Cümə , 2 Dekabr 2022
Home » Dünya » “Başlarından vura-vura” ermənilərə cavab verdik, gecə yarısı… – Norveçdəki fəalımız ŞOK DETALLARI AÇDI (FOTO)

“Başlarından vura-vura” ermənilərə cavab verdik, gecə yarısı… – Norveçdəki fəalımız ŞOK DETALLARI AÇDI (FOTO)

“Bizim ən böyük missiyamız iki ölkə arasında dialoq, şəffaflıq və dostluq münasibətləri qurmaqdır. Bununla yanaşı, ən böyük istiqamətimiz lobbiçilikdir. Təşkilatımız bu sahədə də yarandığı 4 il ərzində böyük uğurlara nail olub. Biz xüsusilə İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq səsini fərqli, innovativ layihələrlə Norveçdəki yerlilərə çatdırmağa çalışdıq”.

Bu sözləri Musavat.com-a Norveçdəki “CAN” diaspor təşkilatının sədri Şervin Nəcəfpur deyib.

O bildirib ki, son günlər baş verənlər hamımızı dərindən incidir:

“Bir diaspor fəalı olaraq vicdanım imkan vermir ki, kənarda oturum və baş verənləri səssiz şəkildə izləyim. Özümə borc bilirəm ki, əlimdən gəldiyi qədər Azərbaycanın haqq səsini Norveç ictimaiyyətinə və mətbuatına, Milli Məclisə və Xarici İşlər Nazirliyinə çatdırım. Biz bu sahədə intensiv şəkildə fəaliyyət göstəririk və son 3 gündür uğurlara nail ola bilmişik. Azərbaycan və Ermənistan mövzuları Norveç mətbuatında gündəmə gələndə hər zaman olduğu kimi, Norveç jurnalistləri hər şeyi ermənilərin dilindən oxuculara çatdırırlar. Ona görə biz illərdir ki, Norveç qəzetlərinin, jurnalistlərinin yaydıqları yalanları ifşa edib həqiqətləri bir-bir onlara izah edirik. “Right of Reply” hüququmuza uyğun olaraq bizim də cavablarımız yerli mətbuatda dərc olunur və öz etirazlarımızı bildiririk. Bu dəfə də Norveç mətbuatı bizi təəccübləndirmədi və baş verənləri birtərəfli şəkildə ictimaiyyətə təqdim etdilər. Azərbaycanın İsveç Krallığındakı səfiri cənab Zaur Əhmədovla birlikdə mətnlər, açıqlamalar hazırladıq ki, Norveç mətbuatına effektiv şəkildə cavab verək.

16632273425763047101_1000x669.jpg (250 KB)

3 gün əvvəl ilk uğura nail olduq. Norveçin tanınmış bir qəzetinin onlayn səhifəsində 10 dəqiqəlik canlı yayım gedirdi. Norveçin məşhur yazar və jurnalisti qonaq idi. O, ermənipərəst biri olaraq təbii ki, ermənilərin tərəfini tutdu. Yanlış məlumatları Norveç ictimaiyyətinə ötürməyə çalışdı. Dedi ki, türklər və azərbaycanlılar erməniləri yer üzündən silmək üçün onları soyqırıma məruz qoyublar və hazırda bu prosesi davam etdirirlər. Biz qəzetə zəng vurduq və “başlarından vura-vura” birtərəfli veriliş yayımladıqları üçün “Right of Reply” hüququmuzdan istifadə etdik. Müzakirələrimiz uzun sürdü, amma sonda 3 səhifəlik mətnimizdən çox az hissəni ən axırda yerləşdirdilər. Bu yolla izləyicilərin beynini yuyurlar, bilirlər ki, izləyici sona baxmayacaq. Gecə yarısı digər bir qəzetə də etirazımızı bildirdik. 2 gün əvvəl başqa bir Norveç qəzetində hazırladığımız mətnin uzun versiyası yayımlandı. Bu sahədə işlərimizi davam etdiririk.

Norveçdə 3600-ə yaxın azərbaycanlı yaşayır. Bunlardan 700 nəfəri Azərbaycandan, qalanı isə Cənubi Azərbaycandandır. Burada bir neçə Azərbaycan diaspor təşkilatı var. Mənim atam 30 ildən artıqdır ki, Norveçdə yaşayır və burada qurulan ilk Azərbaycan təşkilatlarının birində üzv olub. Burada doğulub boya-başa çatdığım, təhsil aldığım və illərdir fərqli sahələrdə çalışdığım üçün özümə geniş çevrə toplamışam. Bu baxımdan müəyyən imkanlardan və fürsətlərdən istifadə edə bilirik.

Bir diaspor sədri olaraq mənim üçün ən vacib məqam odur ki, yaşadığımız ölkənin dilini çox yaxşı bilməliyik. Eyni zamanda onların mədəniyyətlərini çox yaxşı şəkildə başa düşməliyik. Biz buna nail ola bilsək, sözümüzü çox gözəl şəkildə ifadə edə bilərik. Bizim ən böyük arzumuz Norveçdə fərqli sahələrdə çalışan insanları (deputatları, hüquqşünasları, jurnalistləri, fotoqrafları, blogerləri və s.) 1-2 günlük Qarabağa gətirməkdir.

FotoJet - 2022-05-23T105441.929.jpg (73 KB)

Onlar həm ermənilərin törətdikləri vəhşiliklərlə tanış olsunlar, həm də orada gedən dirçəliş prosesləri ilə yaxından tanış olsunlar. Biz bütün gücümüzlə çalışırıq ki, Norveçdə Azərbaycanla bağlı yayılan qərəzli məlumatları yerlə-yeksan edək. Bu baxımdan qarşıda çox uzun yolumuz var.

“CAN” diaspor təşkilatı daim norveçlilərlə görüşlər keçirir və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik. Xaricdə yaşayan insanlar informasiya müharibəsində aktiv şəkildə iştirak etməlidirlər. Demək olar ki, hər kəs smartfondan, sosial şəbəkələrdən istifadə edir. Biz postlarımızı, rəylərimizi əsirgəməməliyik. İmkan olduğu qədər yaşadığımız ölkənin dilində məlumatlar paylaşmalı, rəylər yazmalıyıq. Çağırışım bütün dünya azərbaycanlılarınadır! Çox istəyirəm ki, onları daha aktiv şəkildə bütün platformalarda görüm. Əgər biz Norveç kimi radikal ölkənin mətbuatında məlumat və məqalə yerləşdirə biliriksə, bu, başqa ölkələrdə daha asandır. Arzu edirəm ki, bu müsahibəni oxuyanlar bizdən ilham alıb eyni addımları yaşadıqları ölkələrdə də atsınlar”.

Aytən Novruz
Musavat.com

Check Also

Regionda təxribata əl atan ölkə qarşısında Türkiyə-Azərbaycan Vahid Ordusunu görəcək! – ŞƏRH

Azərbaycan Türkiyənin bütün sahələrdə olduğu kimi hərbi sahədə də tərəfdaşıdır. İndiyədək iki ölkə arasında hərbi …