Bazar , 31 May 2020
Son Xəbər
Home » Siyasət » Ermənilər Qarabağda, bizsə havada respublika “yaradırıq” – Çaxmaqlıya sərt reaksiya

Ermənilər Qarabağda, bizsə havada respublika “yaradırıq” – Çaxmaqlıya sərt reaksiya

Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması ölkəmizin ictimai-siyasi həyatının və Qarabağ məsələsinin indiki vəziyyətində Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaradılmasını məqbul saymır. Bu gün ortada Azərbaycanın işğal olunmuş 20 faiz ərazisi və o ərazidə yaradılmış qondarma Dağlıq Qarabağ Respublikası var. Biz də buna alternativ olaraq, “Qərbi Azərbaycan Respublikası” yaradırıq. Fərq ondadır ki, onlar işğal etdikləri konkret ərazidə “yaradıblar”, biz də virtual məkanda, yəni havada “yaradırıq”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, başqa bir fərq də ondadır ki, onlar qondarma “respublikanın” ərazisində etnik təmizləmə aparıblar və həmin ərazini erməni əhali ilə doldurublar, Qərbi Azərbaycanda, indiki Ermənistanda isə bir nəfər də azərbaycanlı yaşamır: “ İndi Qərbi Azərbaycan Respublikası öz bəyannaməsində bəyan edir ki, bu respublikanın tanınması üçün Birləşmiş MillətlərTəşkilatının üzvü olan dövlətlərə və Birləşmiş MillətlərTəşkilatına müraciət edəcək. Lap yaxşı, qondarma Dağlıq Qarabağ Respublikası bu müraciəti artıq on illərdir ki edib”.

Əziz Ələkbərlinin fikrincə, belə olan halda BMT və üzv dövlətlər tanısa, hər iki “respublikanı” eyni vaxtda tanıya bilər: “Xatırladım ki, 1992-ci il martın 2-də BMT Azərbaycanla Ermənistanı da eyni gündə üzv qəbul etmişdi. Deyin görüm, onda necə olacaq? Bir tərəfdə BMT və dünya dövlətləri tərəfindən tanınan “Dağlıq Qarabağ Respublikası”, digər tərəfdə yenə də BMT və dünya dövlətləri tərəfindən “tanınan” virtual məkanda və kağız üstündə mövcud olan “Qərbi Azərbaycan Respublikası”. Bu, bilirsiniz, nədir? Bu, qondarma Dağlıq Qarabağ Respublikasının legitimləşdirilməsinə aparan yoldur. Bu, mənim son xəbərdarlığımdır. Özünü “yaxşı adam” kimi göstərib, bu təşəbbüsə qoşulmadığım üçün məni qınayanlara cavabım odur ki, mən və mənim rəhbərlik etdiyim təşkilatlar Azərbaycanı yeni faciələrə sürükləyə biləcək hər hansı bir addımı atmarıq. Bu addımı atanlar, yaxud dəstək verənlər və ya susanlar isə tarix qarşısında cavab verəcəklər”.

Check Also

Aydın Quliyev: “Ermənilərə hərbi gücümüzü hiss etdirməliyik” – VİDEO