Bazar , 1 Dekabr 2024
Drone Cameras

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı texnikası və texnologiyaları sərgisində iştirak edə bilərlər.

Bu barədə “Report”a müsahibəsində Böyük Britaniyanın İstanbuldakı Baş konsulu, Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı Kenan Poleo bildirib.

O qeyd edib ki, sərgidə iştirakın əsas məqsədi iki ölkənin aqrotexnologiya sahəsi üzrə şirkətləri arasında tərəfdaşlığın genişləndirilməsidir. Bundan əlavə, K.Poleonun fikrincə, əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri təhsil sahəsi, “təmiz enerji” sektoru və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsidir.

“Biz gözləyirik ki, COP29 iqlim konfransında Azərbaycan hökuməti “təmiz enerji” və iqlim maliyyələşdirməsi sahəsində öz iddialı planlarını təqdim edəcək. Burada Britaniya xüsusilə dekarbonizasiya, ofşor külək enerjisi və iqlim maliyyələşdirməsi sahələrində etibarlı tərəfdaş ola bilər. Enerjidən əlavə, əməkdaşlığın perspektivli istiqamətlərinə təhsil və kənd təsərrüfatı da daxildir”, – Baş konsul bildirib.

K.Poleo qeyd edib ki, Britaniya universitetləri artıq Azərbaycan təhsil müəssisələri ilə tərəfdaşlıq əlaqələri qurub və ACCA (Beynəlxalq İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) kimi peşəkar ixtisas proqramları populyarlıq qazanır.

“Biz, həmçinin kənd təsərrüfatı sahəsində, xüsusilə iribuynuzlu mal-qara və embrionların ixracı üçün baytarlıq sertifikatlarının alınmasında əməkdaşlığı dəstəkləyirik. Bakıdakı komandam tərəfdaşlığımızı genişləndirmək üçün Azərbaycanın innovativ aqrotexnoloji şirkətlərini 2025-ci ilin yanvarında keçiriləcək Böyük Britaniyanın kənd təsərrüfatı texnikası və texnologiyaları sərgisinə gətirməyə hazırlaşır”, – o vurğulayıb.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Check Also

Azərbaycan gömrükçüləri aksiz markasız siqaretlər aşkarlayıb

Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin …