Cümə axşamı , 2 Fevral 2023

Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri münasibətləri strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub

Xəbər verildiyi kimi, yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Dayanıqlılıq Həftəsinin (ADSW) rəsmi açılış mərasimi keçirilib. Mərasimdə fəxri qonaq kimi iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə çıxış edib. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimi dünyanın davamlılıq ictimaiyyətini bir araya gətirir və bu, müzakirələr, debatlar üçün gündəliyi müəyyən edir. Bu mötəbər tədbirdə dünya liderlərindən və yüksək səviyyəli siyasətçilərdən tutmuş biznes liderlərinə, elm adamlarına və akademiklərə qədər 4000 qlobal nümayəndə iştirak edir. Əbu-Dabi Davamlılıq Həftəsi dövrümüzün ən aktual problemi olan iqlim dəyişikliyinə qarşı fəaliyyət yönümlü həllər hazırlamaq üçün dünya liderlərini bir araya toplayan qlobal davamlılıq platformasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və eyni zamanda, Əbu-Dabi Dayanıqlılıq Həftəsində iştirakı siyasi və iqtisadi maraqlarımızın təmin olunması sahəsində mühüm addımdır. Sevindirici haldır ki, son dövrlər Birləşmiş Ərəb Əmirlikləri ilə ikitərəfli münasibətlər strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Birləşmiş Ərəb Əmirlikləri bir çox platformalarda Azərbaycanın haqq işinə öz dəstəyini ifadə edib. Əlbəttə ki, bu, Azərbaycanın uzun müddətdir aparılan uğurlu xarici siyasətinin nəticəsidir.

“Birləşmiş Ərəb Əmirliklərinin siyasi və iqtisadi gücü hər bir şəxsə məlumdur. Azərbaycan özünün gücünü təkcə siyasi formatda deyil, eyni zamanda, iqtisadi sferada da göstərir. Müstəqil siyasət aparmaq üçün dövlətin iqtisadi gücünün artırılması vacib şərtdir. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılışında Azərbaycan Prezidentinin iştirakını bu baxımdan da qiymətləndirmək lazımdır. Azərbaycan iqtisadi gücünü artırmaq üçün dayanıqlı və texnoloji inkişaf modellərindən istifadə edir. Azərbaycan artıq yaşıl enerji ixracatçısı kimi yeni bir istiqamət üzrə hərəkət edir. Əbu-Dabi Dayanıqlılıq Həftəsi statusuna və təqdimat imkanlarına görə Azərbaycanın yaşıl enerji imkanlarının nümayiş olunması üçün mühüm platformadır. Məhz Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin müəyyənləşdirildiyini də diqqətdə saxlasaq ölkəmizin yaxın onilliklər üçün özünün iqtisadi və energetika sahəsində yeni vizionunu təqdim etmək niyyətində olduğunu görərik”, – deyə C.Hüseynzadə qeyd edib.

Check Also

Rauf Zeyni: “Azərbaycan istəyər ki, orada Türkiyə və ya Pakistan kimi ölkələrin hərbçiləri təhlükəsizliyi qorusun”

Qərbi Azərbaycan İcmasından bildirilib ki, İcma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə, tətbiq olunması …