Bazar ertəsi , 3 Oktyabr 2022
Home » İNFRASTRUKTUR » Bakı metrosunda Müslüm Maqomayevin mahnıları səsləndirilir

Bakı metrosunda Müslüm Maqomayevin mahnıları səsləndirilir

Bu gün dünya şöhrətli azərbaycanlı opera və estrada müğənnisi, bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyi şərəfinə “Bakı Metropoliteni” QSC-də onun mahnıları səsləndirilir.

Bu barədə  qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Azərbaycan xalqının böyük rəhmət və sevgi ilə andığı əbədiyaşar sənətkarın musiqi irsinə daim Bakı metrosunda xüsusi yer verilir. Böyük ustadın əziz xatirəsi ehtiramla yad edilir, səsləndirdiyi musiqi parçaları müxtəlif layihələrdə metropoliten sərnişinlərə təqdim olunur.

Bu gün metropolitenin stansiyalarındakı elektron monitorlarda M.Maqomayevin yubileyini xatırladan posterlər nümayiş olunur.

Bundan savayı, bütün metropoliten stansiyalarında dahi müğənninin sənətinə xüsusi ehtiram və hörmətin əlaməti olaraq, stansiyalarda onun ifasında hər kəsi heyran edən musiqi parçaları səsləndirilir.

Musiqi proqramına M.Maqomayevin zəngin repertuarından Azərbaycan və dünya xalqlarının dillərində ifa etdiyi mahnılar daxil edilib.

1942-ci ilin bu günündə Bakıda dünyaya göz açan böyük sənətkar keçmiş SSRİ-nin Xalq artisti adını daşıyır. O, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox medal, mükafatları və adları ilə təltif edilmiş M.Maqomayev 30-dan çox filmin musiqisinin müəllifidir.

Check Also

Prezident: “Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi önəmli məsələdir”

“Bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi əlbəttə ki, önəmli məsələdir”. Boyukmillet.com xəbər verir …