Bazar ertəsi , 26 Avqust 2019
Home » Siyasət » Bakı İrəvanın məkrli planlarını pozur – sərhədlərdə…

Bakı İrəvanın məkrli planlarını pozur – sərhədlərdə…

Son dövrlərdə cəbhədə düşmən tərəfindən atəşkəsin pozulması hallarının sayının yenidən artması və müxtəlif təxribatlar törədilməsi yeni genişmiqyaslı toqquşmaların başlana biləcəyinə dair xəbərdarlıqları da çoxaldıb. Hətta iş o yerə çatıb ki, məsələyə Rusiya Xarici İşlər Nazirliyi də münasibət bildirib.

Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu xüsusda bildirib ki, Moskva Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasına qarşıdır, tərəfləri güc tətbiq etməməyə çağırır: “Ermənistan – Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq. Bu gərginlik atəşkəs rejiminin davamına dair bu yaxınlardakı razılaşmalara, siyasi çözüm əldə etmək niyyətilə bağlı verilən açıqlamalara ziddir. Biz qarşıdurma tərəflərini təmkinli olmağa, güc tətbiq etməməyə, vəziyyəti sabitləşdirmək istiqamətində addımlar atmağa çağırırıq”.

Xatırladaq ki, iyul ayının ortalarından etibarən erməni hərbi qüvvələri Azərbaycan sərhədçilərinin xidmət etdiyi Ermənistan-Azərbaycan sərhədinin Qazax istiqamətində silahlı təxribatlar həyata keçirməyə başlayıb. Rusiya və digər vasitəçilərə də atəşkəsin pozulmasının və təxribatların törədilməsinin Ermənistan tərəfindən həyata keçirildiyi dəqiq bəllidir. Digər tərəfdən, məsələnin maraq doğuran tərəfi son dövrlərdə ermənilərin münaqişəni Qarabağdan dövlətlərarası sərhədə keçirmək niyyətidir. Yəni onlar atəşkəsi təkcə Azərbaycan ərazisində pozmur, dövlətlərarası sərhəddə də bunu edirlər. Ekspertlər vurğulayır ki, bu planda İrəvan müəyyən məkrli məqsədlər güdür. Hesab edilir ki, ilk hədəflərdən biri diqqəti Qarabağ cəbhəsindən yayındırmaqdır. Belə ki, Azərbaycan ordusunun cəbhə boyu ərazilərə nəzarət etməsi, xüsusilə “aprel müharibəsi”ndən sonra vəziyyəti tam ələ alması işğalçı ölkənin hərbi birləşmələrini çətin vəziyyətə salıb. Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan separatçı rejimin “hərbi-siyasi rəhbərliyi” tez-tez təmas xəttində Azərbaycan tərəfinin hərbi-mühəndislik işləri həyata keçirdiyindən, mövqelərini addım-addım irəli çəkdiyindən şikayətlənir. Belə vəziyyətdə döyüş cəbhəsinin Azərbaycan-Ermənistan sərhədinə köçürülməsi Bakının diqqətini Qarabağ istiqamətindən yayındıra bilər. Amma hərbi ekspertlər hesab edir ki, Ermənistan burada ciddi yanlışlığa yol verir. Çünki Azərbaycanın malik olduğu hərbi qüvvə ona həm Qarabağ cəbhəsinə, həm də bütün sərhədləri boyu nəzarət üçün bütün lazımi imkanlar yaradır. O da heç kimə sirr deyil ki, Qarabağ cəbhəsində güclü Azərbaycan ordusunun önündə dayana bilməyən düşmən həm də sərhəd təxribatlarına əl atmaqla real vəziyyəti birbaşa Ermənistandakı insanlara da göstərmək isətyir. Burada əsas məqsəd düşmənin verdiyi itkilərin obyektiv səbəbdən doğduğunu erməni cəmiyyətinə nümayiş etdirməkdir. Digər tərəfdən, Ermənistanın  təxribatlardakı əsas məqsədlərindən biri də diqqəti ölkə daxilindəki ağır sosial-iqtisadi durumdan yayındırmaqdır. Amma o da aydındır ki, burada ən başlıca niyyət təxribatı sərhədə daşımaqla Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) fakt qarşısında qoymaq və ondan Azərbaycana qarşı istifadə etməkdir.

Qeyd edək ki, Ermənistanın bütün cəhdlərinə rəğmən, KTMT Qarabağ münaqişəsinə müdaxilə etmir. Əksinə, indiyə qədər KTMT Bakı və İrəvan arasında seçim məsələsində həmişə Azərbaycanın mövqeyini müdafiə edib. Buna səbəb rəsmi Bakının uğurlu manevrləri, Azərbaycanın  KTMT-yə üzv dövlətlərlə qurduğu diplomatik münasibətlərdir. İrəvan Qarabağ cəbhəsində hərbi toqquşmalar zamanı KTMT-nin dəstəyinə bel bağlasa da, təşkilatın nizamnaməsi də buna imkan vermir. Nizamnaməyə görə, yalnız Ermənistanın dövlət sərhədinə təhlükə yaranarsa, təşkilat hərəkətə keçə bilər. Dağlıq Qarabağ isə Azərbaycan torpağıdır və KTMT üzvləri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Belə bir situasiyada KTMT-ni fakt qarşısında qoymaq və dəstəyini almaq üçün Ermənistana Azərbaycanla sərhəddə hərbi gərginlik lazımdır. Hesab edilir ki, elə sərhəd təxribatları da buna hesablanıb. Amma ötən dövrdə bu istiqamətdə baş verənlər təsdiq edir ki, Ermənistanın bu gedişləri ucuz blefdən başqa bir şey deyil və onun niyyətləri, Rusiya da daxil olmaqla, KTMT-nin bütün üzvlərinə yaxşı məlumdur. Bunu rus hərbi ekspert Aleksey Xlopotov da təsdiq edir. Onun sözlərinə görə, son günlər bilavasitə Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi Ermənistandakı daxili siyasi vəziyyətin pisləşməsinin nəticəsidir: “Bir neçə gün əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Ermənistanın səsi” qəzetinə verdiyi müsahibəyə diqqət yetirmək lazımdır. Onun Ermənistandakı mövcud hakimiyyət böhranını qiymətləndirməsi ilə razılaşmamaq mümkün deyil. Mən də dəfələrlə demişəm ki, Ermənistan hökuməti öz hərəkətləri ilə ölkəni özünütəcridetmə rejiminə salıb. Belə şəraitdə dövlətin inkişafı mümkün deyil. İqtisadiyyatdan demoqrafiyaya qədər hər şey durğunluqdadır. Belə şəraitdə insanlar artıq siyasətçilərin demaqogiyasına inanmır. Onlar hakimiyyətdə qalmaq üçün daha nə edə bilərlər? Ən asan yol əhalini xarici düşmənlərlə qorxutmaqdır. Eyni zamanda, sərhəddə təxribatlar təşkil edərək potensial müttəfiqlərin diqqətini cəlb etmək də mümkündür. Çünki Qarabağda təxribatlar artıq keçmir. Beynəlxalq birlik Ermənistanı işğalçı ölkə kimi tanıyaraq birmənalı qiymətini verib. Buna görə də Azərbaycan bu torpaqları, hətta güc tətbiq etməklə geri qaytarmaq hüququna malikdir. Düşünürəm ki, çoxları bu cür hərəkətlərə göz yumacaq. Maksimum mətbuatda səs-küy yaradacaqlar. KTMT statusu isə Qarabağa şamil edilmir. Buna görə hazırda Ermənistan sərhəddə Azərbaycanla birbaşa qarşıdurma yaratmağa çalışır”.
Ekspertin sözlərinə görə, erməni hərbçiləri sərhəddə gərginliyin birbaşa Azərbaycan snayperlərinin hərəkətləri ilə əlaqəli olduğunu söyləyərək özlərini haqlı sayırlar: “Beləliklə, erməni xuntası məsuliyyətdən yayınmağa çalışır. Ermənilər deyirlər ki, “düşmən mühəndislik işlərinin aparılmasına mane olmağa çalışır”, yəni atəş mövqelərini təchiz etməyə imkan vermirlər. Lakin nədənsə, erməni hərbçiləri qəflətən bu cür işləri aparmağa ehtiyac duyulmasının səbəbləri barədə susmağa üstünlük verir. Aydındır ki, bu “mühəndis işləri”, Azərbaycan sərhədçilərinə atəş açılması eyni zəncirin bağlantılarıdır, yəni genişmiqyaslı təxribatın hazırlanmasıdır. Azərbaycanla hərbi münaqişə yenidən başlayacağı təqdirdə, İrəvan siyasi və informasiya baxımından Avropa və ABŞ-a, hərbi baxımdan isə Rusiya tərəfindən göstəriləcək kömək və dəstəyə ümid edir. Lakin Ermənistanın KTMT-də iştirakı ona kömək etməyəcək – Belarus və Qazaxıstan kimi Avrasiya İttifaqının aparıcı gücləri (həm iqtisadi, həm də hərbi) bu təxribatda Ermənistanı dəstəkləməyəcək. Üstəlik, siyasi baxımdan daha güclü əlaqələri olan Azərbaycana dəstək vermə ehtimalı yüksəkdir. Rusiya maksimum siyasi yolla Azərbaycanı Ermənistanın tam hərbi məğlubiyyətindən çəkindirməyə çalışacaq. Rusiya daxili problemləri üzündən silahlı qüvvələrindən istifadə edərək bu silahlı qarşıdurmaya müdaxilə etməyəcək.
Fakt budur ki, Rusiya Federasiyasındakı daxili siyasi vəziyyət də rifahdan uzaqdır. Suriyadakı hərbi əməliyyatlar və Donbasdakı tanınmayan qurumlarda rejimi dəstəkləmək yoxsul əhali kütlələri arasında çox da coşqu yaratmır. Moskvanın sadəcə başqa bir hərbi kampaniyaya imkanı çatmaz. Kreml iqtisadi cəhətdən güclü olan Azərbaycanla əlaqəsini kəsməyə getməyəcək”. Ekspert məsələ ilə bağlı “ordu” portalına açıqlamasında vurğulayır ki, Ermənistana Qərb də kömək etməyəcək: “O, Ermənistandan yalnız Rusiyaya təzyiq elementi kimi istifadə edir, müqavilə və ittifaqları pozmağa məcbur edir, lakin bunun əvəzində heç bir şey təklif etmir. Buna görə də Qərbə olan ümidlər erməni siyasətçilərinin dərin səhvidir. “Qızardılmış ət” iyi gələn kimi ABŞ və Avropa Paşinyanı tərk edəcək. Bunun yaxşı bir nümunəsi Ukraynadır. Ümumiyyətlə, bəzən məndə Ermənistanın müəyyən bir özünü məhvetmə mexanizmini işə saldığı təəssüratı yaranır – nə etsələr vəziyyət daha da pisləşir. Ermənistanın özü üçün bu daha pisdir. Erməni xalqı daha nə qədər dözə bilər? Mən falçı sayılmaq istəmirəm, lakin vəziyyətin inkişafı Paşinyanın bir ildən çox vaxtı qalmadığını göstərir. Bu müddət ərzində müxalifət möhkəmlənəcək və sonra Ermənistan yenidən qaynar qazana çevriləcək. Üstəlik, hərbi təxribatlarla insanların diqqət vektorunu daxili problemlərdən xarici düşmənə çevirmək cəhdi Paşinyan üçün təmiz intihar olardı. Hərbi gücdən danışırıqsa, hazırda Ermənistanın mövcudluğu yalnız Azərbaycan rəhbərliyinin xoş iradəsinin nəticəsidir. Ümid edirik ki, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Ordusuna “İrəli!” əmrini verməməsi üçün dözümü və səbri olacaq. Lakin Paşinyan da qonşusunun səbrinin hüdudsuz olmadığını başa düşməlidir”. Bütün bunlar bir daha təsdiq edir ki, əslində, cəbhənin istənilən istiqamətində törədilən təxribat düşmənə olduqca baha başa gəlmək iqtidarındadır. Hər halda, bunun aprel döyüşləri kimi real təcrübəsi var. Bu mənada aydındır ki, getdikcə güclənən Azərbaycan istənilən vaxt hərbi əməliyyatlar vasitəsilə qarşıya qoyduğu məqsədə nail olmaq iqtidarındadır. Rəsmi Bakı indilikdə Ermənistanın, eləcə də vasitəçi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin dinc müstəvidə həlli üçün real imkanlara əl  atacağına ümid edir. Amma yaxın tezlikdə bu baş verməsə, Azərbaycan hərbi gücə əl atmaq məcburiyyətində qalacaq. Bu, Ermənistan və onun havadarlarına da yaxşı məlumdur.

Tahir TAĞIYEV

Check Also

İnamı satışa çıxarıb qanunu heçə sayan İuda

Siyasətlə məşğul olmaq həvəsdən savayı, məntiq, ağıl və ən başlıcası, hadisələri qismən də olsa, dəqiq …