Çərşənbə axşamı , 31 Mart 2020
Home » İqtisadiyyat » İran və Rusiyaya BÖYÜK ŞOK: İqtisadiyyat çökür, neft ucuzlaşır, sosial narazılıq yaranır

İran və Rusiyaya BÖYÜK ŞOK: İqtisadiyyat çökür, neft ucuzlaşır, sosial narazılıq yaranır

Brent markalı neftin qiyməti 2003-cü ilin sentyabr ayından bəri ilk dəfə 25 dollardan aşağı düşüb.

Dünən Bakı vaxtı ilə saat 20:30-da Londonda keçirilən hərracda Brent markalı neftin qiyməti 24,75 dollara enib. Bu gün Brent nefti 15% ucuzlaşıb. Bu vəziyyət isə neft istehsalçısı olan dövlətlərin iqtisadiyyatına ciddi şəkildə təsir edəcək. Xüsusən də neft istehsalının maya dəyəri baha başa gələn ölkələrin iqtisadiyyatı üçün bu vəziyyətin daha acınacaqlı olacağı gözlənilir. Xatırladaq ki, qlobal neft bazarlarında Səudiyyə Ərəbistan Krallığı ilə Rusiyanın razılığa gələ bilməməsi və Vyanada OPEC-ə üzv, eləcə də qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin nəticəsiz görüşündən sonra”qara qızıl”ın qiymətində kəskin düşmə müşahidə olunur.

Belə ki, nazirlər arasında neft hasilatına tətbiq edilən məhdudiyyətlərin uzadılması barədə razılıq əldə olunmayıb. OPEC üzvləri bu dəfə “OPEC+” koalisiyasının ən böyük neft istehsalçısı olan Rusiya ilə kompromisə gələ bilmədi. Nəticədə Londonun ICE birjasında Brent markalı xam neftin qiyməti “OPEC+” mexanizmi fəaliyyətdə olduğu dövrdən, yəni 2017-ci ildən indiyədək ilk dəfə 45 dollar/barreldən aşağı düşdü. İclasın nəticəsiz başa çatması qlobal bazarda neft tədarükü bolluğu riskinin artmasına səbəb olur, o cümlədən yeni koronavirus (COVID-19) xam neft tələbatına mənfi təsir göstərməkdədir.

Maraqlıdır, bu vəziyyət böyük neft hasilatçısı olan Rusiya və İranın iqtisadiyyatına necə təsir göstərəcək?

Cebhe.info-ya açıqlamasında iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib ki, neftin qiymətinin kəskin ucuzlaşması Rusiya və İran iqtisadiyyatına çox ciddi təsir göstərəcək:

“Bəzi proqnozlara görə, əgər OPEK+ formatı bərpa olunmasa, aprel ayında nefti daha da ucuzlaşacaq. Artıq Rusiya dövləti neftin qiymətinin düşməsinə reaksiya verib. Belə ki, rubl dollar qarşısında dəyər itirib. 1 dollar 65 rubldan 85 rubla qalxıb. Yəni Rusiya rublu dollar qarşısında 25% dəyər itirib. Eyni zamanda, Rusiyanın əldə etdiyi valyutanın da əhəmiyyətli hissəsi enerji məhsullarının payına düşür. Neft və mavi qazın Rusiya ixracatındakı payı 60% -ə yaxındır. Bura emaledici enerji məhsulları da daxildir. Nəzərə almaq lazımdır ki, Rusiyada hasil olunan neftin maya dəyəri də bahadır. Nəticədə isə neftin qiymətinin düşməsi Rusiya üçün rentabelli deyil. Yəni neftin qiymətinin 40 dollardan aşağı düşməsi onun hasilatını rentabelli etmir. Bu baxımdan, neft sektorları gəlir əldə edə bilmir. Buna görə də Rusiya iqtisadiyyatı bu vəziyyətdən ciddi ziyan çəkir və itirir. Rusiyaya daxil olan valyutanın həcmində azalma var. Rubl dəyər itirir və onun məzənnəsinin qorunub saxlanmasında ciddi çətinliklər var. Ona görə də bu gediş Rusiya üçün kifayət qədər pessimist ssenari hesab oluna bilər. Amma bu, Rusiya iqtisadiyyatının defolt olacağı anlamına gəlmir. Hələlik belə proqnoz yoxdur. Çünki dünya bazarında neftin qiymətinin nə qədər müddətdə aşağı səviyyədə qalacağı mübahisəlidir. Eyni zamanda, Rusiyanın qızıl ehtiyyatları da çoxdur. Həm də onun qeyri- neft sektorları da var ki, oradan da gəlir əldə edir”.

Ekspert mövcud vəziyyətin İran iqtisadiyyatına da təsirindən danışıb:

“İran üçün bu vəziyyət daha kritikdir. Çünki bir tərəfdən koronavirusun İran iqtisadiyyatına vurduğu təsir, digər tərəfdən neft qiymətinin düşməsi çox ciddi zərbə vuracaq. İrana qarşı sanksiyalar da var idi, onun enerji və neft ixracatı kəskin azalmışdı. Amma yenə də İran üçün enerjinin qiyməti əsas gəlir mənbələrindən biri idi. O baxımdan, İran iqtisadiyyatının daha çox zərər çəkəcəyi gözlənilir. Eyni zamanda, bu gediş İrandakı sosial vəziyyətə də ciddi təsir göstərəcək. Çünki bir sıra sektorlarda işin dayanması həm də İran vətəndaşlarının sosial vəziyyətində özünü göstərir. Ümumi halda neftin qiymətinin düşməsi “qara qızıl” hasilatçısı olan ölkələrə yaxşı təsir göstərməyəcək. Həmin ölkələrdən biri də İran olacaq. Həm koronavirus, həm də neft təsirləri İran iqtisadiyyatına ciddi zərər vuracaq. Amma bütün hallarda Rusiya iqtisadiyyatının defolt olacağını demək olmaz. Hələlik bu risk görünmür. İran iqtisadiyyatının isə çöküşü kronavirusla mübarizədən və neft qiymətlərinin hansı müddətə bu səviyyədə qalacağından asılı olacaq”.

Check Also

Marketlərdə ərzaqla bağlı son vəziyyət – VİDEOREPORTAJ

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi …