Cümə , 13 Dekabr 2019
Home » Dünya » İslam mədəniyyətinin beşiyi, dini dəyərlərimizin ehtiramla qorunub yaşadıldığı Ordubad

İslam mədəniyyətinin beşiyi, dini dəyərlərimizin ehtiramla qorunub yaşadıldığı Ordubad

“Şərqin qapısı” adlandırılan Naxçıvan əsrlərboyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bu gün muxtar respublikamızın bütün rayonlarında dini dəyərlərin, tolerantlıq mühitinin yaşadılması və yüksək səviyyədə qorunub saxlanması beynəlxalq ictimaiyyətin diqqətini hər zaman cəlb edir.

Belə rayonlarımızdan biri də Ordubaddır. Azərbaycanın qədim tarixə malik bölgələrindən biri olan Ordubad gözəl təbiəti və özünəməxsus dəyərləri ilə seçilir. Bu rayon hələ qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən tarixi abidələri ilə məşhur olub. Avropanın qabaqcıl şəhərsalma təcrübəsi tətbiq edilərək yenidən qurulan, hər il neçə-neçə müasir abidələr ucaldılan muxtar respublikamızın hər yerində olduğu kimi, Ordubadda da bu, tarixi-memarlıq abidələrinə göstərilən diqqət və qayğının təzahürüdür. Rayon ziyalıları ilə söhbət zamanı da onlar bildirdilər ki, Naxçıvanın hər bir bölgəsində, o cümlədən Ordubad rayonunda aparılan abadlıq, quruculuq tədbirləri bütün sahələri əhatə edib. Qədim tarixi tikililərin bərpa edilməsi tarixi-memarlıq abidələrinə göstərilən qayğı milli və dini dəyərlərin ən yüksək səviyyədə qorunub saxlanılmasının nəticəsidir.

Tarixi-memarlıq abidələri sırasında olan məscidlər rayonun görünüşünə gözəllik qatmaqla yanaşı, həm də İslam mədəniyyətinin qoruyucusu rolunu oynayır. Demək olar ki, Ordubadın kəndlərinin hamısında kənd məscidləri mövcuddur. Məscid tikintisi rayonda intensiv aparılır. Artıq Ordubad rayonunun Anaqut kəndində 255 kvadratmetr ərazini əhatə edən yeni məscid binasının da tikintisi başa çatıb. Ordubadda hazırda 20-dən çox məscid fəaliyyət göstərir. Belə tarixi qədimliyi qoruyub saxlayan dini-memarlıq abidələri “Came”, “Ambaras”, “Sərşəhər” və “Mingis” məscidləridir. Qalanları isə şəhər küçələrinin bəzəyi olan məhəllə məscidləridir.

Əvvəlcə yolumuzu “Came” tərəfdən saldıq. Bu məscid İslam dini qaydalarına uyğun şəhər-memarlıq üslubunda inşa olunub. Orta əsrlərə aid memarlıq abidəsi şəhərin mərkəzi meydanının ən hündür yerində ucalır və möhtəşəmliyi ilə diqqəti cəlb edir. Hər namaz vaxtı verilən azan səsi insanları Uca Allaha ibadət üçün məscidə səsləyir. Kvadrat­şəkilli, yastı damlı məscid binasının 6 kiçik günbəzi olsa da, minarəsi yoxdur. Ona görə də burada minarədən yox, İslamın ilk dövrlərində olduğu kimi məscid damının üstündən azan verilir. 
Rayonun tanınan ağsaqqallarından Mirhəsən kişi bildirdi ki, şəhərin relyefi, yəni çinar ağacları ilə əhatə olunması məscidlərdə minarənin olmamasının əsas səbəbidir. Həmçinin o deyir ki, Sovetlər Birliyi dövründə rayondakı məscidlərin əksəriyyəti anbar kimi istifadə edilib. “Came” məscidinin cənubundakı meydanda vaxtilə karvansaraylar, dükanlar olub. Hazırda məscidin şimal-şərqində mədrəsə, qərbində isə zorxana binaları yerləşir. Məscid və ətraf binalar 1987-ci ildə əsaslı şəkildə bərpa olunub.

Ötən əsrin sonlarında yenidən dövlət müstəqilliyi qazanıldıqdan sonra Ordubadda da dini dəyərlərimiz sərbəst şəkildə icra olunub, nəticədə, tarixi tikililər olan məscid binalarının böyük əksəriyyəti yenidən bərpa edilib.
Qeyd edək ki, “Came” məscidinin qadınlar və kişilər üçün ayrı giriş qapısı vardır. Məscidin həyətində yaşı min illərlə ölçülən çinar ağacları və şəfalı sulu qədim kəhrizin olması tarixi abidəni görmək üçün buraya gələnlərdə maraq yaradır. Bu məscidin tarixi dəqiq məlum deyil. Öyrəndik ki, 1901-1902-ci illərdə məsciddə təmir işləri aparılarkən tapılmış bir kitabə üzərindəki yazıdan onun əsasının hicri-qəməri 111-ci (miladi 729) ildə qoyulduğu ehtimal olunur. İslam dininin yayıldığı ilk vaxtlara təsadüf edən bu tarix həm də onu sübut edir ki, hələ o dövrlərdə Ordubad inkişaf etmiş yaşayış məskənlərindən biri olub. Məscidin şimal qapısı üzərində olan daş lövhədə həkk edilmiş I Şah Abbasın nəsx xəttilə 1604-cü ilə aid olan farsca beşsətirlik fərmanı diqqətimizi çəkir. Fərmanda deyilir ki, Ordubad əhalisi göstərdiyi mərdlik, şücaət və müdrikliyinə görə bütün vergilərdən azad olunur. Bu yazılı kitabə ordubadlıların torpaq sevgilərinin, elmin, mədəniyyətin inkişafında mühüm rol oynadıqlarının əyani sübutudur. 
Buradan şəhərin digər qədim abidəsi, XVII-XVIII əsrlərə aid tarixi abidə olan “Ambaras” məscidinin qarşısına gəlib çıxırıq. Məscidin tavanında taxta üzərində yazılı kitabədə binanın hicri-qəməri 1284-cü (miladi 1867-1968) ildə Cəfərqulu Ağababa oğlu tərəfindən təmir olunduğu və adının da “Ağa Mirzə Cəfər məscidi” kimi həkk edildiyi görünür. Türk imperatorunun adını daşıyan məscid “Mir Cəfər” və “Sultan Murad” adları ilə də tanınır. Bu, məscidin Sultan Muradın adına tikilməsi və Mir Cəfər tərəfindən bərpa edilməsi ilə əlaqədardır. Burada da minarə yoxdur. Yenə də qoca çinar ağacları və qədim çeşmə diqqətimizi çəkir. Şəhər sakinlərindən Əli Ağayev qeyd edir ki, məscid çinar ağacının nəhəng budağının qırılması nəticəsində uçub dağılıb, sonralar məscid yenidən bərpa olunub.

Yolumuzu Sərşəhər məhəlləsində yerləşən eyniadlı məscidə tərəf salırıq. Ordubaddakı bu məscid digər məhəllə məscidlərindən ikimərtəbəli olması ilə fərqlənir. Bu məscidin birinci mərtəbəsi kişilərin, ikinci mərtəbəsi isə qadınların ibadət etməsi üçün nəzərdə tutulub. Qadınların ikinci mərtəbəyə qalxması üçün çöl tərəfdən dolama pilləkən qoyulub. Məscidin XVIII əsrdə inşa olunduğu ehtimal olunur. İkimərtəbəli məscidin mehrabı, ağac sütunları, şəbəkəli pəncərələri və meydanı var. İkinci mərtəbədəki kitabxanada dini kitablar və əlyazmalar saxlanılır. Bu məscid də digərlərindəki kimi minarəsizdir və meydanında yaşı yüz illərlə ölçü­lən çinar ağacı və çeşmə var. Məscid 1986-cı ildə bərpa və təmir edilərək, meydan kompleksi şəklinə salınıb.

Nəhayət, böyük məscidlərin sonuncusu olan “Mingis” məscidinin yanına gəlib çatırıq. Bu tarixi-­memarlıq abidəsi Ordubad şəhərinin Mingis məhəlləsində yerləşir. Giriş qapısının baş tərəfində qoyulmuş mərmər lövhə üzərindəki kitabədən aydın olur ki, məscid hicri-qəməri təqvimi ilə 1088-ci ildə (miladi 1677) Əbdülhüseyn Ordubadinin oğlu Məhəmməd Hadi tərəfindən bərpa etdirilib. İki mərtəbədən ibarət olan tarixi tikilinin birinci mərtəbəsi təsərrüfat məqsədləri üçün istifadə olunur. Digər dini ibadətgahlarımızda olduğu kimi, bu məscidin həyətində də çinar ağacı və kəhriz mövcuddur. Sadəliyi və gözəlliyi ilə seçilən məscid 2001-ci ildə bərpa edilib. 
Bundan başqa, Ordubadın Anabad, Azakənd, Nüsnüs, Düylün, Aşağı Əylis, Baş Dizə, Nəsirvaz, Parağa və digər kənd məscidləri də vardır. Sevindirici haldır ki, bu gün muxtar respublikamızın bütün rayonlarında fəaliyyət göstərən məscidlərdə hər kəs dinimizin buyurduğu ayinlərin icrasını sərbəst yerinə yetirə bilir. 
Onu da qeyd edək ki, İslam mədəniyyətinin qiymətli abidələri olan, insanlara birlik, bərabərlik, sevgi və mehribanlıq aşılayan məscidlərimiz həm də 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtını görməyə gələnlər üçün zəngin və heyrətedici mənbələr olub. Bütün bunlar inkişafın, müasirliyin, birliyin və həmrəyliyin nümunəsi kimi qədim sivilizasiyanın beşiyi olan muxtar respublikamızın dünyada tanıdılmasında çox mühüm əhəmiyyət kəsb edəcək.

Check Also

125 dairənin az qala hamısından namizədlər irəli çıxaran müxalifət partiyaları – yetərli kadr potensialı ortaya qoya biləcəklərmi…

Məlum olduğu kimi, bir çox müxalif partiya seçkilərdə iştirakını bəyan edib. Ancaq onların böyük əksəriyyətinin …