Bazar ertəsi , 24 Fevral 2020
Home » Siyasət » İlk Cümhuriyyət dövründə Ermənistan üçün qoparılmış torpaqlarımız…

İlk Cümhuriyyət dövründə Ermənistan üçün qoparılmış torpaqlarımız…

Cəbi Bəhramov: “Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə, Sovet Rusiyasının təzyiqi ilə “bağışlanması” istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı”

Zaman-zaman tarixi torpaqlarımıza iddialı olan ermənilər öz havadarlarının dəstəyilə Azərbaycan ərazilərinə sahibləniblər. Onlar bu torpaqların gerçək sahibləri deyillər, buna baxmayaraq, qəsb etdikləri torpaqlarımızı özlərinki saymaqda davam edirlər. Hiylə, məkrlə, özlərinin və arxa-dayaqlarının zoru gücünə qəsb etdikləri torpaqlarımızı işğalda saxlayırlar.

Əsrin əvvəllərində ermənilər Azərbaycanın xeyli ərazisini, o cümlədən də İrəvanı və Zəngəzuru ələ keçirməyə müvəffəq olublar. Azərbaycan xalqının tarixi torpağı olan Zəngəzur mahalının ermənilərə verilməsi həqiqətən də tariximizdə ən faciəli səhifələrdən biridir. Tarixi torpaqlarımız üzərində qurulan Ermənistan Respublikası bu gün nəinki Azərbaycan, Cənubi Qafqaz, eləcə də bütün dünya üçün təhlükə saçır. Bu təhlükəli dövlətə isə “Azərbaycan torpaqlarını boşalt, işğaldan azad et” deyən bir beynəlxalq qurum tapılmır.

Zəngəzurun ermənilərə verilməsi Azərbaycan xalqına qarşı edilən çox böyük ədalətsizlikdir. Bu ədalətsizliyə görə isə ermənilərlə bərabər məsuliyyət daşıyan dövlətlər var.

Zəngəzurun tarixini araşdırarkən onun uzun əsrlər əvvəl Cavidan, Cavanşir və Babək dövründə Xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi olduğunu görürük. Zəngəzur 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Burada, eyni zamanda, atəşpərəstliyin ən məşhur məbədgahları yerləşib, ermənilər bu abidələrin izlərini dönə-dönə silməyə cəhd göstəriblər, bəlkə də indi orada bir dənə də olsun atəşpərəstlik izləri yoxdur. Ərəblər məhz Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt Alban, Arran adlanan Şimali Azərbaycanı zəbt ediblər.

1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər bahasına tutdu, onun qoşunlarına qarşı çox dirəniş göstərdiklərinə görə bu yerləri xarabazara çevirdi, 10 min ailəni buradan imperiyasının şərqinə – Əfqanıstana köçürmək əmri verdi. Teymurun bu yürüşünü canlı görüb yazıya alan Foma Mesoplu “Əfqan tarixi”ndə, Yesay Həsən Cəlal “Alban ölkəsinin qısa tarixi”ndə bu köç haqqında məlumat veriblər. Təkcə 4 min ailə Qəndəhar yaxınlığında məskən saldı. Ən maraqlısı odur ki, yerli əhali bu köçürülənləri öz adları ilə “ağvan” çağırırdı və bu ad sonra fonetik dəyişimə uğrayaraq, bütöv bir xalqın və ölkənin adını, ünvanını dəyişib “əfqan”a çevirdi.

Zəngəzur Qaraqoyunlu (1410-1468), Ağqoyunluların (1468-1502), 1502-ci ildə Səfəvi qızılbaşlarının hakimiyyəti altına düşdü. 1420-ci ildə Ərzurumda Ağqoyunlu hökmdarı Qara Osmanı məğlub edib Naxçıvan və Zəngəzur ellərini “soyurğal” alan Qara İsgəndər çoxlu sayda erməni ailəsini Ararat və Sünikə köçürdüb yerləşdirdi. Osmanlı və Səfəvilər arasında Qarabağ-Zəngəzur uğrunda uzun sürən qanlı döyüşlər getdi, bu səbəbdən o dövrlərə aid “Müfəssəl dəftər”lərdə Zəngəzurun əksər yaşayış məntəqəsinin boşaldığı, əhali yaşamadığı, xarabalıqlara çevrildiyi qeyd edilib.

Bu, orta əsrlər dövrünə kiçik bir gəzişmə idi. Bunu ona görə qeyd etdik ki, bu yerlərin ermənilərlə heç bir tarixi əlaqəsinin olmadığını sizə göstərək.

Bütün tarixi sənədlər, faktlar, kitablar, tarixçi-alimlərin tədqiqatları birmənalı olaraq göstərir ki, Cənubi Qafqaz ərazisində heç zaman Ermənistan deyilən dövlət olmayıb və ermənilər bu ərazilərə sonradan köçürülüblər. Tarixçilər vurğulayırlar ki, 1917-ci ilin fevralında Rusiyada baş verən burjua-demokratik inqilabından sonra imperiya dağılmış və onun keçmiş ərazilərində yaşayan bir sıra xalqlar öz müqəddəratlarını təyin etmək hüququ əldə ediblər.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Cəbi Bəhramovun qeyd etdiyinə görə, 1917-ci ilin martından 1918-ci il mayın 26-dək Zaqafqaziya Federasiyası tərkibində Azərbaycan, Gürcüstan və 1804-1813, 1826-1830-cu illərdə və XX əsrin I yarısında Azərbaycan ərazilərinə (İrəvan, Naxçıvan və Qarabağ) keçmiş Rusiya və sovet imperiyalarının hərbi-strateji maraqlarını təmin etmək məqsədilə köçürülən ermənilər birləşdilər… “…Düşünürəm ki, Azərbaycan Xalq Cümhuriyyətini yaradanların bir çoxu bu tarixi çox gözəl bilirdi. Digər tərəfdən, 1918-ci ilin may və sentyabr aylarında Cənubi Qafqazda yaranmış siyasi vəziyyət Azərbaycanın xeyrinə olduğu halda belə, onlar bundan istifadə edib İrəvan şəhərini güzəştə getməyə bilərdilər. Amma çox təəssüf! Qeyd etmək lazımdır ki, İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99.908.86 kvadratkilometr təşkil edirdi. 13.983.10 kvadratkilometr ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu. Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 7.913.17 kvadratkilometr təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur və Dağlıq Qarabağ ərazilərinin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular. Sovet Rusiyası hökuməti Gürcüstan və Ermənistan missiyaları ilə ərazi məsələlərini Azərbaycan SSR hökumətindən gizli aparırdı. Ən dəhşətlisi isə o idi ki, Azərbaycan nümayəndə heyəti belə danışıqlara cəlb edilərkən onları ya ermənilər, ya da gürcülər təmsil edirdilər. Azərbaycanlılar isə nə ermənilərin, nə də ki, gürcülərin nümayəndə heyətlərinin tərkibinə daxil edilmirdilər.

1920-ci il avqustun 10-da İrəvan şəhərində Sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən bir sıra diplomatik sənədlərin də sübut etdiyi kimi, burada Azərbaycanın milli-dövlət mənafelərinə ciddi qəsdlər edilərək, Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. Bu zaman Sovet Rusiya hökuməti S.Orconikidzenin belə bir iddiasından çıxış edirdi ki, “…məlum siyasi şəraitdə Ermənistan bizə lazım ola bilər. İrəvandakı danışıqlar tərəfləri gələcək sülh müqaviləsini tanımağa məcbur edən protokolun imzalanması ilə qurtardı ki, həmin sazişlə də Ermənistan Qarabağdan imtina etməli, ancaq Zəngəzur və Naxçıvanı almalı idi. Əslində, Azərbaycanın tarixi torpaqlarının Ermənistana verilməsi planı Leninin razılığı ilə Stalin tərəfindən hazırlanmışdı. Çünki sonrakı illərdə bu torpaqların hissə-hissə zəbt olunması və bu ərazilərdə yaşayan əhalinin deportasiyası da Stalin tərəfindən həyata keçirilmişdi”.

C.Bəhrəmovun sözlərinə görə, 1920-ci il noyabrın 4-də Stalin, Orconikidze, Qabrielyan, Leqran, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda Rusiya ilə Ermənistan arasındakı müqavilənin şərtlərinə toxunularkən Stalinin fikri əsasında belə bir qərar qəbul edilmişdi: “Naxçıvan və Zəngəzurun Ermənistana verilməsi haqqında təklif olunan maddə nə siyasi, nə də strateji cəhətdən sərfəli deyildir və yalnız son halda baş tuta bilər”.

C.Bəhramov vurğulayır ki, iclasda, həmçinin, Siyasi Büronun Naxçıvan və Zəngəzura aid fikrinin əsaslandırılmasını hazırlamaq N.Nərimanova həvalə olunmuş, habelə Stalinin bu məsələ ilə RK(b)P MK ilə danışıqlar aparmasınadək Ermənistana təqdim edilən müqavilə barədə qəti qərar çıxarmamaq razılaşdırılmışdı. “Bu qərarın özü də bir daha göstərir ki, Azərbaycan torpaqları hərraca qoyulmuşdu. Lenindən sonra SSRİ dövlətinə rəhbərlik edən Stalin bu hərracın təşkilatçısı kimi “Mən Azərbaycanın müstəqilliyinin tərəfdarı deyiləm” – deyə Azərbaycana öz düşmən mövqeyini bildirmişdi.

Həmin qərarın “b” bəndində yazılırdı: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir”. Qərarın “q” bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, “d” bəndində isə Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verildiyi göstərilirdi. Zəngəzurun ermənilərə verilməsi, əslində isə sadəcə, Sovet Rusiyasının təzyiqi ilə “bağışlanması” istiqamətində daha bir ciddi addım 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda sovet hakimiyyətinin qurulması münasibətilə keçirilən təntənəli “tarixi” iclasında N.Nərimanov bəyanatla çıxış etdi. Lakin qeyd etmək lazımdır ki, N.Nərimanovun bəyanatı Ermənistanda yaxın və uzaq gələcəkdə Dağlıq Qarabağla əlaqədar məsələ qaldırmaq məqsədilə verilmişdi. Çünki İrəvanda ermənicə nəşr olunan “Kommunist” qəzetinin 1920-ci il 7 dekabr tarixli nömrəsində saxtalaşdırılmış məzmunlu yazı dərc edilmişdi. Sonralar N.Nərimanov özü bəyanatda elan edilən faktların saxtalaşdırılmasına etiraz etmişdi. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan torpaqlarının Ermənistana bağışlanmasını həyata keçirən Stalin Bakı Sovetinin 1920-ci il dekabrın 1-də qəbul etdiyi qərara münasibətini belə ifadə etmişdi: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir”. Göründüyü kimi, əgər XI Qızıl Ordunu Azərbaycanı işğal etmək üçün A.Mikoyan dəvət etmişdirsə, ondan sonra onun torpaqlarını siyasi hərraca qoyan Stalin olub. 1920-ci il dekabrın 2-də İ.Stalinin “Azərbaycanın fatehi” adlandırdığı S.Orconikidze Leninə və Stalinə Bakı Sovetində qəbul edilən qərarın məzmununu çatdırmışdı. Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi elan edilən kimi həyata keçirilmədi. N.Nərimanov ZSFSR İttifaq Sovetinin sədrlərindən biri olarkən Leninə yazdığı məktubda “Azərbaycanın tamamilə mübahisəsiz ərazilərini Ermənistana güzəştə gedir və düzəlməsi mümkün olmayan həlledici səhvdir” – deyə etiraf etmişdi.

Ermənilər Zəngəzurun ələ keçirilməsini asanlaşdırmaq və sürətləndirmək məqsədilə qəzanın onlar tərəfindən tutulan sahələrində möhkəmlənərək bölgənin digər hissələrində – Aşağı Zəngəzurda  Kürdüstan yaradılması “ideya”sını irəli sürmüşdülər. Əslində, əsas məqsəd Rusiyanın Azərbaycanda yenidən möhkəmlənməsini təmin etməkdən, bu niyyətlə də Azərbaycanın parçalanması və daim təzyiq altında saxlanmasından, Zəngəzurun tədricən, hissə-hissə Ermənistana verilməsinə nail olmaqdan ibarət idi.

Zəngəzurun və digər ərazilərin itirilməsi o zamankı Azərbaycan rəhbərliyinin 1920-ci il 1 dekabr tarixli bəyanatı ilə verdiyi vədə öz sərvətlərinin qapılarını Ermənistanın üzünə geniş açmasına dərhal əməl etməsi, hələ müharibəyə və daşnakların ərazi iddialarına son qoyulmasının, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər qurtarmamış “qonşu və dost xalqa” hərtərəfli yardım göstərilməsindən ibarətdir. Yuxarıda qeyd edildiyi kimi, Zəngəzurun Ermənistana verilməsi rəsmən elan olunsa da, qəzanın onun idarəçiliynə keçməsi dərhal baş vermədi. Belə ki, 1921-ci il yanvarın 12-də Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar çıxarıldı. Nəhayət, uzun müzakirələrdən sonra Zəngəzur qəzasının köhnə inzibati sərhədlərdə saxlanması qərara alındı. Zəngəzurla bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi. Zəngəzurun azərbaycanlı əhalisini sıxışdırmaqda davam edən ermənilər bununla kifayətlənməyərək sonralar bir sıra ərazilərin də ələ keçirilməsinə nail oldular”.

Q.Cəbiyevin qeyd etdiyinə görə, belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci il 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. “Yenə də bu qanunverici hakimiyyət orqanının 1929-cu il fevralın 18-də M.Sxakayanın sədrliyi, Azərbaycan nümayəndələrindən isə D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasında Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun üç kəndi – Nüvədi, Ernəzir və Tuğut Ermənistana verildi. 1938-1939-cu illərdə Ernəzir kənd kollektiv təsərrüfatı Nüvədi kəndi, Tuğut kəndi isə ermənilər yaşayan Astazurla birləşdirildi, hər iki kəndin əhalisi doğma yerlərindən Nüvədi, Əldərə və Astazur kəndlərinə köçürüldü. Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqların da ermənilərə “bağışlanması” və burada Mehri rayonunun təşkili ilə Azərbaycan özünün tərkib hissəsi olan Naxçıvandan ayrı salındı, bu bölgə ilə əlaqə çətinləşdi. Zəngəzurun bir hissəsinin ermənilərin əlinə keçməsi ilə Şimali Azərbaycan parça-parça edildi, onunla Türkiyə arasında əlaqə pozuldu, torpaqlarımızın sonrakı işğalı üçün yeni zəmin yaradıldı…” – deyə C.Bəhramov vurğuladı.

İradə SARIYEVA

Check Also

Prezident ona orden verdi – SƏRƏNCAM

Boyukmillet.com -un məlumatına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli …