Bazar ertəsi , 18 Oktyabr 2021
Home » Siyasət » Azay Quliyev: “Müstəqillik Günü Haqqında” qanun layihəsi həm hüquqi, həm də tarixi və siyasi baxımdan vacib hadisədir”

Azay Quliyev: “Müstəqillik Günü Haqqında” qanun layihəsi həm hüquqi, həm də tarixi və siyasi baxımdan vacib hadisədir”

Prezident tərəfindən təqdim olunan “Azərbaycan Respublikasının Müstəqillik Günü haqqında” qanun layihəsini həm hüquqi, həm də tarixi və siyasi baxımdan vacib və mühüm hadisə hesab edirəm”.

Boyukmillet.com xəbər verir ki, bunu millət vəkili Azay Quliyev Milli Məclisin 11 oktyabr 2021-ci il tarixli Plenar iclasında deyib: “Əvvəla, qanun layihəsində 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə dövlət müstəqilliyinin bərpa edilməsi günü kimi təsbit edilməsi hüquqi baxımdan tamamilə doğrudur və bu yanaşma tarixi gerçəkliyi özündə əks etdirir.

Bu qanun layihəsini qəbul etməklə müstəqillik tariximizə qanunvericilik səviyyəsində bir sistemlilik gətirilir, müstəqilik dövrləri ardıcıl və sinxron şəkildə qeyd olunur.

Mən, bəzi şəxslər tərəfindən respublika dəyərləri ilə müstəqillik dəyərlərini bir-birinə qarşı qoyulmasını, guya demokratik prinsiplərdən imtina ediləcəyi haqqında cəfəng fikirlərin səsləndirilməsini doğru hesab etmirəm. Azərbaycan konstitusiyasının 7-ci maddəsinə əsasən Azərbaycan demokratik, dünyəvi və unitar respublikadır və bu prinsip heç kim tərəfindən təftiş olunmur.

İkincisi, qanun layihəsinin preambula hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək siyasi qiymət verilir, 1918-ci ilin mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan olunması dövlətçilik ənənələrimizn davamı kimi vurğulanır, yəni Azərbaycan xalqının bundan əvvəl də dövlətə malik olduğu, dövlətçilik tariximizin 1918-ci illə məhdudlaşmadığı bildirilir.

Bundan başqa qanun layihəsində ADR-in cəmi 23 ay yaşamasına və bütün manelərə baxmayaraq, Cümhuriyyət qurucuları tərəfindən dövlət atributlarının qəbul olunması, parlamentin seçilməsi, hökumətin təsis olunması, dövlət sərhədlərinin müəyyən edilməsi, Cümhuriyyətin beynəlxalq hüququn subyekti kimi tanınması və xalqımız tərəfindən müsəlman şərqində ilk demokratik ənənələrin əsasının qoyulması faktına xüsusi yer ayrılır ki, bu da ayrıca təqdir olunmlıdır.

Üçüncüsü, bu qanun layihəsilə bir daha dünyaya bəyan edirik ki, müstəqil dövlətimiz olan Azərbaycanın Xalq Cümhuriyyəti süquta uğramasına baxmayaraq, xalqımızın müstəqillik uğrunda mübarizəsi davam etmiş, bu istiqamətdə real addımlar atılmış və nəhayət 18 oktyabr 1991-ci ildə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilərək Azərbaycanın dövlət müstəqilliyi bərpa edilmişdir.


Məhz bu qanun layihəsi ilə Azərbaycanın son 103 ildəki müstəqillik tarixi ardıcıl və mərhələli şəkildə qeyd olunur, indiyə qədər bu sahədə mövcud olan sistemsizlik və boşluq aradan qalxır, Azərbaycanın müstəqil dövlətçilik tarixi ilə bağlı dünyaya yeni mesajlar verir.

Bu mesajlardan biri də Azərbaycan Respublikasının 114 min kv.km əraziyə malik olan Xalq Cümhuriyyətinin hüquqi və siyasi varisi olması haqqında müddəadır.

Bu müddəanı qanun layhəsinə gətirməklə biz həm də 1920-ci illərin əvvəllərində itirilmiş torpaqlarımızı xatırlayır və qondarma Ermənistanın tarixi torpaqlarımız, İrəvan, Zəngəzur və Göyçə mahalı üzərində süni şəkildə yaradıldığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq.

Nəhayət, qanun layihəsinin digər mühüm tarixi əhəmiyyəti odur ki, biz xalq olaraq ilk dəfədir ki, dövlət müstəqilliyimizin bərpasını, yəni 30 illik yubileyini fərqli formada, ərazi bütövlüyünü bərpa edən, qaməti düz və qəhrəman xalq kimi qeyd edirik.

Əgər biz Cümhuriyyət qurucularını müsəlman şərqində bir çox ilklərə imza atan dövlət xadimləri kimi xatırlayırıqsa, gələcək nəsillər cənab İlham Əliyevi 200 illik torpaq itkisinin qarşısını alan və çağdaş dünyamızda öz gücünə ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan kimi fəxrlə xatırlayacaqlar.

Fürsətdən istifadə edib Azərbaycanın gerçək müstəqilliyini və ərazi bütövlüyünü təmin edən cənab Prezidentə xalqımızın şərəfli tarixini özündə əks etdirən bu qanun layihəsini Milli Məclisə təqdim etdiyinə görə təşəkkür edirəm.

Sonda isə Cümhuriyyət Qurucularının, müstəqil dövlətimizin banisi Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, dövlət müstəqilliyimizin bərpa edilməsinin 30 illik yubileyi münasibətilə başda cənab Prezident olmaqla xalqımızı və Milli Məclisi ürəkdən təbrik edirəm.

Diqqətinizə görə təşəkkür edir, deputat həmkarlarımı bu tarixi layihəyə səs verməyə çağırıram”.
Musavat.com

Check Also

Samir Adıgözəlli”Ermənistanın insanlıq əleyhinə cinayətlərinin beynəlxalq məhkəmələrdə araşdırılması prosesi fəallaşdırılır..”

30 ilə yaxın torpaqlarımızı işğalda saxlayan, yüzlərlə vətəndaşımızı amasızlıqla qətlə yetirən, sülh, insanlıq, bəşəriyyət əleyhinə …