəsi hərbi müstəviyə keçəcəyi təqdirdə nəticələrə birbaşa təsir edir. Bu mənada faktdır ki, Azərbaycanın qısa müddət ərzində düşmən ordusunu darmadağın edəcəyinə dair düşmən tərəfə artıq beynəlxalq miqyasda çoxsaylı xəbərdarlıqlar edilib. Nəticə çıxarmaq isə Ermənistana qalıb.

Check Also

İnamı satışa çıxarıb qanunu heçə sayan İuda

Siyasətlə məşğul olmaq həvəsdən savayı, məntiq, ağıl və ən başlıcası, hadisələri qismən də olsa, dəqiq …