Cümə axşamı , 18 Avqust 2022
Home » Siyasət » İran XİN başçısı İlham Əliyevin ideyası üzrə 3+3 ölkələrinə səfərlərə başlayır…

İran XİN başçısı İlham Əliyevin ideyası üzrə 3+3 ölkələrinə səfərlərə başlayır…

Samir Adıgözəlli: “Bütün bunlar ölkəmizin artan nüfuzundan və proseslərə təsir imkanlarından xəbər verir”

İran İslam Respublikasının Xarici işlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri zamanı Azərbaycanın regional əməkdaşlıqda oynadığı böyük rolun şahidi olduq.

Zərif nitqində bildirdi ki, Prezident İlham Əliyevin irəli sürdüyü “3+3” əməkdaşlıq formatı təklifinə uyğun olaraq regionun 6 ölkəsini ziyarət edəcək, yəni 5 üstəgəl İran. Deməli, Azərbaycan region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcını qoyan dövlət olmaqla yanaşı, həm də əməkdaşlıq formatını və regional aktorlarının yeri və rolunu müəyyən edir. Region ölkələrinin bir-biri ilə əməkdaşlıq etməsi isə bütün tərəflərin maraqlarına uyğun gəlir. Bəllidir ki, regionda məhz Azərbaycanın təşəbbüsü ilə bir sıra əməkdaşlıq formatları var. Türkiyə-Azərbaycan-Gürcüstan işbirliyi mövcuddur. Eyni zamanda, Azərbaycan-Rusiya-İran işbirliyi, Türkiyə-Rusiya-İran işbirliyi var. Yəni bütün bu işbirliyi platformalarını ümumiləşdirib vahid platforma kimi təqdim edə bilərik. Əgər Ermənistan rəhbərliyi müharibədən düzgün nəticələr çıxararsa, öz əsassız iddialarından əl çəkib gələcəyə baxarsa, o zaman onların da bu platformada yeri ola bilər. Azərbaycan və Türkiyə buna açıqdır. Belə ki, müharibədən sonra Azərbaycanın və Türkiyənin mövqeyi, verilən bəyanatlar bunu deməyə əsas verir.

Azərbaycanın təşəbbüsü ilə yaranan əməkdaşlıq formatları ölkəmizin nüfuzu ilə bağlı nələri deməyə əsas verir?

İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin  (İSBAM) rəhbəri  Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycanın regional və beynəlxalq müstəvidə vacib aktor olması danılmaz faktdır: “Artıq bunu böyük ölkələr belə etiraf etməyə məcburdur. Bununla yanaşı, Azərbaycan həm də yaxın qonşuları arasındakı müəyyən konfliktlərin həllində vasitəçilik edib və uğurlu nəticələrə imza atıb. Bura  bir neçə il əvvəl Rusiya ilə Türkiyə arasında  yaranan siyasi gərginliyi  aid etmək olar. Həmin vaxt da Azərbaycanın mühüm vasitəçilik səyləri ilə iki ölkə arasında  anlaşma təmin edildi. Azərbaycan özünə yaxın ölkələrlə ikitərəfli və hətta üçtərəfli əməkdaşlıq formatlarının qurulmasına nail olub. Bəzən isə bu əməkdaşlıqlarda iştirak edən ölkələrin sayı daha da artıb.  Azərbaycan sadəcə quru sərhədinə malik olduğu dövlətlərlə deyil, eyni zamanda su sərhədində olan qonşu ölkələrlə də əməkdaşlığa önəm verir. Belə ki, Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərib və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Azərbaycanın atdığı addımlar Xəzər dənizində bölgü məsələləri üzrə bütün sahilyanı ölkələrin mövqelərinin yaxınlaşdırılmasına və ümumi konsensusun əldə edilməsinə xidmət edib. Xəzər dənizində bölgü məsələləri üzrə sahilyanı ölkələr arasında dialoq üçün həm ikitərəfli, həm də çoxtərəfli formatlara üstünlük verilib. Bu baxımdan da Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalandı  ki, bu olduqca mühüm əhəmiyyətli bir tarixi hadisə olmaqla yanaşı, həm də dünya dövlətləri üçün bir mesajdır. Bununla anlaşılır ki, Azərbaycan sülhsevər, əməkdaşlığa açıq, destruktiv siyasətdən kənar bir dövlətdir”.

İSBAM sədrinin sözlərinə görə, Azərbaycanın ən yaxın qonşularından yalnız Ermənistanla əlaqələri yoxdur: “Bunun da səbəbi aydındır. Kökündə Ermənistanın uzun illər ərzində yürütdüyü işğalçı siyasəti durub. Artıq Ermənistan üçün də belə əməkdaşlıq formatlarına qoşulmaq kimi şans yaranıb. Bunun üçün onlar ənənəvi siyasətlərindən əl çəkməlidirlər. Göründüyü kimi, Prezident İlham Əliyevin yön verdiyi proseslər və təkliflər artıq regional əməkdaşlıq üçün yeni sxem cızmış olur. Artıq İran XİN rəhbəri bu təklif üzrə region ölkələrinə səfərlər etdiyini deyir. Deməli, Azərbaycanın təşəbbüsü ilə 3+3 formatında da yeni bir əməkdaşlığın  ərsəyə gələcəyi vaxt uzaqda deyil. Bütün bunlar ölkəmizin artan nüfuzundan  və proseslərə təsir imkanlarından xəbər verir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Prezident: “Azərbaycan xalqı Müslüm Maqomayevlə fəxr edir”

“Azərbaycan xalqı haqlı olaraq Müslüm Maqomayevlə fəxr edir. Çünki o həm böyük müğənni, həm də …