Çərşənbə , 5 Avqust 2020
Home » Gündəm » Çimərlik mövzusu qərargahı iki qütbə bölüb: Açılsın, açılmasın?

Çimərlik mövzusu qərargahı iki qütbə bölüb: Açılsın, açılmasın?

Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar çimərliklərdən istifadə qadağandır.

Çimərliklərin açılmaması koronavirus pandemiyası ilə bağlı yoluxma səviyyəsinin hələ də yüksək olması ilə bağlıdır. Ötən ayın 20-dən etibarən çimərlik mövsümünə start verilsə də, ölkənin epidemioloji durumu mövsümün açılmasına imkan vermir. İnsanların isti yay günlərində istirahət və sərinləndikləri məkan çimərlik olsa da, sadə vətəndaşlar bu imkanlardan məhrum qalıb. İmkanı və gəliri məqbul olan vətəndaşlar isə bu ehtiyaclarını müxtəlif yollarla ödəməli olurlar. Heç kimə sirr deyil ki, bəzi bölgələrdə pandemiya ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmadığından istirahət məkanları açıq fəaliyyətdədədir. Bu məkanların otellərindən, restoran, hovuzlarından istifadə mümkündür. Artıq dünyanın bir çox ölkələrində pandemiya ilə bağlı durum sabitləşdiyi üçün çimərlik mövsümü açıq elan edilib.

Azərbaycanda isə bu məsələ zaman-zaman gündəmə gətirilsə də, Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmiləri bunun üçün uyğun epidemioloji durumun olmadığını əsas gətirirlər.

Qərargahın üzvü, Azərbaycanın baş infeksionisti Cəlal İsayev çimərlik mövsümünün açılmasının tərəfdarıdır. Baş infeksionist hesab edir ki, dənizdə virus məhv olur. Ona görə də insanlar çimərliyə getməlidir: “Təkcə vitamin D ilə bağlı deyil, ümumiyyətlə, açıq havada olmaq insanın immun və sinir sisteminə müsbət təsir göstərir. Dənizdən müəyyən qaydalara əməl etməklə istifadə olunmalıdır. Bu qaydaları işləyib hazırlamaq lazımdır. İnsanlar dənizə gedə bilməlidirlər”.

O qeyd edib ki, dənizdə viruslar məhv olur.

Bunun üçün də xarici ölkə təcrübəsi tez bir zamanda öyrənilməli və Azərbaycanda da tətbiq edilməlidir: “Təbii ki, dənizdə də sıxlıq olacaqsa, məsafə gözlənilməyəcəksə, çətin olacaq. Dəniz kənarında oturarkən bunu gözləyəcəyiksə, bu zaman dənizə getmək təhlükə təşkil etmir. Dəniz suyunda viruslar çox qısa müddət qala bilir. Demək olar ki, yoluxdurma təhlükəsi olmur. Gərək bunun üçün mexanizm işlənib hazırlansın. Məsələn, Türkiyədə qeyd edilib necə və hansı məsafə saxlanılmalıdır”.

Maraqlıdır ki, digər həkim və mütəxəssislər də dənizdə virusun olmadığını qeyd ediblər. Onların fikrincə, ictimai nəqliyyatda, digər məkanlarda olduğu kimi dənizdə və sahildə də sosial məsafə qaydaları gözlənilməklə çimərlikdən istifadə mümkündür.

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva isə fəqrli fikirdədir. O, Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində məsələyə münasibətində “Bakı ətrafında çimərliklər açılsa, ora axının necə olacağını təsəvvür etmək çətindir. Kimsə sosial məsafənin az olmasına, sıxlığına görə çimərliyə buraxılmasa, başqa problemlər ortaya çıxa bilər. Hamı kimi çətinliyi biz də başa düşürük”,- deyib.

Məsələ ilə bağlı Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə Cəlal İsayevin çimərliklərin açılması təklifinə cavab verməkdə çətinlik çəkib.

Check Also

Bu istiqamətlərdə xəttə əlavə ekspres avtobuslar verilib – BNA

Axşam pik saatlarda sərnişin axınını idarə etmək üçün ekspres xətlər üzrə ehtiyyat avtobuslar cəlb edilib. …