Cümə , 13 Dekabr 2019
Home » Dünya » “Bakı-Xəbər” – qəzetdən sayta, sonra “TV” yayıma…

“Bakı-Xəbər” – qəzetdən sayta, sonra “TV” yayıma…

Müasir internet televiziyası məkanına yeni bir televiziya da daxil oldu. Noyabrın 25-də “Bakı-Xəbər” ailəsinin növbəti layihəsi olan “Bakı-Xəbər” TV-nin açılış mərasimi keçirildi. “Bakı-Xəbər” kollektivinin böyük sevinclə və yaradıcılıq axtarışları ilə çıxdığı yeni uğurlu yolun, əlbəttə, sonucunda bizi böyük tamaşaçı sevgisinin müvəffəqiyyətlərinin gözlədiyinə şübhəmiz yoxdur. Zaman-zaman Azərbaycan oxucusunun sevimli, hər zaman tələbatı olduğu mətbu orqana çevrilən “Bakı-Xəbər”in bu gün yeni bir layihə ilə tamaşaçıların görüşünə gəlməsi mühüm hadisədir.

“Bakı-Xəbər” TV-nin açılış mərasimində “Bakı-Xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış ictimai-siyasi xadim Aydın Quliyev çıxış edərək “Bakı-Xəbər”in keçdiyi yaradıcılıq yolundan danışdı. Qəzetin tarixində önəmli bir dövr başladığını qeyd edən A.Quliyev bildirdi ki, “Bakı-Xəbər” TV-nin  internet və sosial şəbəkələr üzərindən birbaşa və montajlı yayımı üçün lazım olan bütün texniki vəsaitlər və şərait mövcuddur. “Bu işdə kollektivimizin hər bir üzvünün əməyi olub. “Bakı-Xəbər”in hər bir əməkdaşı əlindən gələn işin qulpundan yapışdı, bunun nəticəsidir ki, biz qısa bir vaxtda bu işin öhdəsindən gələ bildik. Bu işdə bizə redaksiyamızdan kənarda bir sıra dostlarımızın qiymətli dəstəyi oldu. İnşallah, bir gün biz onların iştirakı ilə də bir toplantı keçirəcək, onların əməyini qiymətləndirib, onlara təşəkkürümüzü bildirəcəyik.

“Bakı-Xəbər” qəzeti Azərbaycanın müstəqillik dövrü tarixində önəmli bir hadisə kimi yarandı. İlkin dövrdə “Bakı-Xəbər” bir partiya qəzeti kimi yaransa da, cəmi 1 ayın içində ölkədə çox populyar olan, Azərbaycanın o dövr üçün ictimai rəyə təsir göstərən üç önəmli qəzetindən birinə çevrildi. Sonrakı dövrdə “Bakı-Xəbər” partiyalı qəzet mövqeyindən müstəqil mövqeyə çox uğurla keçid edən ilk qəzet nümunəsi kimi bizim tariximizdə qaldı. İlk dəfə olaraq “Bakı-Xəbər” qəzeti partiyalı mövqedən müstəqilliyə keçid etdi, bu çox uğurlu bir keçid idi. Sonradan başqa qəzetlər də belə addımlar atdılar, tarix də sübut etdi ki, siyasi partiyaların tabeliyində, onların platforması üzərində media orqanları üçün inkişaf yoxdur və biz tamamilə doğru seçim etmişdik. Bu dövr ərzində “Bakı-Xəbər” qəzeti çoxlu asan, çətin mərhələlərdən keçib, bu mərhələlərin heç birində biz tənəzzül yaşamadıq, “Bakı-Xəbər” həmişə inkişafda, tərəqqidə oldu. Biz bütün bu dövr ərzində dövlətçilik, vətənpərvərlik, peşəkarlıq və obyektivlik prinsipini əsas götürərək fəaliyyət göstərdik. Biz nə etdiksə, bu prinsiplərə söykənərək etdik, nə yaratmaq mümkün idisə, məhz bu prinsiplərin naminə yaratdıq. Qürur hissilə deyə bilərik, biz ona görə bütün mərhələlərdə uğurlar qazandıq ki, qeyd etdiyim bu prinsiplərə həmişə sadiq qaldıq. Biz prinsiplərimizin yolunda fəaliyyəti davam etdik. “Bakı-Xəbər” bir məktəb rolunu oynadı. Burada saysız-hesabsız jurnalist yetişdi, bu gün onların müəyyən bir hissəsi bizimlə bərabər redaksiyada fəaliyyət göstərir, başqaları isə özləri ölkədə ictimai rəyə təsir edən, tanınmış media orqanlarına rəhbərlik edirlər. Çox önəmli olan bir tərəf də odur ki, onlar məhz “Bakı-Xəbər”in yetirmələri olduqlarını heç vaxt unutmurlar və bunu qürur hissilə deyirlər. “Bakı-Xəbər” qəzeti ötən tarix ərzində çox böyük keyfiyyət dəyişikliklərinə məruz qaldı. O mənada ki, cəmiyyət mərhələdən-mərhələyə keçdikcə, zamanın tələbinə uyğun olaraq biz də yeniləndik və bu yenilənmələrin hamısı uğurla sona çatdı.

“Bakı-Xəbər” bir vaxtlar təkcə qəzet kimi yaranmışdı, sonradan onun internet saytını yaratdıq, həmin sayt bir neçə dəfə yeniləndi, bu gün onlayn rejimdə yenilənən və ölkənin ciddi media orqanlarından biri kimi tanınır. Ondan sonra “Bakı-Xəbər”in müxtəlif sosial şəbəkələrdə, o cümlədən, “Facebook” və “Tvitter”də hesabları yaradıldı. O hesablar da bu gün aktiv şəkildə fəaliyyət göstərirlər. Biz videoxəbərlər blokunu yaratdıq.

Bu gün isə növbəti bir layihəmizi təqdim edirik, biz “Bakı-Xəbər”in internet üzərindən birbaşa və montajlı yayımını yaradırıq. “Bakı-Xəbər” qəzeti ilkin olaraq tək bir pillə kimi yarandı və bu gün isə  artıq böyük bir ailəyə çevrilib. “Bakı-Xəbər” qəzeti müasir Azərbaycanın tarixində önəmli rol oynadı” – deyə bildirən A.Quliyev vurğuladı ki, “Bakı-Xəbər”də yetişən saysız jurnalist yalnız qəzetin deyil, həm də, bütövlükdə, Azərbaycanın qazancıdır.

“Bakı-Xəbər” qəzetinin inkişafına töhfələr verən redaksiya əməkdaşlarına buna görə təşəkkür edən baş redaktorumuz qeyd etdi ki, qəzetin bu səviyyəyə çatmasında kollektivin hər bir üzvünün özünəməxsus rolu var. “Əminəm ki, “Bakı-Xəbər” bundan sonra da yüksələn xətt üzrə fəaliyyət göstərəcək, yeni-yeni keyfiyyət formaları kəsb edəcək. Çünki dünyanın, zamanın, Azərbaycanın inkişaf çağırışlarına cavab olaraq, biz də həmin çağırışlara uyğun pillədən-pilləyə yeni-yeni formalar kəsb edərək fəaliyyətimizi davam etdirəcəyik. “Bakı-Xəbər” bir brenddir, bu brend bu gün Azərbaycanda, eyni zamanda, beynəlxalq miqyasda tanınır, bizim beynəlxalq əlaqələrimiz var. Dünyanın bir sıra tanınmış media orqanları ilə əlaqələr saxlayırıq. Müxtəlif təmsilçilik nailiyyətlərimiz var. “Bakı-Xəbər” Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvüdür. “Bakı-Xəbər” qəzeti bir sıra beynəlxalq tədbirlərdə Azərbaycanı, Azərbaycan mediasını ləyaqətlə təmsil edib. Bu da bizim aktivimizdə çox dəyərli, qiymətli nüanslardan biridir.

Yeni bir yola çıxırıq, əminəm ki, bu yolun da nəticəsi çox uğurlu olacaq. “Bakı-Xəbər” qəzeti 16 il əvvəl yarandıqda ona şübhə ilə yanaşanlar da vardı, Azərbaycanın qəzet bolluğu mühitində onun uğur qazanacağına o qədər də inanmırdılar. Sonradan “Bakı-Xəbər”in fədakarlığı nəticəsində əldə olunan böyük nailiyyətlərə rəğmən, onlar düzgün yolda olmadıqlarını anladılar və hamı qəbul etdi ki, “Bakı-Xəbər” qəzeti bu insanların kollektiv zəhmətinin üzərində yaranıbsa, bu kollektivin çiyinləri üzərində də inkişaf edəcək. Yeni layihəmizin fəaliyyətə başlaması münasibətilə sizi təbrik edirəm”.

A.Quliyevin çıxışından sonra qəzetimizin ağsaqqal əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, tədqiqatçı-alim İltifat Əliyarlı “Bakı-Xəbər” TV-nin yaradılması münasibətilə kollektivimizi və tamaşaçıları təbrik etdi.

“Hesab edirəm ki, “Bakı-Xəbər”in bütün kollektivi 25 noyabr 2019-cu il tarixini, bu əlamətdar günü  heç vaxt unutmayacaq. Bu nəinki “Bakı-Xəbər”in, eləcə də kütləvi informasiya vasitələrinin tarixində yeni bir mərhələdir. “Bakı-Xəbər” TV-nin fəaliyyəti xeyirli-uğurlu olsun. “Bakı-Xəbər” internet televiziyası artıq fəaliyyətə başlayır və əminik ki, bundan sonra çoxlu uğur əldə olunacaq, bu televiziyada mühüm məsələlərlə bağlı saysız müsahibə, reportaj, proqramlar təqdim olunacaq. “Bakı-Xəbər” qəzeti müstəqil Azərbaycanın yetirməsidir. Heç bir mübaliğəyə yol vermədən qeyd etməliyik ki, bu gün Azərbaycanda “Bakı-Xəbər” qəzetinin imici də çox müsbətdir. Bu qəzetdə müxtəlif mövzularda məqalələr dərc olunur ki, bu da “Bakı-Xəbər” qəzeti kollektivinin zəhməti hesabına başa gəlir. Bu həm də qəzetin yaradıcı və texniki heyətinin peşəkarlıq səviyyəsindən xəbər verir. “Bakı-Xəbər” qəzetinin bu uğurları, ilk növbədə, bizim əzizimiz Aydın müəllimin adı ilə bağlıdır. O bu qəzeti yaradıb, bugünkü səviyyəyə gətirib çıxarıb. Aydın müəllimin fəaliyyəti qəzetlə məhdudlaşmır, müxtəlif radio və televiziya kanallarında çox maraqlı polemikalarda iştirak edir, cəmiyyətə, dövlətə fayda verən maraqlı çıxışlar edir. Bu gün onun çıxışlarının saysız pərəstişkarı var”.

On ilə yaxındır “Bakı-Xəbər”də çalışdığını deyən İ.Əliyarlı qəzetin redaksiyasına yeni nailiyyətlər və yaradıcılıq üfüqlərinin geniş olmasını arzuladı.

Sonra “Bakı-Xəbər” qəzetinin baş redaktoru A.Quliyev əlavə etdi ki, “Bakı-Xəbər” həmişə elə kursla fəaliyyət göstərib ki, bu kursun ölkəmizdə onminlərlə, daha artıq tərəfdarı, təəssübkeşi olub. “Bunlarla bərabər, əlbəttə, bizi sevməyənlər də, kursumuzu qəbul etməyənlər də olub. Bu gün də bizim saysız izləyicimizlə, təəssübkeşimizlə bərabər, qəzetin kursundan məmnun qalmayanlar da var. Amma “Bakı-Xəbər” brendinə kimin hansı münasibətdə olmasından asılı olmayaraq, “Bakı-Xəbər” çox ciddi, obyektiv, mümkün qədər ədalətli olmağa çalışan bir tribuna kimi tanınır. Bu, ölkənin içində də, beynəlxalq dairələrdə də, diplomatik korpuslarda da belədir.

“Bakı-Xəbər”in mümkün qədər ədalətli olmaq, obyektiv, vicdanlı bir imici var. Hesab edirəm ki, biz bu imicin ləkələnməsinə heç bir vəchlə imkan verməməliyik” – deyə baş redaktorumuz bildirdi.

“Bakı-Xəbər” ailəsi olaraq “Bakı-Xəbər” internet televiziyasının yaradılması münasibətilə bütün oxucu və izləyicilərimizi ürəkdən təbrik edirik.

Check Also

125 dairənin az qala hamısından namizədlər irəli çıxaran müxalifət partiyaları – yetərli kadr potensialı ortaya qoya biləcəklərmi…

Məlum olduğu kimi, bir çox müxalif partiya seçkilərdə iştirakını bəyan edib. Ancaq onların böyük əksəriyyətinin …