Home » Cəmiyyət » Azərbaycanda azad media prinsiplərindən hələ də sui-istifadə edənlər var

Azərbaycanda azad media prinsiplərindən hələ də sui-istifadə edənlər var

Azər Həsrət: “Bir çox ölkədə olduğu kimi, Azərbaycanda da söz azadlığı məsuliyyəti arxa plana keçir”

Hər il mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü qeyd olunur. Azad sözün şərəfinə elan olunmuş Ümumdünya Mətbuat Azadlığı Günü “soyuq müharibə” dövrünün başa çatması ilə Yer kürəsinin vahid informasiya məkanına çevrilməsinin məntiqi nəticəsi kimi ortaya çıxıb.

1991-ci il may ayının 3-də Namibiyanın paytaxtı Vindhukda keçirilən seminarda iştirak edən jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dövlətləri mətbuat azadlığının və demokratiyanın təmin edilməsinə yardımçı olmağa çağıran “Vindhuk Bəyannaməsi”ni qəbul ediblər. Bəyannamə UNESCO tərəfindən də  dəstəklənib və Ümumdünya Mətbuat Azadlığı Gününün qeyd edilməsi barədə Birləşmiş Millətlər Təşkilatına təklif göndərib. 1993-cü il dekabrın 20-də isə BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan edilib.

Azərbaycan dövləti demokratiyanın vacib elementlərindən olan söz və mətbuat azadlığına daim böyük önəm verir. Ölkəmizdə bu sahədə böyük uğurlara aparan dəyişikliklərin əsası 1993-cü ildə qoyulub. Həmin il ulu öndər Heydər Əliyevin xalqın istək və tələbi ilə siyasi hakimiyyətə gəlişindən sonra bütün sahələrdə həyata keçirilən islahatlar mətbuatdan da yan ötmədi. Demokratik dövlət quruculuğuna başlayan Heydər Əliyevin tarixi xidmətləri nəticəsində ölkədə kütləvi informasiya vasitələrinin fəaliyyətində inkişafa doğru əsaslı dönüş yarandı, mətbuat və söz azadlığının, fikir plüralizminin əsası qoyuldu. Siyasi həmlələrdən, senzuradan əziyyət çəkən söz azadlığı bütün təzyiqlərdən azad oldu, azad sözün inkişafı məqsədilə KİV-in sərbəst istehsalı və yayımı təmin edildi, həmçinin, mətbuatın dövlət tənzimlənməsindən imtina olundu.

Bəli, 3 may söz azadlığı günüdür. Bu gün ölkəmizdə qeyd olunur. Maraqlıdır, jurnalistlər medianın azadlıq prinsiplərini tam şəkildə dərk edə bilirlərmi?

Media üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, söz azadlığı məsuliyyət deməkdir: “Təəssüflər olsun ki, bir çox ölkədə olduğu kimi, Azərbaycanda da söz azadlığı məsuliyyəti arxa plana keçir. İnsanlar ifadə azadlığı istəyir, ancaq məsuliyyətə gəlincə bu, yaddan çıxır. Ölkəmizdə də eyni vəziyyət yaşanır. Əksər insan arzu edir ki, azadlıqlar sərhədsiz olsun. Onların özünü ifadə azadlığına hər hansı bir əngəl olmasın. Dövlət tərəfindən müəyyən qayda-qanunlar qəbul edilərək azadlıqlar təmin edilir. İnsanlar bundan arxayınlaşıb özlərini rahat şəkildə ifadə edə bilirlər. Qeyd etdiyim kimi, məsuliyyətə gəlincə insanlar bunu unudurlar. Bu şəxslərə isə məsuliyyət xatırladılan zaman onlar dərhal təzyiqdən danışırlar. Azərbaycan jurnalistikasında olan şəxslərin böyük əksəriyyəti azadlıqlarından sui-istifadə edir, məsuliyyət hissini unudur”.

Günel CƏLİLOVA

Check Also

Azərbaycanda bir həftəlik Ramazan tətili başlayıb

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başlayıb. Boyukmillet.com -un məlumatına görə, …