Bazar , 1 Dekabr 2024
Drone Cameras

Baş İdarə əməliyyat keçirib, 40 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə paytaxt və bölgələrdə əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə  nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin daha bir neçə üzvü – əvvəllər məhkum olunmuşlar 45 yaşlı Bəxtiyar Fətullayev, 32 yaşlı Kənan Məmmədov, həmçinin 35 yaşlı Rövşən Cəfərov və 44 yaşlı Nazim Qələndərov saxlanılıblar.

Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən ümumilikdə 40 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, metamfetamin və 400 ədəd metadon həbi aşkarlanıb.

Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Masallı və Siyəzən rayonları, eləcə də paytaxt ərazisində müxtəlif ünvanlardan əvvəlcədən müəyyənləşdirilmiş yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.

Saxlanılanların hər biri Azərbaycanda narkotik vasitələrin əsas tədarükçülərindən olublar.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Check Also

DTX: Türkiyədə 70 kq qızılla saxlanılan polkovnik-leytenant barəsində cinayət işi başlanılıb

Diplomatik statusdan istifadə edilməklə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Türkiyəyə daşınan külli miqdarda qızıl külçələrini qaçaqmalçılıq …