Çərşənbə , 25 May 2022
Home » Cəmiyyət » Azərbaycanda sığınacaq axtaran ukraynalılarla görüş keçirilib

Azərbaycanda sığınacaq axtaran ukraynalılarla görüş keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycanda yaşayan əcnəbilərin cəmiyyətə inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Bakı şəhərində fəaliyyət göstərən “Soloha” Ukrayna restoranında baş tutan tədbir Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın Əcnəbilərin inteqrasiyası üzrə İşçi qrupunun və “İNJURİA” hüquq jurnalının təşəbbüsü ilə keçirilmişdir. Tədbirin təşkil olunmasında təşkilati dəstək göstərən diaspora nümayəndəsi Lidiya Şestak-Əliyeva təmsil etdiyi könüllülər qrupunun fəaliyyəti və Ukraynadan gələn şəxslərə göstərdikləri humanitar dəstək proqramları barədə məlumat vermişdir.

Tədbiri giriş sözü ilə açan “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov cari ilin mart ayından etibarən Azərbaycana gələn və burada müvəqqəti məskunlaşmış Ukrayna Respublikasının vətəndaşlarının sayında artımın müşahidə olunduğunu bildirib.

Birlik sədri qeyd edib ki, Azərbaycanda uzun müddətdə qalmaq niyyətində olan Ukrayna vətəndaşları vaxtaşırı Əcnəbilərin inteqrasiyası üzrə İşçi qrupuna miqrasiya qanunvericiliyinə dair suallarla müraciətlər edirlər. Bu şəxsləri ilk əvvəl Azərbaycanda qaçqın statusunun əldə olunması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaları üçün mövcud miqrasiya prosedurları və miqrasiya qanunvericiliyinin digər aspektləri maraqlandırır. Bu səbəbdən Dövlət Miqrasiya Xidmətinin rəsmi nümayəndələrinin iştirakı ilə belə bir görüşün keçirilməsinə ehtiyac yaranıb.

Tədbirin əhəmiyyətinə toxunan “İNJURİA” hüquq jurnalının baş redaktoru və YLC hüquq mərkəzinin rəhbəri Kəmalə Məmmədova bildirib ki, görüşün keçirilməsində məqsəd ölkədə sığınacaq axtaran Ukrayna vətəndaşlarının yerli cəmiyyətə inteqrasiyasına mümkün dəstəyin göstərilməsidir. Bunun üçün mütləqdir ki, həmin şəxslərin hüquqi prosedurlar barədə müəyyən təsəvvürləri formalaşsın.

Fəal müzakirə şəraitində keçən tədbirdə verilən çoxsaylı suallar Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusunun müəyyənləşdirilməsi idarəsinin rəisi Aydan Seyidova və Miqrasiya proseslərinin tənzimlənmə baş idarəsinin əməkdaşları şöbə rəisi Şəhriyar Mustafayev və baş inspektor İlyas Hüseynov tərəfindən ətraflı cavablandırılıb.

Sonda tədbirin keçirilməsindən məmnun qaldıqlarını bildirən iştirakçılar miqrasiya qanunvericiliyi ilə bağlı maarifləndirici görüşlərin mütəmadi əsaslarla keçirilməsində maraqlı olduğuqlarını qeyd ediblər.

Check Also

Nefçala rayonunda şəhid ailələri üçün tədbir keçirilib

23 may 2022- ci il tarixdə Neftçala şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin …