İsrail hakimiyyəti isveçli iqlim fəalı Qreta Tunberqi ölkədən deportasiya edib.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi bazar ertəsi məlumat yayıb.
Qreta Tunberq Qəzza zolağına humanitar yardım aparmağa çalışan yüzlərlə beynəlxalq Fələstin həmrəyliyi fəalları ilə birlikdə İsrail qüvvələri tərəfindən beynəlxalq sularda saxlanılmışdı.
İsrail tərəfi bildirib ki, “Qlobal Sumud Flotillası”ndan 171 fəal, o cümlədən Qreta Tunberq bazar ertəsi Yunanıstan və Slovakiyaya deportasiya edilib.
“Qlobal Sumud Flotilla” təşkilatının saytında yayılan məlumata əsasən, hazırda təxminən 300 fəal hələ də girovluqda saxlanılır. Evə dönən bəzi şəxslər isə İsrail mühafizəçiləri tərəfindən işgəncə və təhqirlərə məruz qaldıqlarını bildiriblər. Onların sözlərinə görə, uzunmüddətli stress vəziyyətində saxlanılma, qida və suyun verilməməsi, hüquqi və tibbi yardımdan məhrum edilmə kimi hallar yaşanıb.
Onlar vurğulayıblar ki, 22 yaşlı Qreta Tunberq xüsusilə hədəfə alınıb.
Türkiyəli fəal Ersin Çelik “Anadolu” agentliyinə açıqlamasında deyib:
“Onlar Qretanı gözümüzün önündə saçlarından tutub yerlə sürüdülər, döydülər və onu İsrail bayrağını öpməyə məcbur etdilər. Bunu başqalarına dərs olsun deyə etdilər”.
İsrail tərəfi isə bu iddiaları “yalan xəbər” adlandıraraq fəallara qarşı zorakılıq törədilmədiyini bildirib.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
