Bazar ertəsi , 24 Fevral 2020
Home » Manşet » İSBAM – dan seçki dəyərləndirməsi

İSBAM – dan seçki dəyərləndirməsi

Azərbaycanda növbədənkənar parlament seçkiləri baş tutmuş sayıldı. Seçki günü çox əlverişsiz havaya baxmayaraq, səs verən vətəndaşların ümumi sayı seçkinin nəticələrini elan etmək üçün əsas vermiş oldu.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov keçirdiyi ilk mətbuat konfransında seçkinin ümumi nəticələrini açıqlasa da, bəzi dairələrlə bağlı yekun qərarın verilmədiyini bildirdi. İlk açıqlamada bildirildi ki, 17 saylı Yasamal 3-cü Seçki Dairəsi, 35 saylı Xətai 3-cü Seçki Dairəsi, 44 saylı Sumqayıt-Xızı Seçki Dairəsi, 42 saylı Sumqayıt 2-ci Seçki Dairəsi, 77 saylı Astara Seçki Dairəsi, 123 saylı Kəlbəcər Seçki Dairəsi və 125 saylı Zəngilan-Qubadlı Seçki dairəsindən qalib namizədlər müəyyənləşməyib. Maraqlıdır ki, MSK adından verilən növbəti rəsmi bəyanatda qaliblərin müəyyənləşmədiyi dairələrlə bağlı açıqlanan məlumat birincidən fərqləndi. İkinci məlumatda bildirildi ki, 33 saylı Xətai 1-ci, 35 saylı Xətai 3-cü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran Kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələrindən çox ciddi müraciətlər daxil olub: “Ola bilsin ki, bu müraciətlərin əsası yoxdur. Amma biz bu müraciətlərin hər birini araşdıracağıq. Sabah da bizə hansısa başqa dairələrdən müraciətlər daxil olsa, gecikdirmədən bu müraciətlər ciddi araşdırılacaq”.

Hələ də MSK bəzi dairələrlə bağlı yekun nəticəni elan etməyib. Yəqin ki, gün ərzində bu məsələ  öz həllini tapmış olacaq. Açıqlanan rəsmi məlumatlara görə, seçici fəallığı 47,48 faiz olub.  Ölkədə keçirilən seçkiləri 58 ölkədən olan müşahidəçilər izləyiblər. Onların da, demək olar ki, hamısı seçkinin demokratik keçirildiyi ilə bağlı qənaətlərini bildiriblər. Bütün bunlara baxmayaraq, sosial şəbəkələrdə bəzi məntəqələrdə baş verən neqativliklərlə də bağlı materiallar ictimailəşdirilib. Həmin faktlarla bağlı MSK sədri deyib ki, əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslər ciddi cəzalanacaq, o cümlədən, sosial şəbəkədə yayılan məlumatların hər biri dəqiqliklə araşdırılacaq. Hələlik əldə olunan nəticələrə görə, növbədənkənar parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) 69 namizədi qalib elan olunub. Bu rəqəm Mərkəzi Seçki Komissiyasının (MSK) nəticələri elan etmədiyi 7 dairəyə görə dəyişə bilər. YAP-dan sonra ikinci ən çox mandat alan partiya Vətəndaş Həmrəyliyi Partiyasıdır (VHP). Partiyanın lideri, Xalq şairi Sabir Rüstəmxanlı 61 saylı Nefçala Seçki Dairəsindən 49,2 faiz səslə, 69 saylı Cəlilabad-Biləsuvar-Masallı Seçki Dairəsindən Fəzail İbrahimli 51 faiz səslə, 58 saylı Hacıqabul-Kürdəmir Seçki Dairəsindən Rəfael Hüseynov 51 faizlə qalib elan olunublar. Daha sonra 26 saylı Xətai 4-cü Seçki Dairəsindən BAXCP sədri Qüdrət Həsənquliyev, 26 saylı Sabunçu 2-ci Seçki Dairəsindən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, 60 saylı Salyan-Nefçala Seçki Dairəsindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən Vəhdət Partiyasının sədri Tahir Kərimlinin və Azərbaycan Demokratik İslahatlar Partiyasınin sədri Asim Mollazadənin Milli Məclisin üzvü olacaqları təsdiqlənib.

Bəs seçkini yaxından izləyən ekspertlər ümumi vəziyyəti necə dəyərləndirirlər?

  • “Ümumən seçkinin nəticələrini tam qənaətbəxş saya bilərik”

Bakı şəhərində seçkinin monitorinqini aparan İctimai-Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, paytaxtın bir neçə aktiv məntəqəsində seçki prosesini yaxından izləyiblər: “Gəldiyim tam qənaəti sizinlə bölüşmək istəyirəm. Seçki günü havanın həddən artıq soyuq olması seçici fəallığına ciddi təsir etdi. Buna baxmayaraq, seçki baş tutdu. Məntəqələrdə seçicilərə şəffaf səs vermək üçün tam şərait yaradılmışdı. Ancaq hiss olunurdu ki, bəzi namizədlərin nümayəndələri, hətta özləri məqsədli şəkildə provokativ addımlar atırlar. Dərhal həmin hadisələri lentə alıb, sosial şəbəkələrdə paylaşırdılar. Çoxlu sayda beynəlxalq müşahidəçinin olduğunun şahidi olduq. Hava şəraiti əlverişli olmadığından, bəzi məntəqələrdə elektrik enejisinin təminatında yaranan fasilələr dərhal generatorlar vasitəsilə aradan qaldırılırdı. Məntəqələrin böyük əksəriyyəti generatorla təchiz olunmuşdu. Müşahidə kameraları ilə bütün  məntəqələrdəki səsverməni izləmək olurdu. Ancaq mən istərdim ki, baş verən bəzi kobud qanun pozuntuları da mütləq araşdırılsın. Çünki ortada doğrudan da seçkinin şəffaflığına kölgə sala biləcək kadrlar mövcuddur. Onlara hüquqi qiymətin verilməsi həm də seçici məmnunluğu yarada bilər. Ümumən seçkinin nəticələrini tam qənaətbəxş saya bilərik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Prezident ona orden verdi – SƏRƏNCAM

Boyukmillet.com -un məlumatına görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsrafil Mirzəhməd oğlu Qurbanovun 2-ci dərəcəli …