Bazar , 1 Dekabr 2024
Drone Cameras

Cəbrayılda minada bir ayağını itirən sürücü: “Prokurorluq obyektiv araşdırma aparmır”

Raqif Nuriyev: “Əlimdə həmin ərazilərin minadan təmizlənməsi barədə sertifikat var”

Bu il iyunun 20-də Cəbrayıl rayonunun Horovlu kəndində tank əleyhinə minaya düşüb, bir ayağını itirən Raqif Nuriyev prokurorluqdakı araşdırmalardan narazıdır. Deyir ki, Cəbrayıl Rayon Prokurorluğunda obyektiv və hərtərəfli araşdırma getmir.

“Minalar yaxşı təmizlənmədiyi halda, sertifikat verilib”

Goranboy rayon sakini Raqif Nuriyev Meydan TV-yə danışır ki, bu hadisə nəticəsində həm ayağını itirib, həm də kreditlə aldığı yük maşını tamamilə yararsız hala düşüb. Deyir ki, 5 aydır maşının özü olmasa da, ailə borc edib, krediti ödəmək məcburiyyətindədir.

Raqif Nuriyev taxıl biçini mövsümündə maşını ilə məhsul daşımaqla ailəsini dolandırırdı. Elə hadisə vaxtı Cəbrayıla getməsinin səbəbi də bu olub.

Raqif Nuriyev bildirir ki, əlində Cəbrayıl rayonunun Horovlu kəndində taxıl əkilən ərazilərin minalardan tam təmizlənməsi barədə Minatəmizləmə Agentliyinin (ANAMA) sertifikatı var. O da həmin sənədə güvənərək, taxılı daşımaq barədə sifarişi qəbul edib və Cəbrayıla gedib:

Foto: Meydan TV

“Orada Vüqar müəllimə məxsus hektarlarla taxıl sahələri var. Fərhad müəllim də biçilən taxılı alan adamdır. Mən isə sadəcə, sürücüyəm. Dövlət orqanının verdiyi sertifikata inanmışam ki, oralar minadan təmizlənib, ona görə getmişəm. İki gün də orada işləmişəm. Üçüncü gün maşınla tank əleyhinə minaya düşmüşəm. Deməli, yaxşı təmizlənməyib. Yaxşı təmizlənmədiyi halda, təmizlik sertifikatı verilib”.

1991-ci il təvəllüdlü Raqif Nuriyev Füzuli rayonunda xəstəxanaya çatdırılıb, orada sol ayağı amputasiya edilib. Sonra Bakıya – Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib:

“Bakıda xəstəxanada da bir ay yatdım. Çünki sümüklərim qırıq-qırıq idi. Ayağım topuqdan 20 santimetr yuxarı kəsildi. Üstəlik mil də qoydular. İndi də yataqdayam. Arabir evin içində gəzirəm. Harasa gedəndə də ancaq kimlərinsə köməyilə… Köməyə möhtac olub qaldım”.

“Mənim başıma gələnlər prokurorluğu maraqlandırmır”

Foto: Meydan TV

Daxili işlər naziri Vilayət Eyvazov Gəncədə vətəndaşlarla görüşəndə Raqif Nuriyev də onun qəbuluna gedib. Deyir ki, nazir onunla görüşüb, şikayətinin araşdırılacağına söz verib. Bir neçə gün sonra nazirlikdən ona zəng gəlib:

“Dediyi kimi də oldu. Nazirlikdən zəng gəldi ki, qardaş, sizin işiniz polisdə deyil, prokurorluqdadır. Sonra eşitdim ki, prokurorluq da mənim işimlə bağlı araşdırmanı dayandırıb. Yəni bu işi götürüb qoyublar bir tərəfə, heç baxmırlar. Əvvəl heç olmasa, zəng edəndə müstəntiq cavab verib, “yaxşı olacaq” deyirdi. İndi telefonlarıma cavab da verilmir. Özləri də görürlər ki, yaman günə qalmışam. Bu, nə münasibitdir insana qarşı?! Bildiyimə görə, Vüqar müəllimlə Fərhad müəllimin təsiri olub. Onlar məsələni həll eləyiblər. Ona görə daha mənim başıma gələnlər, dəyən ziyan prokurorluğu maraqlandırmır”.

Meydan TV Raqif Nuriyevin dediklərinə qarşı tərəfin münasibətini, həmçinin mina partlayışı ilə bağlı araşdırmaların nəticəsini öyrənmək üçün Baş Prokurorluğa sorğu göndərib. Lakin bir həftəyə yaxın müddətdə sorğu cavabsız qalıb.

Check Also

Səhv analiz yoxlaması ilə hamilə qadının QİÇS-ə yoluxdurulduğu bildirilir

İddiaya görə, şöbə müdiri analizi tam yoxlamamış sertifikat verib Naxçıvan Muxtar Respublikası QİÇS-lə Mübarizə Mərkəzində …