Bazar ertəsi , 27 Sentyabr 2021
Home » Siyasət » “Bütün bunlar sübut edir ki,..” – DEPUTAT ŞƏRH ETDİ

“Bütün bunlar sübut edir ki,..” – DEPUTAT ŞƏRH ETDİ

“Prezident İlham Əliyevin Füzuli və Şuşaya səfərdən qayıtdıqdan dərhal sonra – sentyabrın 3-də Sumqayıta səfər etməsi və burada bir sıra layihələrin təməlini qoyması və bir sıra vacib obyektlərin açılışında iştirak etməsi bir daha sübut etdi ki, ölkə rəhbəri üçün erməni işğalından azad edilmiş ərazilərin bərpası nə qədər diqqət mərkəzindədirsə, digər regionların sosial-iqtisadi inkişafı da bir o qədər prioritet məsələdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” MMC-nin açılışı zamanı İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ölkəmizdə sənaye parklarının yaradılmasının əhəmiyyəti barədə geniş məlumat verdi: “Cənab nazir bildirdi ki, hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir və dövlət başçısının bu ilin mayında imzaladığı Fərmanla yaradılan Ağdam Sənaye Parkı bu sırada 6-cı park olacaq. Təkcə Sumqayıt Kimya Sənaye Parkında 5500-dək insanın daimi işlə təmin edilməsi, məhsul istehsalı və ixracının həcminin günbəgün artması bu parkların Azərbaycanın iqtisadi inkişafında oynadığı mühüm rolun əyani sübutudur. Məhz bu sənaye parkları sayəsində ölkəmizdə sənayeləşmə prosesi sürətlə irəliləyir, istehsalda yerli məhsulların payı artır və ölkənin ixrac imkanları daha da genişlənir, yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır. Nazir M.Cabbarov bildirdi ki, Sumqayıt Kimya Sənaye Parkında yaradılan yeni yaradılan “Azmonbat” müəssisəsində istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılacaq və propilen, yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, ammonium sulfat məhlulu və s. məhsullar əldə olunacaq, istehsal edilən məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də bir sıra xarici ölkələrə ixrac ediləcək və ölkəyə valyuta gətirəcək”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Sumqayıta səfəri zamanı cənab Prezident Sumqayıt Məhkəmə Kompleksinin açılışında da iştirak edib: “Ədliyyə naziri Fikrət Məmmədov kompleksdə yaradılan şərait barədə dövlət başçısına məlumat verib. Cənab Prezident Sumqayıt səfərində Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub. Məktəbdə yaradılan şərait barədə dövlət başçısına məlumat verən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbin tikintisini son illərdə ölkədə təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrindən biri kimi dəyərləndirib. Cənab Prezident Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin də təməlinu qoyub. Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlətimizin başçısına yeni layihə barədə məlumat verib, 2 hektar ərazini əhatə edəcək doqquz, on iki və on altı mərtəbəli 11 binada 466 mənzilin yerləşəcəyini bildirib. Cənab Prezidentin iştirakı ilə “Sumqayıt” Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı isə ölkədə enerji potensialının daha da artırılması istiqamətində irəliyə doğru atılmış mühüm addımlardan biri hesab oluna bilər. Bütün bunlar sübut edir ki, dünyanın iqtisadi böhran məngənəsində sıxıldığı bir dövrdə, ölkəmizin böyük maddi itkilərə səbəb olan ağır müharibədən yenicə çıxmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməkdə, Azərbaycan sənayesi texnoloji baxımdan sürətlə yenilənməkdədir. Bununla paralel olaraq Azərbaycan vətəndaşının sosial problemlərinin həlli, sosial şəraitinin yaxşılaşdırılması da dövlət başçımızın daim diqqət mərkəzindədir”.

Arzu Qurbanzadə

Check Also

Qərbi Azərbaycan İcmasından”Qalib əsgərə, təşəkkür!”

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması 27 sentyabr – anım günü ilə əlaqədar tədbir …