Cümə , 4 Oktyabr 2024
Drone Cameras

Cavid Məhəmmədli yazır: Çingizi ən son ayın 12-də paylaşdım. Sonra utandım paylaşmağa…

Çingiz sevgisi haradan gəlir? Xeyli adam bu barədə soruşmuşdu. Indi bu haqda yazmaq istəyirəm. Maraqlı olsa, oxuyarsınız.

O zaman bizim kənddə ibtidai siniflər başqa məktəb binasında idi. 5-ci sinfə keçəndə, əsas məktəb binasına gedirdik. Həmin məktəb binaları bir-birindən aralıda olduğu üçün, ibtidaidə oxuyanlar o biri binaya getmirdi.

5-ci sinifdə oxuyurdum (2004). Ilk dəfə idi ki, yuxarı məktəbdə tədbirləri görürdüm. “20 Yanvar”da nəyə görəsə çöldə tədbir olmamışdı. Xocalı faciəsinin 12-ci ildönümü idi. Məktəbdə açıq havada faciəni təsvir edən şəkillər qoyulmuşdu. Əslində, gördüyümüz şəkillər idi, amma adam daha çox baxmaq istəyirdi. Baxa-baxa gəlib bir şəkil önündə dayandım. Digər şəkillərdə olanlar kimi deyildi bi şəkildəki adam. Çiynində kamera var idi. Xeyli durdum önündə. Müəllimdən soruşdum kimdir? – deyə. Ilk dəfə bir ad eşitdim… Çingiz Mustafayev… Ilk dəfə eşidirdim, amma sanki, ailəmin bir üzvü imiş kimi doğma gəldi bu ad.

Həmin gün sadəcə bu adı düşündüm. Dəftərin giriş hissəsinə Çingiz yazdım. Evə gələndə anamdan daha ətraflı məlumat almaq istəyirdim. Anam danışdı, mən dinlədim. Ilk dəfə tanımadığım, üzünü görmədiyim bir adam üçün ağladım. Axı, silahsız, sadəcə çəkiliş edən bir adamı niyə öldürsünlər ki? Günahı nə ola bilərdi axı.

Uşaq vaxtı qızdırmalarım çox ağır keçirdi. Dəhşətli qarabasmalarım olurdu. Bədheybət görünüşlü canlılar həmişə üstümə gəlib, boğurdular məni. Bunu hər qızdırmam olanda yaşayırdım. Amma hər dəfə də kameralı, saçı uzun bir adam gəlib, onların əlindən alırdı məni. Onun Çingiz olduğuna əmin idim. Çingizi heç kimə demədən, içimdə sevirdim. Bunu həmişə ürəyimin bir hissəsində gəzdirdim, gizlətdim. Böyüdükcə, Çingizə olan o qəribə sevgim də böyüdü. Amma yenə də gizlin, içimdə yaşayırdım.

Şeir səsləndirməyi çox sevirdim. Məktəbdə bütün tədbirlərdə şeir səsləndirirdim. Ədəbiyyatı ölümünə sevirdim. Elə, indi də sevirəm. 8-ci sinifdə bir tədbirdə şeir söyləməli idim. Mənimlə birgə başqa uşaqlar da şeir söyləyəcəkdi. Tədbir rəhbəri xahiş etdi ki, qoy bunlar səndən əvvəl desinlər. Təbii ki, razılaşdım. Sona mən qaldım. Şeiri Çingizə həsr etmişdim. Amma sıra mənə gələndə, tədbiri bitirdilər. Mikrofon əlimdə ola-ola hamı dağıldı. Tədbir rəhbəri tədbiri bitirmişdi… Həmin gün çox pis şəkildə sınmışdım. Qəlbim, qürurum qırılmışdı. 14 yaşlı bir yeniyetmənin… Həm də bütün məktəb önündə. Anam, dayım müəllim, bibim həmin məktəbin direktoru olsa da, heç vaxt istifadə etməmişdim ondan. O gündən sonra bir də heç vaxt şeir söyləmədim, tədbirlərə getmədim. Əslində, Çingizə haqsızlıq etdilər deyə qırılmışdım.

Məktəbdə müəllim kimi işləməyə başlayandan sonra anım tədbirlərini özüm hazırladım. Heç vaxt hansısa uşağı kimsə tapşıranda, imkan vermədim. Sanki, Çingiz mənimlə idi. Onsuz da həyatımın hər saniyəsində onu yanımda hiss etdim. Ötən il Xocalı faciəsi tədbirini hazırladım. Yüzdən artıq uşağı bir həftədə hazırlamışdım. Sonda 3-cü sinif bir qızımız “Sarı gəlin” oynayacaqdı. Unutdum… Tədbiri bitirdim…
Uşaq çox pis oldu. Sonra yadıma düşdü, qışqırdım hamını yığdım. Bu anda da aparat işləmədi. Mənim üzümdən. 8-ci sinif halım yadıma düşdü.. Uşağı qucaqladım ağladım. Həmin gecə yuxuda Çingizi gördüm. Dedi, qız səhərə qədər ağlayıb. Utandınmı?

11-ci sinifdə ilk dəfə Çingizin qəbrinə getdim. O anı sözlə ifadə edə bilmirəm. Qəbrin baş tərəfinə keçməyə utandım. Qəbrin ayaq tərəfində diz çökdüm. O qəbirdə canımdan çox sevdiyim, uşaqlıqdan bağlandığım şəxs yatırdı. Söz verdim. Söz verdim ki, “Allah nəsib etsə, intiqamını alacağam. Şəhid olduğun Xocalının Naxçıvanlı kəndində döyüşüb, oradan torpaq gətirib, qəbrinin yanındaki torpaq hissəyə tökəcəm”…

Naxış ana ilə söhbət etmək imkanım olmuşdu. Çingizə ən çox oxşayan o idi. Çingizin uşaqlığından danışmışdı. Vahid Mustafayev Çingizə o qədər də oxşamır üzdən. Amma səsi odur. Onunla üz-üzə görüşmək üçün 2 ay dayanmadan zəhləsini tökmüşdüm.

Hər dəfə Bakıya gedəndə, mütləq ilk baş çəkdiyim yer Çingizin qəbri olurdu. Amma heç vaxt paylaşmırdım. Utanırdım. Elə bilirdim, insanlar qınayacaq bunu, reklamçı hesab edəcəklər. Həmişə o günün – intiqam gününün gələcəyinə ümid edirdim. Başıma gələn bütün yaxşı, pis hadisələrdə həmişə Çingizi düşünürdüm. “Tovuz döyüşləri”ndə bütün ümidlərim öldü. O zamandan başladım Çingizi paylaşmağa.

Müharibə başlayanda isə ümidləndim. Döyüş başa çatan günə qədər ümidli oldum. Hər an gözüm telefonda idi. Ki, indi çağırış gələcək. Amma döyüş bitəndən sonra çox pis oldum… Verdiyim söz söz kimi də qaldı… Üstəlik də ermənilərin Xocalıda yaşaya bilməsi imkanı ürəyimə bıçaq kimi sancıldı. Xocavənd, Xankəndi o qədər təsir etmədi, amma Xocalı və Naxçıvanlı kəndi çox yandırdı içimi…

Iki gün əvvəl Bakıda olanda, Çingizin hüzuruna getməyə utandım, tərəddüd etdim. Hansı üzlə, hansı sifətlə gedəcəkdim. Gecə yuxuda onu gördüm. Gördüm ki, əlimdən tutub Xocalıya aparır. Ətrafda güllər, çiçəklər var, amma həlak olmuş, şəkillərdə gördüyüm o uşaqlar, qocalar da var. Gördüm deyir ki, “mən onsuz da qəribəm. Oğlum uzaqdadı, gec gəlir. Sən də tək qoyma məni…”. Getdim. Getdim, amma öldüm ölümdən qayıtdım. Bacarmadığımı, sözümü tuta bilmədiyimi dedim.

Deyəsən, heç vaxt Çingizin baş daşını qucaqlayıb, şəklini öpmək nəsib olmayacaq. Çingiz mənim üçün təkcə Milli Qəhrəman, təkcə ömrünü Vətənə qurban verən insan deyil. Çingiz mənim ruhumdu, yuxularımdı, xəyallarımdı, ən uca sevgimdi.

Sona qədər oxudunuzsa, təşəkkür edirəm.

Cavid Məhəmmədli


Check Also

Dilçiyimizin keşiyində dayanan nadir tədqiqatçı

Azərbaycanda dilçilik elmi sahəsində mühüm xidmətləri olan görkəmli alimlərimizdən biri də professor Nadir Məmmədlidir. Sentyabrın …