Çərşənbə axşamı , 8 Oktyabr 2024
Drone Cameras

Ceyhun Bayramov: “Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi”

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir Ceyhun Bayramov üçtərəfli bəyanat, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi, Fransanın mövqeyi, bölgədəki xristian abidələrinin taleyi, müharibədə Türkiyənin rolu, Dağlıq Qarabağda birgə yaşayışa zəmanət və digər sualları cavablandırıb.

Boyukmillet.com həmin müsahibəni təqdim edir.

– Atəşkəsdən sonra Ermənistan tərəfi ilə sülh müqaviləsini bağlayacaqsınız?

– BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslanan 9 Noyabr tarixli üçtərəfli bəyanatın icrası üçün vaxt lazım olacaq. Bəyanatda yalnız atəşkəs deyil, sülhə aparan bir sıra mühüm addımların da təmin edilməsi nəzərdə tutulur. Bəyanatın əsas elementi Ermənistan silahlı qüvvələrinin işğal etdikləri üç rayondan 1 dekabr tarixinə qədər çıxarılmasıdır. Bu tələbin icrası Ermənistanın sülh prosesinə sadiqliyinin dəyərləndirilməsinə imkan yaradacaq. Onilliklər boyu davam edən müharibə vəziyyəti nəticəsində yaranmış yaraların sağalması asan olmayacaq və vaxt aparacaq. Əsas olan odur ki, bütün hərbi əməliyyatlar dayandırılsın və bölgədə sülhün bərqərar olması üçün tədbirlər görülsün. Bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycan ərazilərinin işğalına son qoymaqla və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməklə bölgədə davamlı sülh və təhlükəsizlik bərqərar oluna bilər.

– Atəşkəsin ən yaxşı təminatçısı rus hərbçiləridir?

– Sentyabrın 27-də Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasından etibarən Ermənistanla Azərbaycan arasında üç dəfə atəşkəs razılaşdırıldı və hər dəfə bu atəşkəs Ermənistan tərəfindən pozuldu. Buna görə də atəşkəsə əməl edilməsi üçün hərbi qüvvələrə ehtiyac olduğu aydın oldu. Rusiyanı sülhməramlı kontingenti suveren Azərbaycan ərazisinə Azərbaycanın dəvəti və üçtərəfli bəyanatın müddəalarına əsasən gətirildi. Rusiya Minsk Qrupunun Cənubi Qafqazla sərhədi olan yeganə həmsədr ölkəsidir və bu səbəbdən bölgədə sülh və sabitlikdə birbaşa maraqlıdır. Həm Ermənistan, həm də Azərbaycanla münasibətləri baxımından, şübhəsiz ki, bu ölkə həm də Rusiya prezidenti tərəfindən imzalanan razılaşmanın həyata keçirilməsində həlledici rol oynaya bilər.

– Qərb ölkəsi olan iki həmsədr Fransa və ABŞ atəşkəs razılaşması ilə əlaqəli olmadığı halda Minsk Qrupu faydasız oldu?

– Minsk Qrupunun artıq faydalı olmadığını deməzdim. Fikrimizcə, effektiv olmayan məsələ tarazlı kimi nəzərdə tutulan bir yanaşma adı altında Ermənistana və Azərbaycana eyni mesajlar verməkdir. Təcavüzkar ilə təcavüz qurbanı arasında, işğalçı dövlət ilə əraziləri işğal edilmiş ölkə arasında, qaçqın və onu öz evindən qovan işğalçı arasında tarazlıq saxlamaq mümkün olmayan bir məsələdir. Beynəlxalq vasitəçilərin münaqişəyə diplomatik həll yolu tapmaq səylərinə hörmətlə yanaşırıq. Ancaq təcrübə onu göstərir ki, Azərbaycan işğal olunmuş ərazilərindən silahlı qüvvələrini çıxarmaq üçün Ermənistana təzyiq olmadığı təqdirdə, bu ölkə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə hazır olmayacaqdır.

– Sizin fikrinizcə, münaqişə zamanı Fransa bitərəf qaldı?

– Vasitəçi olmaq üçün fundamental şərt neytrallıqdır. Təəssüf ki, Fransanın rəsmi qurumlarının son açıqlamaları birtərəfli və qərəzli idi. Fransada erməni diasporunun mövcudluğunun nəzərə alınacaq vacib bir amil olduğunu anlaya bilərik, amma bir dövlətin rəsmi mövqeyinin müəyyən edilməsi məsələsinə gəldikdə, bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, habelə dövlət məsuliyyətindən irəli gələn prinsiplərə əsaslanmalıdır. Xüsusən də, sözügedən dövlət vasitəçi mandatına sahib olduqda.

– Fransa sülh müqaviləsini təşviq etmək üçün nə edə bilər?

– Beynəlxalq hüquqa ciddi riayət etməsindən başqa bir şey gözləmirik. Bunun üçün 1993-cü ildə Fransanın səs verdiyi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası, beynəlxalq səviyyədə tanınmış dövlət sərhədlərinin toxunulmazlığının təminatı və məcburi köçkünlərin fundamental hüquqlarının bərpası tələb olunur.

– Bu müharibədə Türkiyənin Azərbaycana pilotsuz təyyarələr və Suriyalı muzdlular daxil olmaqla köməyi böyük rol oynadı. Münaqişənin beynəlmiləşdirilməsi davamlı həllin axtarışını çətinləşdirmir?

– Azərbaycan ordusunu gücləndirən amillər silahlı qüvvələrimizin mobilliyi, dron texnologiyası və tətbiq etdiyimiz müasir yanaşmadır. Ölkəmiz Türkiyə daxil olmaqla bir sıra ölkələrlə müdafiə sahəsində uğurlu əməkdaşlıq etmişdir. Türkiyə, həmişə haqlı mövqeyimizi dəstəkləmişdir. Azərbaycan münaqişənin beynəlmiləşdirilməsi və Ermənistanın üçüncü ölkələri cəlb etmək cəhdlərinə qarşı çıxış etmişdir. Suriyalı muzdlular barədə bu hekayəyə gəldikdə isə, biz bir neçə dəfə təkrarladıq və prezidentimiz bunun müəyyən ölkələr tərəfindən yayılan açıq-aşkar dezinformasiya olduğunu təsdiqlədi. Bu şayiələri yayanlar tərəfindən heç bir dəlil verilməyib. Silahlı qüvvələrin komplektləşdirilməsini çətinləşdirən ciddi demoqrafik böhranla illər boyu üzləşən Ermənistandan fərqli olaraq, Azərbaycan yaxşı təchiz olunmuş, peşəkar və güclü bir orduya sahibdir. Ərazimizin bütövlüyünü qorumaq üçün kənar silahlı qüvvələrə və nizamsız qruplaşmalara ehtiyacımız yoxdur.

– Hazırda sizin nəzarətinizdə olan xristian abidələri, xüsusən də Davidank monastırı ilə nə olacaq?

– Azad edilmiş ərazilərdəki bütün dini-tarixi abidələri dövlət tərəfindən qorunacaqdır. Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmət və tolerantlıq ənənəsinə sahib olan çoxmillətli bir ölkədir. Ölkəmizdəki böyük xristian icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Həmin icma ölkəmizdə fəal rol oynayır. Onun kilsələri, ibadət yerləri və abidələri Azərbaycan dövləti tərəfindən tam şəkildə qorunur. Təsadüfi deyil ki, Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı ölkəmizi dini tolerantlıq nümunəsi kimi göstərdi. Azərbaycan xristian irsini yalnız öz sərhədləri çərçivəsində deyil, həm də xaricdə qoruyur. Məsələn, Heydər Əliyev Fondu Fransanın Orn departamentində X-XII əsrlərə aid 7 kilsənin bərpasına yardım edilmişdir.

– Son bir neçə həftə ərzində aparılmış müharibədə xristianlarla müsəlmanlar arasında dini qarşıdurma epizodu olubmu?

– Ermənistanla Azərbaycan arasındakı dini münaqişə deyil və heç zaman belə olmayıb. Bu, ərazilərimizə qarşı erməni iddiaları ilə başlayan dövlətlərarası münaqişədir. Bunu dini münaqişə kimi qələmə vermək cəhdləri uğursuzluğa məhkumdur, çünki Azərbaycan müxtəlif dinlərin davamçılarının əsrlər boyu sülh şəraitində yaşadığı bir ölkədir.

– Nə üçün Azərbaycanın silahlı qüvvələri Şuşadakı kimi kilsələr də daxil olmaqla, mülki binaları və məktəbləri bombaladı?

– Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Əhali, məktəb və ya xəstəxana kimi mülki infrastruktur hədəfə alınmadı. Azərbaycan ordusu legitim hərbi hədəflərə cavab verməklə məhdudlaşdı. Problem ondadır ki, erməni tərəfi mülki binalardan qalxan kimi istifadə edirdi. Xankəndidəki uşaq bağçasında məsləhətləşən erməni zabitlərin fotosu sosial şəbəkələrdə çox müzakirə olundu. Bəhs etdiyiniz kilsə ilə bağlı Prezidentimiz bunun səhv olduğunu və ya qəsdən həyata keçirilmiş erməni təxribatı olduğunu söylədi. Faktla bağlı araşdırma aparılır. Lakin vurğulamaq istərdim ki, məqsədimiz kilsələri dağıtmaq olsaydı, Bakının mərkəzində minlərlə erməni kitabının saxlanıldığı Erməni Kilsəsini bərpa etməzdik.

– Azərbaycan gələcəkdə tarixən ermənilərin məskunlaşdığı bir bölgə olan Dağlıq Qarabağ üzərində bir Ermənistan suverenliyini tanımağa hazırdırmı?

– Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir. Ermənilər 1813-cü ildə Gülüstan və 1828-ci ildə imzalanan Türkmənçay müqavilələrindən sonra 19-cu əsrin əvvəllərində bu ərazilərdə yerləşdirilmişdir. Sovet dövründə ermənilərin oradakı əhalinin əksəriyyətini təşkil etdiyi faktdır. Amma xatırlayaq ki, orada yaşayan azərbaycanlılar və onu əhatə edən 7 Azərbaycan bölgəsində yaşayanlar 1990-cı illərin əvvəllərində işğaldan sonra Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı oldular. On illərdir ki, bu insanların hüquqları kobud şəkildə pozulub. Ermənistanın suverenliyi Azərbaycan torpağında deyil, Ermənistan Respublikasının ərazisində həyata keçirilə bilər. Dağlıq Qarabağın statusu məsələsi 9 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunmayıb. Azərbaycan dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağın hər iki icması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh və təhlükəsizlik şəraitində birgə yaşaya bilər.

– Azərbaycan hökuməti Dağlıq Qarabağ erməniləri üçün bu cür dinc birgə yaşayışa necə zəmanət verə bilər?

– Azərbaycan Konstitusiyası etnik mənsubiyyətindən, dinindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşı bərabər hüquqlar ilə təmin edir və azadlıqlarını qoruyur. Azərbaycan beynəlxalq birliyin məsul üzvüdür, bir çox beynəlxalq qurumların üzvüdür, əsas hüquqları, azadlıqları, mədəni və dini irsi qoruyan müqavilə və konvensiyalara riayət edir. Dağlıq Qarabağın gələcəyi onun iqtisadi, mədəni və insan resurslarının inkişafı ilə müəyyənləşdiriləcəkdir. Prezidentimiz, artıq işğal altında olmayan ərazilərin bərpası və yenidən qurulması üçün proqramın hazırlanacağını açıqladı. Azərbaycan sülh, təhlükəsizlik və qarşılıqlı hörmət şəraitində Dağlıq Qarabağdakı azərbaycanlı və erməni icmalarının birgə yaşayışını təmin etməyə hazırdır.

– Atəşkəs elan edildikdən sonra Prezident Əliyev niyə ermənilərin “itlər kimi” qovulduğunu iddia edərək təhqiredici şərhlər etdi?

– Bu açıqlama erməni xalqına qarşı yönəlməyib. Prezident İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyindən, ərazilərimizi qanunsuz olaraq işğal edib mülki şəxslərə qarşı hərbi cinayətlər törədənlərdən, Gəncə, Bərdə və Azərbaycanın digər yaşayış yerlərdəki günahsız mülki şəxslərə qarşı hücum əmri verənlərdən danışdığını açıq şəkildə bildirdi. Şübhəsiz ki, hərbi cinayətlər törətmiş şəxslər əməllərinə görə cavab verməlidirlər.

Check Also

Nazir müavini: 2025-ci ilə qədər NDC-nin işlənilməsinə fəal kömək etmək niyyətindəyik

Azərbaycan 2025-ci ilin fevralına qədər təqdim edilməli olan Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) işlənilməsinə …