Bazar ertəsi , 25 Yanvar 2021
Home » Siyasət » Azay Quliyev ATƏT PA Büro iclasında: Azərbaycan ərazi bütövlüyünü de-fakto bərpa etdi

Azay Quliyev ATƏT PA Büro iclasında: Azərbaycan ərazi bütövlüyünü de-fakto bərpa etdi

ATƏT Parlament Assambleyasının bu gün Büro iclası keçirilib. Büro iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, ATƏT PA vitse-prezidenti Azay Quliyev çıxış edib.
Azay Quliyev ilk olaraq Büro üzvlərini Ermənistan və Azərbaycan arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə noyabrın 10-da imzalanan saziş çərçivəsində dekabrın 2-dək görülən işlər barədə məlumatlandırıb.
Azay Quliyev bildirib ki, bu razılaşmanın müddəalarına əsasən 1 dekabr 2020-ci il tarixinə kimi Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın işğal altında qalan ərazilərindən, yəni Kəlbəcər, Ağdam və Laçından çıxarıb. Bununla da, Azərbaycanın de-fakto ərazi bütövlüyü bərpa edilib.
“Biz 26 mindən çox erməni qaçqınının Azərbaycana qayıtması üçün müvafiq şərait yaratdıq. Bundan əlavə, erməni vətəndaşlarımızın Azərbaycanın digər vətəndaşları kimi bərabər hüquq və imkanlardan istifadə etmələri üçün bütün lazımi tədbirlər də ölkəmiz tərəfindən görüləcəkdir”-deyən nümayəndə heyətinin rəhbəri qeyd edib ki, iki ölkə arasında hərbi əsir, girov və cəsədlərin mübadiləsi davam edir.
Çıxışda qeyd olunub ki, hazırda məcburi köçkünlərin təhlükəsiz qayıtması üçün azad edilmiş ərazilərin minalardan təmizlənməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən müvafiq addımlar atılır. Ermənistanın işğal zamanı Azərbaycan ərazilərində törətdiyi iqtisadi və humanitar ziyanın qiymətləndirilməsi həyata keçirilməkdədir.
Əlavə olunub ki, 30 illik işğal ərzində tamamilə dağıdılmış və xarabalığa çevrilmiş bütün şəhərlərimizin, qəsəbələrimizin və kəndlərimizin yenidən qurulmasını əhatə edəcək böyük qayıdış planı üzərində işlər aparılmaqdadır.
Çıxışında Azay Quliyev deyib: “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin artıq mövcud olmamasına və yalnız tarixə istinad edilərkən istifadə olunmasına baxmayaraq, bölgədə uzunmüddətli sülhün və Ermənistanla Azərbaycan arasında barışığın təmin olunması üçün hələ bir çox iş görməliyik. Əminəm ki, bütün əsassız ərazi iddiaları, düşmənçilik və nifrət ritorikası keçmişdə qalmalıdır”.
Bu işlərin reallaşması üçün atılacaq addımlara toxunan ATƏT PA vitse-prezidenti aşağıdakı təklifləri səsləndirib:
“ İlk missiya Ermənistanla Azərbaycan arasındakı iqtisadi əlaqələrin və bütün kommunikasiyaların açılması ola bilər ki, bu da qarşılıqlı etimad və inamın bərpasına gətirə bilər.Biz anlayırıq ki, düşmənçilik sonsuza qədər davam edə bilməz. Azərbaycanlı mülki şəxslərə qarşı törədilən müharibə cinayətləri səbəbindən barışıq asan olmasa da, ermənilər və azərbaycanlılar qonşuluqda, birgə yaşamağı öyrənməlidirlər.Bu səbəbdən də düşünürəm ki, Ermənistanla Azərbaycan arasında hərtərəfli sülh sazişinin hazırlanması əsas vəzifələrdən biridir. Bu istiqamətdə çox böyük siyasi və diplomatik səylər göstərilməlidir”
Azay Quliyev çıxışında qeyd edib ki, Cənubi Qafqaz bölgəsi təhlükəsizlik, əməkdaşlıq və firavanlıq baxımından tamamilə yeni bir mərhələyə qədəm qoyur. “Hesab edirəm ki, ATƏT Parlament Assambleyası bu həyati əhəmiyyətli məqsədlərə çatmaq üçün mühüm rol oynaya bilər və oynamalıdır. Lakin təəssüf ki, bəzi ATƏT ölkələri, xüsusən də Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan, üzərinə bitərəf və ədalətli vasitəçilik missiyasını götürən Fransa tərəfindən həyata keçirilən qeyri-adekvat cəhdlər müşahidə edilir”- deyən Azay Quliyev müharibə dövründə Fransanın həyata keçirdiyi qərəzli yanaşma, sərgilədiyi ədalətiz mövqe və deskturtik fəaliyyətə tam aydınlıq gətirib.
“Son 2 aydakı hadisələrə nəzər yetirsəniz Fransanın Ermənistanın işğalçı əməllərinə göz yumaraq bu ölkəyə birtərəfli qaydada dəstək verməsini, münaqişə tərəflərinə qarşı qeyri-konstruktiv və qərəzli yanaşmasını asanlıqla görə bilərsiniz.
Təsəvvür edirsinizmi, 44 günlük aktiv hərbi əməliyyatlar zamanı Fransa mediasında 1000-dən çox ermənipərəst və anti-Azərbaycan yönümlü məqalələr və videomateriallar yayımlandı. Bununla yanaşı, real vəziyyəti göstərməyə çalışan jurnalistlər təqib olundu, onlar həyatlarına qarşı təhdidlərlə qarşılaşdılar. Azərbaycanın Parisdəki səfirliyinin Fransanın dövlət və özəl media qurumlarına müraciət etmək cəhdləri misli görünməmiş maneələrlə qarşılandı.
Bu azmış kimi, Fransa Senatı noyabrın 25-də Fransa hökumətini Ermənistanın qurduğu mövcud olmayan və qanunsuz rejimi tanımağa çağıran əsassız və təhlükəli qətnamə qəbul etdi. Bu qərar Fransanın beynəlxalq məsuliyyəti və öhdəliklərinə tamamilə ziddir, eyni zamanda vasitəçi mandatı da daxil olmaqla beynəlxalq hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozur.
Noyabrın 26-da Azərbaycan Respublikasının Milli Məclisi Fransa Senatının bu qanunsuz qətnaməsini qətiyyətlə rədd etdi və Azərbaycan hökumətini Fransanın ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsindən uzaqlaşdırılmasını və Fransa ilə diplomatik və iqtisadi əlaqələrin dayandırılmasını nəzərdən keçirməyə çağırdı”.
Çıxışının sonunda Azay Quliyev həmkarlarına müraciət edərək deyib: “Ümid edirəm ki, Fransa hökuməti beynəlxalq öhdəliklərinə hörmət göstərərək beynəlxalq hüququ, xüsusən də Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı norma və prinsipləri pozmaqdan çəkinəcək”.

Check Also

Tanınmış tədqiqatçı Adıgözəl Məmmədov onun araşdırma materiallarının oğurlandığını iddia edir…

Adıgözəl Məmmədov: “…ən çox plagiatlığa məruz qalan müəlliflərdənəm” Bütün hallarda, plagiatlıq halları, başqasının min bir zəhmətlə …