Bazar ertəsi , 3 Oktyabr 2022
Home » Siyasət » Cəbi Quliyev: Ermənistan dünyada cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır

Cəbi Quliyev: Ermənistan dünyada cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarından Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan–Ermənistan dövlət sərhədinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev deyib.

Cəbi Quliyev bildirib ki, Ermənistan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılıqları kobud şəkildə pozaraq öz silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb. Eyni zamanda, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirib, bölgəyə ağır texnika və müxtəlif tipli silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutub. Ordumuz tərəfindən aparılan uğurlu döyüş əməliyyatından sonra düşmənə adekvat cavab verilib və atəş nöqtələri susdurulub.

O deyib: “Çox təəssüf hissi ilə bildirmək istərdim ki, ordumuzun apardığı uğurlu döyüş əməliyyatına bəzi antimilli ünsürlər kölgə salmağa çalışırlar. Əlbəttə ki, xalqımız doğruları görür. Xalq Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək bu əməliyyatları birmənalı olaraq dəstəkləyir”.

Uzun illər ərzində Ermənistanın regionda gərginliyin yaradılması üçün bir vasitə kimi istifadə olunduğunu vurğulayan Cəbi Quliyev bildirib ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaranması destruktiv qüvvələrin marağında deyil. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib. Ermənistan dünyada hərbi cinayətkar ölkə kimi tanınmalıdır. Sentyabrın 12-dən etibarən baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların mövcudluğu mülki əhalinin ölümünə səbəb olduğu üçün Ermənistan həm də terrorçu ölkə kimi tanınmalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı və rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır.

Milli Məclisin deputatı vurğulayıb ki, ölkəmizdə yaşanan milli həmrəylik mühiti qorunmalıdır. Bütün qarayaxmalarına və düşmən ölkələrin dəyirmanlarına su tökmələrinə baxmayaraq, 44 günlük Vətən müharibəsində olduğu kimi, xalqımız yenə də Ali Baş Komandanın ideyaları ətrafında sıx birləşib. Azərbaycanı ittiham edənlər unutmasınlar ki, ölkəmiz Ali Baş Komandanın rəhbərliyi altında bütün strateji hədəflərinə çatır və birlik bizi yeni-yeni zəfərlərə aparacaq. Cari il iyunun 27-də Prezident İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir” fikrini vurğulaması da, müasir dövrün reallığını ifadə edir.

Cəbi Quliyev deyib: “Sentyabrın 12-dən başlayaraq yaşanmış insidentlər bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyət daşıyır. Təbii ki, döyüşlərin, müharibənin yazılmamış qanunları var. Bizim hərbi qulluqçularımız canları bahasına bu Vətənin hər bir qarışını qoruyurlar. Son döyüş əməliyyatlarında düşmənə sarsılmaz zərbə vuran ordumuz düşmənin yüzlərlə əsgərini məhv edib. Çox təəssüf ki, bu döyüşlərdə ordumuzun 77 hərbi qulluqçusu şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaxınlarına səbir, yaralılarımıza isə şəfa diləyirəm!”.

Check Also

Samir Adıgözəlli:”Rusiyanın istənilən qonşu ölkədə kifayət qədər agentura şəbəkəsi var. “

 “Hazırda Risiyanın xüsusi xidmət orqanlarının fəaliyyətinə daha çox ölkənin daxilində ehtiyac var, nəinki xaricdə” Rusiya …