Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Azərbaycandakı “5-ci kolon” nədən narahatdır?

Azərbaycan ordusu sentyabrın 27-də başlanan əks-hücum əməliyyatları ilə 30 ildən bəri Ermənistanın işğalı altında qalan ərazilərimizin işğaldan azad edilməsi əməliyyatlarına start verdi. Azərbaycan prezidentinin iradəsi, Azərbaycan ordusunun rəşadəti və Azərbaycan xalqının həmrəyliyi ilə kəndlərimiz, şəhərlərimiz bir-birinin ardınca işğaldan azad edildi. Azərbaycanın hərbi gücü qarşısında təkcə terrorçu Ermənistan yox, bütün dünya heyrət içində qaldı. Dostlarımız sevindi, düşmənlərimiz yasa batdı. Və nəhayət, Azərbaycanın döyüş meydanındakı parlaq qələbələri Ermənistanın tam kapitulyasiyası ilə başa çatdı. Azərbaycanın bu zəfəri hələ uzun illər deyiləcək və tarix kitablarına düşəcək. Bu gün hamı etiraf edir ki, Azərbaycan Prezidenti 44 gün ərzində möhtəşəm bir Tarix yazdı!
Bir faktdır ki, düşmənin və onun havadarı olan dövlətlərin bu işğalın ömrünü 30 il uzada bilməsində Ermənistanın işğalçı orduları ilə yanaşı, bu terrorçu dövləti himayə edən dövlətlərin də az rolu olmadı. Təkcə onlarınmı? Həm də “5-ci kalon” dediyimiz, Azərbaycana düşmən dövlətlərdən aldığı qrantlar, yardımlar, tutduğu vəzifələr, taladığı dövlət sərvətləri hesabına öz doğma ölkəsinin, dövlətinin və xalqının maraqları əleyhinə fəaliyyət göstərən qüvvələrin də bu işğalın ömrünün uzadılmasında kifayət qədər “xidməti” oldu. Müharibənin getdiyi 44 gün ərzində Ali Baş Komandanın nümayiş etdirdiyi siyasi, hərbi və diplomatik iradə qarşısında susmaq məcburiyyətində qalan bu qüvvələr noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı birgə bəyanatdan sonra dərhal hərəkətə keçdilər, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin “Bu bəyanat bizim şanlı qələbəmizdir”, – deyərək Azərbaycan xalqına müjdə verməsinə baxmayaraq, dərhal həmin bəyanatın bəndlərini təftişə başladılar. Sanki 44 gün ərzində cəbhədə düşmənə qarşı XXI əsrin müharibəsini aparan ordunun Ali Baş Komandanı İlham Əliyev yox, onlar imiş. Sanki 44 gün ərzində ermənipərəst dövlətlərin, beynəlxalq təşkilatların ardı-arası kəsilməyən siyasi təzyiqlərinə mətanətlə sinə gərən, dünyanın 30-a qədər nəhəng mediasına müsahibə verib, düşmənə qarşı informasiya müharibəsinin başında dayanan Prezident İlham Əliyev yox, elə bunlar imiş. Guya bunlar Azərbaycanın taleyinə bu müharibəni və bu mübarizəni aparanlardan daha çox yanırmışlar. Arqumentləri də bir-birindən çürük, qərəzli: “Biz 1992-də rus qoşunlarını Azərbaycandan çıxardıq, bunlar qaytardılar”. Soruşuruq, bəli çıxartdınız, amma nəyin bahasına? Azərbaycan torpaqlarının 20 faizinin işğalı bahasına! Halbuki bu məsələni o vaxt daha ağıllı və daha təmkinli şəkildə həll etmək olardı. 30 ildir bu işğal nəticəsində Azərbaycana dəymiş maddi ziyan yüz milyard dollarlarla ölçülür, mənəvi ziyan isə ölçüyə gəlməz! Hələ 10 minlərlə insan itkisini demirəm. 10 il Ulu Öndər Heydər Əliyev, 17 ildir də cənab prezident İlham Əliyev sizin bu “hünərinizin” nəticələrini aradan qaldırmaqla məşğuldur. Siz hələ 32 il əvvəlki “oturmayan ermənidir!” meydan havası ilə öz köhnə nağaranızı çalırsınız.
Növbəti arqumentiniz: “gərək Azərbaycan ordusu sona qədər ərazilərimizi müharibə yolu ilə alaydı”. Sual olunur: belədə Azərbaycan nə qazanacaqdı? Cavabı aydındır: daha yüzlərlə, bəlkə minlərlə şəhid verəcəkdik, yaralılarımızın, əlillərimizin sayı artacaqdı. Bilirsinizmi bu, nə qədər övladsız valideyn, atasız övlad, ərsiz qadın, qardaşsız bacı deməkdir. Sizə bumu lazımdır? Bəli, Vətən naminə biz hər şeyə hazırıq, hazır da olmalıyıq! Amma axı, biz bu itkilərdən qaçmaqla da həmin ərazilərimizi işğaldan azad etmək imkanına malikiksə, bunu niyə dəyərləndirməməliyik?! Bəli, bu gün Kəlbəcər, Laçın kimi çətin relyefə malik, Ağdam kimi istehkamlarla dolu bölgələr, Qazaxın 7 kəndi kimi münaqişə ocağından xeyli aralıda işğal altında olan ərazilərimiz dinc yolla düşməndən azad olunur, on illərdir blokada şəraitində yaşayan Naxçıvana quru və dəmiryol xəttinin təminatı verilir. Bu qədər möhtəşəm bir qələbə sizi niyə narahat edir, cənablar?! Əslində, sizi narahat etmir, sizin ağalarınızı narahat edir. Siz sadəcə onların havasını çalırsınız.
Ölkəmizdəki 5-ci kalonun Azərbaycanın indiki dövründə sərgilədiyi bu son hərəkətləri sübut elədi ki, onlar üçün müqəddəs heç bir dəyər yoxdur, onlar öz xislətlərindən əl çəkməyiblər və istənilən vaxt Azərbaycan xalqına, Azərbaycan dövlətinə arxadan zərbə vurmağa hazırdırlar. Necə ki Azərbaycanın bu günündə vururlar. Bu gün bütün dünya Azərbaycanda xalq-ordu-hakimiyyət birliyindən danışır, bizim 5-ci kalon bu həmrəyliyin pozulması üçün cidd-cəhdlə şübhə və inamsızlıq toxumu səpməklə məşğuldur. Bu gün bütün dünya Azərbaycanın bu müharibədən tam qələbə ilə çıxdığını deyir, bizim 5-ci kalon müharibənin nəticələrini inkar edir, “əraziləri ermənilərdən alıb ruslara verdik” deyir. Soruşan yoxdur ki, haranı verdik, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Kəlbəcəri, Laçını, Ağdamı, yoxsa Şuşanı? Axı, sülhməramlı qüvvələr bu rayonlara yox, məhz keçmiş Dağlıq Qarabağ ərazisinin bir hissəsinə nəzarət edəcək, həm də Rusiya ilə Türkiyə birlikdə.
Amma bütün bu proseslərdə müsbət cəhət o oldu ki, 5-ci kalonunun nümayəndələri özlərini tam açığa çıxardılar. İndi qalır müharibədən sonra onların ifşasını başa çatdırmaq və zərərsizləşdirmək.
Əziz ƏləkbərliMilli Məclisin deputatı

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …