Bazar , 1 Dekabr 2024
Drone Cameras

Bakının Afinaya sərt mesajı: Şimali Kiprin tanınması gündəmə gələ bilər

Yunanıstanın Ermənistana S-300, Tor-M1 və Osa-AK hava hücumundan müdafiə sistemlərini təhvil verməsi Azərbaycanda ciddi narahatlıqla qarşılanıb. Bu addım Yunanıstan-Ermənistan hərbi əməkdaşlığının tərkib hissəsi kimi qiymətləndirilir və regionda vəziyyəti daha da gərginləşdirə bilər.

Ermənistan son dövrlərdə hərbi texnologiya və silah tədarükünü sürətləndirib, müxtəlif ölkələrlə hərbi-texniki əməkdaşlıq sənədləri imzalayıb. Fransa, Hindistan və Yunanıstandan aldığı hücum xarakterli silahlarla Ermənistana Azərbaycanın maraqlarına qarşı fəaliyyət göstərmək üçün şərait yaradılır. Hərbi ekspertlərin fikrincə, Ermənistanın bu davranışları regionda balansı pozur və təhlükəsizlik risklərini artırır.

Mövzu ilə bağlı Crossmedia.az-a danışan hərbi ekspert Emin Həsənli qeyd edib ki, Ermənistanın davamlı silahlanması sülh danışıqlarını arxa plana atır və bu ölkəni təcavüzkar siyasət yürütməyə sövq edir. “Ermənistan aldığı bu silahları açıq şəkildə Azərbaycana qarşı istifadə etməyə hazırlaşır. Bu, regional təhlükəsizliyə böyük təhdid yaradır və Azərbaycan artıq daha sərt addımlar atmağa məcbur qala bilər,” – deyə ekspert bildirib.

Həsənli əlavə edib ki, Ermənistanın bu təxribatları təkcə region üçün deyil, elə onun özü üçün də ciddi nəticələrə səbəb olacaq: “Əgər bu proses davam edərsə, Ermənistan dövlət olaraq öz mövcudluğunu sual altına sala bilər. Azərbaycan bu təxribatları cavabsız qoymayacaq və Ermənistanı daha ağır vəziyyətlər gözləyə bilər”.

Ekspert həmçinin Yunanıstanın Azərbaycan və Türkiyəyə qarşı qeyri-dost münasibətini tənqid edərək, bu siyasətin Yunanıstana mənfi təsirlər yaradacağını bildirib. “Yunanıstanın Azərbaycan və Türkiyəyə qarşı belə yanaşması ona həm iqtisadi, həm də siyasi baxımdan ciddi ziyan vuracaq. Bu dövlət öz siyasətində dəyişiklik etməsə, bölgədə təcrid vəziyyətinə düşə bilər,” – deyə Həsənli vurğulayıb.

Azərbaycanın Afinaya sərt mesaj göndərməsi də diqqət çəkir. Hökumət rəsmiləri bildirirlər ki, əgər Yunanıstanın qeyri-dost siyasəti davam edərsə, Bakı Şimali Kiprin tanınması məsələsini gündəmə gətirə bilər. Bu, bölgədə siyasi dinamikanı dəyişdirə biləcək strateji bir addım kimi qiymətləndirilir.

Şimali Kipr türkləri Azərbaycanın və Türkiyənin soydaşlarıdır. Tarixə nəzər saldıqda, Kipr türkləri 1571-ci ildən Osmanlı İmperiyasının bir hissəsi olmuş və uzun müddət bölgədə hakim mövqedə dayanmışlar. Lakin 20-ci əsrdə bölgədəki ingilis idarəçiliyi və Yunanıstanın təxribatları türklərə qarşı zorakılıq və soyqırımlarla nəticələnmişdir. 1974-cü ildə Kipr türklərinin haqlarını müdafiə etmək üçün Türkiyə hərbi müdaxilə edərək bölgədə balansı təmin etmişdir.

Bu gün Şimali Kipr Türk Cümhuriyyəti beynəlxalq səviyyədə tanınma istiqamətində ciddi səylər göstərir. Türk Dövlətləri Təşkilatı ilə qurulan əlaqələr və Azərbaycanın dəstəyi bu istiqamətdə əhəmiyyətli rol oynayır.

Azərbaycan Prezidenti İlham Əliyevlə Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar arasında keçirilən görüşlər bu əlaqələrin dərinləşdiyini göstərir. Ekspertlər hesab edirlər ki, Azərbaycan və Türk Dövlətləri Təşkilatı Kiprin beynəlxalq səviyyədə tanınması üçün daha fəal mövqe sərgiləyəcək.

Emin Həsənli bildirir ki, Kiprin coğrafi yerləşməsi strateji baxımdan böyük əhəmiyyət kəsb edir. “Kipr, dünyanın bir çox dövləti üçün önəmli bir mövqedə yerləşir. Türk dövlətləri Kipr türklərinin apardığı mübarizəni dəstəkləməyə davam etməli və bu prosesi beynəlxalq aləmdə gücləndirməlidir”, – deyə Həsənli əlavə edib.

Türk Dövlətləri Təşkilatının dəstəyi və Kiprin beynəlxalq səviyyədə tanınması istiqamətində atılan addımlar gələcəkdə daha geniş təsirlərə səbəb olacaq. Bu həm regionda, həm də beynəlxalq diplomatiyada yeni reallıqlar yarada bilər.

Check Also

Türkiyədə tutulan 70 kiloqram qızılla bağlı detallar: Dubaydan necə gəlib, hava limanından kim keçirib…

DTX Qəhrəman Məmmədovun həbsilə bağlı detalları açıqlayıb Azərbaycanın ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi, polkovnik-leytenant Qəhrəman …