Home » Cəmiyyət » “Bu il qələbə gününü qeyd etmək ayrıca sevinc bəxş edir” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Bu il qələbə gününü qeyd etmək ayrıca sevinc bəxş edir” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“9 may faşizm üzərində “qələbə bayramı”nın çox böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspert xüsusilə vurğulayıb ki, bu bayramda Azərbaycan xalqının payı həddindən artıq böyükdür.
“Həm 700 mindən artıq azərbaycanlı bu müharibədə iştirak edib və tək sovet vətəndaşı olan Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar yox, eyni zamanda o vaxt Ermənistanda da, Gürcüstanda da, Dağıstanda da, bir çox yerlərdə, Orta Asiyaya sürgün edilmiş azərbaycanlılar da, yəni SSRİ-nin müxtəlif respublikalarında yaşayan azərbaycanlılar müharibədə iştirak ediblər, qələbənin əldə edilməsində çox fədakarcasına döyüşüblər. Onların bir çoxu yüksək orden və medallarla təltif olunub, Sovet İttifaqı Qəhrəmanı adı alıblar.

Arxa cəbhədə də böyük nailiyyətlər əldə edilib. Qələbənin əldə edilməsində Bakı neftinin əhəmiyyəti böyükdür, əvəzsizdir. Təyyarələrin 90 faizi, texnikanın 70 faizi Bakı nefti ilə hərəkət edib. Yəni, arxa cəbhənin də əməyi həddindən artıq böyükdür. Bakıda bir çox silah zavodları olub. Silahlar Bakıda istehsal olunub. Qospitallar olub və yaralılar Bakıda müalicə olunub. O zaman köçkünlər, müharibədən qaçmış sovet vətəndaşları, istər Belarus, istər Ukraynadan olsun, Azərbaycana sığınıblar, Azərbaycanda onlara diqqət və qayğı göstəriblər. Müharibənin başa çatmasında Azərbaycanın çox böyük rolu var. Bu barədə xeyli əsərlər, filmlər, faktlar da mövcuddur ki, biz bunu bilirik.

Bu il qələbə gününü qeyd etmək ayrıca sevinc bəxş edir. Azərbaycan Ordusu erməni faşizmi üzərində qələbə çaldı. Babaların ənənələrini övladlar gözəl davam etdirir. Üstəlik, bu Azərbaycanın qələbəsidir. Bizim bu qələbəmizi xalqımız, dövlətimiz gözləyib. Bilirsiniz ki, bizim torpaqlarımız işğal olunub, ərazilərimiz kiçilə-kiçilə gedib, ancaq 2020-ci ilin 27 sentyabr – 10 noyabr arasında 44 günlük Vətən Müharibəsi nəticəsində bu torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bizim şəhidlərimizin arzusu idi ki, müstəqilliyimizin, ərazi bütövlüyümüzün əbədi olması. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qələbə əldə etdi. Ulu Öndər Heydər Əliyev Böyük Vətən Müharibəsi Veteranlarına, Qarabağ Müharibəsi Veteranlarına, şəhid ailələrinə böyük diqqət və qayğı göstərib və bu siyasət bu gün cənab Prezident tərəfindən də davam etdirilir. Cənab Prezident müharibədə iştirak etmiş, İkinci Dünya Müharibəsində iştirak etmiş vətəndaşlara pul vəsaitləri ayırdı. Hər il Azərbaycan dövləti tərəfindən onlara birdəfəlik pul vəsaitləri ayrılır, təqaüd, mənzil, avtomobil verilir. Azərbaycan dövləti onlara xüsusi diqqət və qayğı göstərib. Hətta dövlətimiz Çernobıl faciəsinin aradan qaldırılmasında iştirak etmiş şəxslərə də xüsusi diqqət və qayğı göstərir.

Müharibədə xidmət etmiş Azərbaycanın hər bir vətəndaşı yüksək səviyyədə qiymətləndirilir. Bu gələcəkdə də belə olacaqdır və ənənələr Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Biz faşizmə, onun harada olmasından asılı olmayaraq nifrət edirik. Erməni faşizmi alman faşizmindən də qəddardır. Alman faşizmi torpaqları alanda, işğal edəndə yerli əhalini oradan qovmurdu. Ermənilər isə deportasiya siyasəti, soyqırım siyasəti, işğalçılıq siyasəti aparır. Biz erməni faşizminin yenidən baş qaldırmaması üçün daim fəaliyyət göstərməliyik və cənab Prezident İlham Əliyevin dediyi kimi, dəmir yumruq onların daima başlarının üzərində olmalıdır.

Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Azərbaycan xalqına, Azərbaycan Prezidentinə. Bizim xalq qəhrəman xalqdır. Prezidentimiz Ali Baş Komandandır, ordumuz qalib ordudur və bu, bizim hamımızı sevindirir”, deyə hərbi ekspert Emin Həsənli bildirib.Müəllif: İnam Hacıyev

Check Also

Azərbaycanda bir həftəlik Ramazan tətili başlayıb

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başlayıb. Boyukmillet.com -un məlumatına görə, …