Bazar ertəsi , 27 Sentyabr 2021
Home » Hərbi » “Ermənistan və onun havadarları nəticə çıxarmalıdırlar” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

“Ermənistan və onun havadarları nəticə çıxarmalıdırlar” HƏRBİ EKSPERT ŞƏRH ETDİ

Azərbaycanın, Türkiyənin və Pakistanın silahlı qüvvələrinin birgə keçirdiyi təlimin çox böyük əhəmiyyəti var. Bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emil Həsənli deyib.

Hərbi ekspert vurğulayıb ki, hər üç qardaş ölkənin iştirakı ilə keçirilən bu təlim regionda və dünyada sülhün, təhlükəsizliyin qorunmasında bir tövhə rolunu oynayır.

“Türkiyə ordusu da, Pakistan ordusu da dünyanın ən güclü ordularından biridir. Pakistan ordusu eyni zamanda nüvə silahına malikdir və Pakistanla Türkiyə hər zaman Azərbaycanı dəstəkləyib və Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyədir, sonra da Pakistandır. Pakistan eyni zamanda Ermənistanı dövlət kimi tanımayıb, heç bir əlaqə qurmayıb, Türkiyə də Ermənistanla bütün sərhədləri bağlayıb. Beynəlxalq aləmdə hər iki dövlət Azərbaycan dövlətini, Qarabağ məsələsində də haqq işini daim dəstəkləyib. Azərbaycan da Türkiyə ilə Pakistanı bütün məsələlərdə dəstəkləyir və çox sıx əməkdaşlıq edir.

Hərbi əməkdaşlıq hər üç dövlət üçün çox lazımdır. Eyni zamanda bu regionda və beynəlxalq aləmdə sülhün, təhlükəsizliyin qorunması baxımından bir tövhədir. Bu, Ermənistana və onun arxasındakı qüvvələr bir mesajdır. Azərbaycan ordusu kifayət qədər güclüdür, vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi, Ermənistanın artıq ordusu yoxdur. İndi yenidən bəzi fikirlər səsləndirirlər Ermənistanla Azərbaycan sərhəddində və Qarabağda. Tez-tez atəşkəsi pozurlar. Onlar bir şeyi bilməlidirlər ki, bu dəfə cəza daha böyük və ağır olacaq, hətta Ermənistanın özünün mövcudluğu sual altında qalacaq.

Azərbaycanın özünün kifayət qədər gücü var və Vətən Müharibəsində olduğu kimi, heç bir dövlətin dəstəyi olmadan məsələnin öhdəsindən özü gələ bilər. Mənəvi dəstəyə hər zaman ehtiyac var. Amma, bu təlimlər, qabaqcıl ölkələrlə bu təlimləri keçirmək, əldə olunan təcrübənin bölünməsi baxımından, ordunun döyüş hazırlığının yüksəldilməsi baxımından, gələcəkdə bir yerdə dünyanın ayrı-ayrı regionlarında sülhün və təhlükəsizliyin qorunması baxımından əməliyyatlar keçirmək baxımından mühümdür. Əgər gələcəkdə Ermənistanın havadarları hansısa hərbi proseslərə qoşularsa, Şuşa Bəyannaməsinə görə, Türkiyə Azərbaycanı hər an dəstəkləyə bilər və Azərbaycana hər cür, o cümlədən hərbi dəstək göstərə bilər. Eyni zamanda Pakistan da dəfələrlə bunu bəyan edibdir. Bu əməkdaşlıq Azərbaycanın, eyni zamanda Türkiyənin, Pakistanın milli maraqlarına, dövlət maraqlarına tam uyğundur.

Ermənistan və onun havadarları nəticə çıxarmalıdırlar və bilməlidirlər ki, 30 ildə heç bir şey əldə edə bilmədilər, işğalı rəsmiləşdirə bilmədilər, nə də işğal etdiləri əraziləri Ermənistana birləşdirə bilmədilər, Qarabağın dırnaqarası müstəqilliyini də tanıda bilmədilər. Azərbaycan haqlı davasında apardığı məqsədyönlü siyasət nəticəsində, ordu quruculuğu, beynəlxalq siyasət, güclü iqtisadiyyat, xalqın və iqtidarın birliyi nəticəsində öz torpaqlarını azad etdi və gələcəkdə də hərhansı bir terrorçu, separatçı addımlar olarsa qısa bir müddətdə də onun qarşısı alınacaq, düşmənin başı yenə əziləcəkdir”, deyə Emil Həsənli bildirib.Müəllif: İnam Hacıyev

Check Also

Azərbaycan Ordusunda keçirilən səmti müəyyənetmə yarışları yekunlaşıb

Azərbaycan Ordusunda hərbi qulluqçular arasında keçirilən növbəti səmti müəyyənetmə yarışları yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, …