Cümə , 18 Sentyabr 2020
Home » İqtisadiyyat » Azərbaycan Prezidenti: “Ötən il yaxşı irəliləyişə nail olduq”

Azərbaycan Prezidenti: “Ötən il yaxşı irəliləyişə nail olduq”

“Hazırda iqtisadi inkişafımızın əsas məqsədlərindən biri kölgə iqtisadiyyatının miqyasının azaldılmasıdır. Ötən il biz yaxşı irəliləyişə nail olduq. Bu il isə biz bu istiqamətdə çox uğurla irəliləyirik. Azərbaycanda çoxlu dəyişikliklər olub. Prezident Administrasiyasında, hökumətdə, parlamentdə, yerli icra hakimiyyəti orqanlarında dəyişikliklər baş verib. Onlar davam edir”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidentinin təşəbbüsü ilə keçirilən videokonfransda deyib.

Azərbaycan Prezidenti deyib: 

“Gələcək planlara gəldikdə, mən, həmçinin şəxsən sizə, bankın rəhbərliyinə Azərbaycana önəm verdiyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Ən vacib infrastruktur və enerji infrastrukturu layihələrinə, o cümlədən Cənub Qaz Dəhlizinə dəstək verdiyinizə görə sizə çox minnətdarıq.

İndi isə biz razılaşdırdırılmış gündəliyə keçirik. Mən də planlarımızla bağlı dediklərinizi şərh etmək istərdim. Yaşıl proqrama gəldikdə, biz bu məsələyə çox ciddi yanaşırıq. Mənə məlumat verildi ki, hazırda bizdə 9 layihə var. Gəncədə tullantıların idarə edilməsi layihəsinə artıq yaşıl işıq yandırılıb. “Gəncə – Yaşıl Şəhər”, fikrimcə, Azərbaycanın digər böyük şəhərləri üçün yaxşı nümunə ola bilər. Bərpa olunan enerjiyə gəldikdə, biz buna çox həvəslə yanaşırıq. Bu, indi də belədir. Yanvarda biz bərpa olunan enerji sahəsində iki təcrübəli şirkətlə 440 meqavatlıq günəş və külək enerjisi stansiyalarının tikintisi ilə əlaqədar ilkin sənədləri imzaladıq. Bildiyim qədər, Avropa Yenidənqurma və İnkişaf Bankı onlara dəstək verməyi planlaşdırır. Çox vacibdir ki, bu koronavirus həmin şirkətlərin planına müdaxilə etməsin. Bir neçə gün öncə Energetika nazirimiz mənə məlumat verdi ki, onlar öhdəliklərinə ciddi yanaşırlar. Bu, əlbəttə ki, digər böyük şirkətlər üçün də geniş qapıları açacaq. Yəqin bilirsiniz ki, tender prosesində iştirak edən 7 əsas enerji şirkəti var idi. Bu dəfə keçməyən şirkətlərə gəldikdə, biz onlara ayrıca olaraq növbəti danışıqların aparılması təklifi ilə müraciət etmişik. Həmçinin sizin o fikirlə razıyam ki, bu böhran dövründə biz çox ciddi tədbirlər görməliyik. Biz səylərimizi səfərbər etməliyik və daha çox vəsait sərf etməliyik ki, böhrandan çox asan çıxış yolu tapa bilək. Bu, elə bir vəziyyətdir ki, heç kəs buna hazır deyildi. Biz bu vəziyyətdən necə çıxacağıq, fəsadları hansı olacaq, fəsadları necə qiymətləndirməliyik, prioritetləri necə planlaşdırmalıyıq. Buna görə cənab prezident, bizim bankın və sizin dəstəyinizə, ekspert yardımınıza ehtiyacımız olacaq. Çünki söylədiyim kimi, dünyada heç bir ölkə belə vəziyyətlə qarşılaşmamışdır.

Siz, həmçinin suvarma məsələsini qeyd etdiniz. Sizə deyə bilərəm ki, həmin məsələ infrastruktur sektorunda hazırda bizim əsas prioritetimiz ola bilər, çünki bütün digər infrastruktur layihələri demək olar ki, başa çatıb. Ötən il bizdə çox ciddi quraqlıq oldu. Çox ciddi quraqlıq bu il də müşahidə olunur. Anbarlarda saxlanılan su həcmləri heç vaxt görünmədiyi qədər azdır. Ötənilki kimi quraqlığı hətta yaşlı nəsil belə xatırlamır. Bu səbəbdən suvarma ən vacib infrastruktur layihəsinə çevrilir. Bu məqsədlə bu yaxınlarda mən dövlət komissiyasını yaratdım və ona keçmiş İqtisadiyyat nazirimiz, yaxşı tanıdığınız Şahin Mustafayev rəhbərlik edir. Maliyyə naziri, İqtisadiyyat naziri, Ekologiya naziri, Kənd təsərrüfatı naziri, dövlət suvarma qurumunun rəhbəri bu komissiyasının üzvləridir. Əvvəlcə onlar bizim bütün su ehtiyatlarımızı qiymətləndirəcəklər. Bizdə su ehtiyatlarına nəzarət üçün elektron sistemimiz olmalıdır. Sonra qiymətləndirmə infrastrukturumuz üzərində aparılacaq. Onun əksər hissəsi sovet vaxtının mirasıdır. 

Bizdə bəzi hallarda su itkiləri hətta 40-50 faiz təşkil edir, çünki həmin kanallar demək olar ki, bütün keyfiyyətini itiriblər. Biz xarici mütəxəssisləri dəvət edəcəyik. Həmçinin sizin dəstəyinizə nəinki maliyyə, o cümlədən ekspert bacarıqları baxımından arxalanırıq ki, bizim həm qısa, həm orta perspektivdə layihələrimiz olsun. Biz uzunmüddətli strateji plan istəmirik, çünki bizim bu halda beş ilə ehtiyacımız olacaq. Biz öz resurslarımızı ayırmağa hazırıq. Əlbəttə ki, bank dəstək versəydi, lap yaxşı olardı. Ən vacibi isə, layihənin lazımi şəkildə idarə edilməsidir. 

Dövlət müəssisələrinə gəldikdə, İqtisadiyyat naziri bu məsələ üzərində çalışır. Artıq qeyd edildiyi kimi, kommersiyalaşdırma, qismən özəlləşdirmə – biz, ola bilsin, bunu sizinlə müzakirə etməliyik ki, ilkin addımlar hansılar olacaq. Biz əslində buna hazırıq. Korporativ idarəçilik məsələsi də var. Hazırda biz bildiyiniz kimi, daha çox əlaqələndirmə məqsədilə ana təşkilat ideyasını müzakirə edirik. Çünki problemlərimizdən biri dövlət şirkətləri arasında əlaqələndirmənin çatışmamasıdır. Hətta indi ən perspektivli sektorlardan biri olan nəqliyyat sektorunda biz görürük ki, şirkətlərin korporativ maraqları dövlət maraqlarını üstələyir. Bu məqsədlə əlavə işçi qrupu yaradılacaq”.

Check Also

Azərbaycanda qızıl-gümüş ucuzlaşıb

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. Boyukmillet.com-un məlumatına görə, sentyabrın 4-də qızılın qiyməti sentyabrın 3-ü ilə …