Çərşənbə axşamı , 15 İyul 2025
Drone Cameras

DAK-dan çağırış: “Güney Azərbaycan xalqı öz taleyini özü həll etməlidir”

Dünya Azərbaycanlıları Konqresi (DAK) İran və İsrail arasında artan müharibə gərginliyi fonunda Güney Azərbaycan türklərinə müraciət edib. Təşkilatın yaydığı bəyanatda bölgədə yaranmış geosiyasi şəraitdən istifadə olunmalı və Azərbaycan türklərinin öz müqəddəratını təyin etməsi vacibliyi vurğulanıb.

Boyukmillet.com xəbər verir ki, DAK bəyanatında qeyd edilir ki, təşkilat həm Quzey, həm də Güney Azərbaycanda yaşayan soydaşların, eləcə də dünya azərbaycanlılarının hüquqlarını qoruyan qurum kimi regionda baş verən prosesləri diqqətlə izləyir.

“Yeni dünya düzəni adı altında aparılan müharibələrin türk coğrafiyasına sıçraması, xüsusilə də İsrail–İran qarşıdurması fəlakətli nəticələrə səbəb ola bilər. Bu münaqişələrin əsas məqsədi bir çox hallarda rejim dəyişiklikləri ilə bağlıdır. İranın atom bombası əldə etmək istəyi yalnız İsrail üçün deyil, regiondakı türk-müsəlman xalqları üçün də təhlükə yaradır,” – deyə bəyanatda bildirilir.

DAK bəyanatında həmçinin vurğulanır ki, İran adlanan ölkə tarixən türk dövləti olub və hazırda onun əhalisinin yarıdan çoxunu türklər təşkil edir. Bəyanatda bu əhali qrupuna qarşı uzun illərdir siyasi, mədəni və milli təzyiqlərin göstərildiyi qeyd olunub.

“Iranda yaşayan azərbaycanlılar tarix boyunca bir neçə dəfə yaranmış fürsətləri dəyərləndirə bilməyiblər. Bu dəfə vəziyyət fərqli olmalıdır. Əgər iradə və milli birlik varsa, beynəlxalq dəstək də olacaq. Əks halda, heç kim Azərbaycan türklərinin yerinə onların taleyini dəyişməyəcək,” – deyə DAK bəyan edib.

Bəyanatda Azərbaycan Respublikasının bölgədə həyata keçirdiyi dinc qonşuluq siyasəti dəstəklənir və Güney Azərbaycan türkləri yaranmış şəraiti düzgün qiymətləndirməyə çağırılır.

“Müharibə baş versə də, verməsə də imperiyalar dağılır. İran ərazisində xalqın iradəsinə zidd olaraq, yenidən böyük güclərin maraqlarına xidmət edən rejimlərin qurulması mümkündür. Bu isə bölgədə yaşayan xalqlar üçün yeni fəlakətlərə yol aça bilər. Azərbaycan türkləri buna imkan verməməlidirlər,” – deyə DAK bəyanatında vurğulanır.

Təşkilat bildirib ki, Güney Azərbaycan türkləri yaranmış tarixi fürsəti düzgün qiymətləndirməli, milli iradə nümayiş etdirməli və öz müqəddəratını müəyyənləşdirmək hüququnu həyata keçirməlidirlər. DAK öz növbəsində bu istiqamətdə dəstəyini davam etdirəcəyini bəyan edib.

Check Also

Rusiyanın hərəkətləri bütün bəşəriyyətin sabitliyinə təhlükə törədir – Rövşən Tağıyev.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi və Ukrayna Millətlər Assambleyasının rəhbəri Rövşən Tağıyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiyanın …