Bazar ertəsi , 26 Avqust 2019
Home » Siyasət » Çöhrəqanlı üzürxahlıq etməlidir.

Çöhrəqanlı üzürxahlıq etməlidir.

“Onun Qurban Məmmədova verdiyi son müsahibədən sonra həmin adama münasibətim kökündən dəyişdi”

Azərbaycanın bütöv olmasını istəyən çoxlu sayda təşkilat, siyasi lider var. Onlar hesab edirlər ki, bir vaxtlar iki böyük imperiyanın arasında bölünən vətənin nə vaxtsa bütövləşməsi haqdır. Bu yöndə fəaliyyət göstərənlər də az deyil.

İranda yaşayan soydaşlarımız arasında da bu məfkurəni bölüşənlər çoxdur. Teokratik İran rejiminin təsiri altında bu mübarizəni açıq və gizli aparanlar var. Belə adamlardan biri də hamımızın tanıdığı Mahmudəli Çöhrəqanlıdır. Bu şəxs İranda üzləşdiyi təqiblərdən sonra mühacirətə getməli oldu. Hazırda Cənubu Azərbaycan Milli Oyanış Hərəkatı adlı bir quruma rəhbərlik edir. 2000-ci illərin əvvəlində Çöhrəqanlı bir neçə gün Azərbaycanda oldu. Onun xalq tərəfindən neçə coşqu ilə qarşılandığının, sevildiyinin şahidi olduq. Bəllidir ki, böyük ideyalar uğrunda mübarizə edən şəxslər heç vaxt cılız hisslərlə yaşamamalıdırlar. Onları böyük edən də məhz həmin amillər olur. Ancaq təəssüflə qeyd etməliyik ki, Çöhrəqanlının son davranışları və siyasi bəyanatlarında onun qulluq etdiyi ideyalarla uzlaşmayan detallar nəzərə çarpır. Məsələn, bu günlərdə sosial şəbəkələr üzərindən Qurban Məmmədovla canlı debata çıxan Çöhrəqanlı öz mübarizəsini, qulluq etdiyi ideologiyanı kənara qoyub, Azərbaycanın daxili siyasətinə aid lazımsız fikirlər səsləndirib. Hətta bir az da irəli gedərək, yaşına, tutduğu ictimai mövqeyinə uyğun olmayan tərzdə, etikadan kənar fikirlərlə mərhum prezident Heydər Əliyevi təhqir etməkdən belə çəkinməyib. Həmin verilişi izləyənlər əsl şok yaşayıblar. Amma Çöhrəqanlı yalnız bir yerdə deyil, bütün veriliş boyu əxlaqdan kənar fikirlər səsləndirdiyi üçün, onun səhvən hansısa fikri səsləndirdiyi qənaətinə gələ bilmərik. Çünki adam dəfələrlə eyni sözləri deyirsə, deməli, bunu düşünülmüş şəkildə edir. Bəllidir ki, bu cür lazımsız münasibətilə Çöhrəqanlı Azərbaycanda olan az-çox hörmətini də yerə vurmuş oldu. Çöhrəqanlıya belə addımlar yaraşırmı, Azərbaycanın milli-mənəvi dəyərlərini tapdalamaqla o nə etmək istəyir?

  • Samir Adıgözəlli: “Çöhrəqanlı çıxıb həmin çıxışına görə üzrxahlıq etməsə…”

İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSPBAM) sədri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Çöhrəqanlının həmin çıxışını izləyib və bundan dərin təəccüb keçirib: “Mən gənc yaşlarımdan milli mübarizənin içərisindəyəm. Bütöv Azərbaycan amalı uğrunda mübarizə aparan hər kəsə dərin sayğım və hörmətim var. Belə şəxslərdən biri də Mahmudəli Çöhrəqanlı idi. Ancaq onun Qurban Məmmədova verdiyi son müsahibədən sonra həmin adama münasibətim kökündən dəyişdi. Yaşına, tutduğu mövqeyə uyğun olmayan tərzdə çıxışlar etdi. Azərbaycan xalqının milli dəyərlərini, adət-ənənəsini təhqir etdi. Rəhmətə gedən böyük siyasi lideri ən pis formada təhqirlərə məruz qoydu. Bununla da, bir növ, Qurban Məmmədov kimi adamın səviyyəsinə enmiş oldu. Sizi əmin edirəm ki, Çöhrəqanlı həmin çıxışı ilə Azərbaycanda olan bütün hörmətinin üstündən xətt çəkdi. Bütöv Azərbaycan kimi böyük amal uğrunda mübarizə aparan bir adam yəni bu səviyyəyə enə bilərmi? Mən onun çıxışına bir neçə dəfə təkrar baxdım. Çünki inanmırdım ki, həmin fikirləri səsləndirən Çöhrəqanlıdır. Hesab edirəm ki, həmin müqəddəs məfkurəyə xidmət edən bütün siyasilər Çöhrəqanlıya cavab verməlidirlər. Bəyəm, bütöv Azərbaycan uğrunda mübarizənin yolu mərhum Heydər Əliyevi təhqir etməkdən keçir? Çöhrəqanlı çıxıb həmin çıxışına görə üzrxahlıq etməsə, sizi əmin edirəm ki, itirilən reputasiyasını bərpa edə bilməyəcək”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

İnamı satışa çıxarıb qanunu heçə sayan İuda

Siyasətlə məşğul olmaq həvəsdən savayı, məntiq, ağıl və ən başlıcası, hadisələri qismən də olsa, dəqiq …