Bazar ertəsi , 14 Oktyabr 2019
Home » Siyasət » İrəvan İranı tələyə salmaq istəyir – məkrli planın pərdəarxası

İrəvan İranı tələyə salmaq istəyir – məkrli planın pərdəarxası

Ermənistan baş nazirinin müavini də Tehrandan əliboş döndü – səbəblər; işğalçı ölkə daxilində isə baş nazir Paşinyandan narazılıq güclənir, ona vədlərini tez-tez xatırlatmağa başlayıblar…

Bu günlərdə Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan başının dəstəsi ilə İranda səfərdə olub. Tehranda bir sıra görüşlər keçirib. Onu İran prezidenti Həsən Ruhani də qəbul edib. Təbii ki, bu kimi səfərlərdə İrəvanın əsas hədəfi iqtisadi blokadanı yumşaltmaqla yanaşı, özünün Azərbaycana qarşı işğalçılıq siyasətinə islam dünyasında siyasi dəstək əldə etməkdir. Söhbət qonşu və böyük bir müsəlman dövlətindən gedirsə, bu məsələ ikiqat önəm və ciddilik qazanır.

Başqa yandan, İrana qarşı getdikcə daha da sərtləşən ABŞ sanksiyaları Ermənistan üçün uzun illərdir faktiki, yeganə “nəfəslik” rolu oynayan cənub qonşumuzla işğalçı ölkənin əlaqələrini sual altına salıb. Hərçənd illərdir Qarabağa görə yarım-blokada şəraitində olan, dünya okeanına çıxışdan və zəngin təbii ehtiyatlardan məhrum, Rusiyanın orbitində qalan Ermənistan İran üçün bir elə iqtisadi önəm kəsb eləmir, investisiya yatırımı üçün cəlbedici ölkə deyil. 

Təsadüfi deyil ki, Qriqoryanın səfəri çərçivəsində tərəflər arasında iqtisadi-ticari xarakterli heç bir ciddi anlaşma imzalanmayıb. Ən çox diqqət çəkən budur ki, Ruhani Qriqoryanla görüşdə iki ölkə arasında ticarəti milli valyutalarda aparmağı təklif edib. Onun fikrincə, bu, tərəflərə ticarətin həcmini ciddi şəkildə artırmağa imkan verərdi.

Ruhani Qriqoryanla ile ilgili görsel sonucu

Amma Ermənistanın İrana ixrac edəcəyi nəyi var ki? Görünür, bunun fərqində olan erməni nümayəndələr Ruhaninin təklifi qarşısında gülümsəyərək, başlarını bulayıblar. Səfər başa çatar-çatmaz isə İran liderinin təklifinə Ermənistandan rəsmi münasibət gəlib. Belə ki, “Yeni Müsavat”ın “Sputnik Armeniya”ya istinadən verdiyi məlumata görə, parlamentin maliyyə-kredit və büdcə məsələləri üzrə komissiyasının rəhbəri Artak Manukyan deyib ki, milli valyutalarla ticarətə keçid ilk növbədə qarşılıqlı ticarətin dövriyyəsindən asılıdır. “Təəssüflə qeyd edim ki, bu dövriyyə elə də böyük deyil. Üstəgəl, İran rialı kurs dəyişikliklərinə daha həssasdır, nəinki erməni dramı. Bu fərqlər erməni tərəfinə olduqca neqativ təsir edə bilər”, – deyə o qeyd edib.

“Məsələ ondadır ki, İran realı sərbəst dönərli valyuta deyil. Ona görə də burada risk çox böyükdür. Risk o halda  az olardı ki, əgər idxalla ixrac təxminən eyni səviyyədə olardı. Amma Ermənistan daha çox İrandan idxal edir, nəinki ixrac edir” – Manukyan daha sonra narahatlıqla bildirib.

*****

Beləcə, İrəvan diplomatik şəkildə Ruhaninin təklifindən imtina edib. Bir səbəb deyildi. Daha bir səbəb yəqin ki, Ermənistanın ikitərəfli ticarət mübadilələrində ABŞ dollarından istifadənin ləğvinə çalışan (Tehran bu yöndə Rusiya, Türkiyə, Çin, Hindistan, Azərbaycanla intensiv danışıqlar aparır) İranın yanında yer almaqla ABŞ-ı qıcıqlandırmamaq istəyidir.

Ən maraqlısı isə odur ki, Manukyan guya İran tərəfinin könlünü almaq üçün qarşılıqlı təklif verib. Mahiyyəti də budur ki, əgər İran milli valyutalarda qarşılıqlı ticarətə keçmək istəyirsə, o zaman qoy Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulsun.

Burada öncə onu xatırladaq ki, Ermənistan AİB-in yeganə üzvüdür ki, digər 5 üzvlə quru sərhədinə malik deyil. Belə bir əlaqə yalnız Azərbaycan quruma qoşulacağı təqdirdə mümkündür. Bunun üçünsə Bakının şərti var – Qarabağ. Azərbaycan qoşulmadıqca Ermənistan da təşkilatın yaratdığı hansısa üstünlüklərdən yararlana bilməyəcək. Necə ki, bilmir. Ancaq İran quruma qoşulsa, onda Ermənistanın tranzit ölkə kimi önəmi və müvafiq surətdə gəlirləri artacaq. Bu mənada bir çox analitiklərə görə, əslində bununla Ermənistan İranı tələyə salmaq istəyir.

Onu da yada salaq ki, hazırda AİB və İran arasında iqtisadi-ticari əməkdaşlıq haqda müvəqqəti anlaşma var. Bunun özü də Ermənistan iqtisadiyyatına müəyyən mənada köməkdir. Əgər İrəvan İranı aldadıb quruma üzv də etdirə bilsə, o halda bu üzvlük ona tranzit ölkə kimi daha böyük iqtisadi qazanc gətirəcək. Siyasi şərhçilərə görə, İrəvanda da elə bunu arzu edirlər.

Bəs Tehran bunun qarşılığında nə qazanacaq? ABŞ-ın yeni sanksiyalarından savayı ciddi heç bir şey…

*****

Ä°lgili resim

Bu arada Ermənistan daxilində inqilabçı baş nazir Nikol Paşinyana qarşı ictimai narazılıq böyüməkdədir. Səbəb də ilk növbədə Paşinyanın vəd elədiyi “cənnət nağılları”nın, “iqtisadi inqilab”ın hələ də gerçəkləşməməsidir. Paşinyan üstəgəl, ölkəni Qərbə sarı aparmaq əvəzinə, Rusiyadan asılılığı daha da gücləndirməkdə, hətta Rusiyaya satılmaqda ittiham olunur.

Paşinyan ile ilgili görsel sonucu

“Nikol Paşinyan Ermənistanda Rusiyanın yeni ”5-ci kolon”unu bəsləyir”. Bu iddia ilə “Armenianreport” saytı çıxış edib (Axar.az). “Baş nazir güman edir ki, ona hər şey olar, o, cəmiyyətdə kifayət qədər populyardır və ona hər şeyi bağışlayırlar. Bu, o demək deyil ki, ona erməni xalqını manqurtlaşdırmağa izn veriləcək. Nikol nə qədər ki hakimiyyətin sükanı arxasındadır, bir o qədər də xarici və daxili siyasətdə səhvlərə yol veriləcək. Belə təəssürat yaranır ki, o, xalqı Sərkisyanı devirməyə aparanda verdiyi vədləri unudub. Nikol Paşinyan müxalifətdə olanda Ermənistanın Avrasiya İttifaqı və KTMT-yə üzvlüyünü tənqid edərək hökuməti Qərblə münasibətləri inkişafa çağırırdı. Ermənistana rəhbərlik edəndən sonra bu istiqamətdə heç nə etmədi. Ermənistan təkcə Rusiyanın təsir zonasında qalmadı, həm də o öz siyasəti ilə İrəvanı bu bataqlığa daha da batırdı”, – deyə məqalədə bildirilir.

Bataqlıq məsələsi təbii ki, tam doğru qeyd edilib. Ancaq bir şey var ki, erməni xalqı özü-özünü həmin bataqlığa salıb – könüllü şəkildə. Heç vaxt reallaşmayacaq “Böyük Ermənistan” xülyasına uyaraq bu quyuya düşüb. Odur ki, oradan çıxmaq, qonşularla normal əlaqələr qurmaq yalnızca vədlərini unudan Nikolun problemi deyil, bütövlükdə bir əsrdən çoxdur “torpaq mərəzi”ndən əziyyət çəkən erməni toplumunun problemidir…         

Check Also

Samir Adıgözəlli: Səni kim məcbur edib ki, deputat vəsiqəni girov qoyasan?

Vətəndaşlardan külli miqdarda borc aldığına görə qalmaqala düşən və mövzu ictimailəşəndən sonra millət vəkilliyindən könüllü …