Cümə , 12 Avqust 2022
Home » İdman » Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Azərbaycan dünya çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Gənc cüdoçulardan ibarət Azərbaycan milli komandası Ekvadorun Quayakil şəhərində keçiriləcək dünya çempionatına Bakıda hazırlaşır.

Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, qurumun vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, baş katib Rəşad Rəsullu və performans direktoru Mark van der Ham yığmanın təlim-məşq toplanışında iştirak edərək, onların hazırlıqları ilə maraqlanıblar.

Məmmədli idmançılara uğurlar arzulayıb, onların ölkəmizə yeni medallar qazandırmalarını diləyib. Eyni zamanda, vitse-prezident bildirib ki, idmançılar turnirə çox ciddi hazırlaşıblar, yerli və beynəlxalq səviyyədə təlim-məşq toplanışlarında iştirak ediblər.

Yarışda Azərbaycanı 8 cüdoçu təmsil edəcək. Mundialda baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) qüvvəsini sınayacaq.

Qeyd edək ki, dünya çempionatı 10 – 14 avqustda təşkil olunacaq. Azərbaycan millisi avqustun 7-də Ekvadora yola düşəcək. Cüdoçular 10 – 13 avqustda fərdi yarışlarda iştirak edəcəklər.

Check Also

Azərbaycan İslam Həmrəyliyi Oyunlarına qızıl medalla başlayıb

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ilk medalını qazanıb. Boyukmillet.com-un məlumatına görə, …