Home » Cəmiyyət » İşsiz kimi rayon məşğulluğunda qeydiyyatdan keçsəm də, uyğun vakansiyalara yaxın qoymurlar – Bərdənin Kələntərli kənd sakini yazır…

İşsiz kimi rayon məşğulluğunda qeydiyyatdan keçsəm də, uyğun vakansiyalara yaxın qoymurlar – Bərdənin Kələntərli kənd sakini yazır…

Vaqif Müslümzadə: “Nə səbəbə vakansiya ola-ola vətəndaşları işlə təmin etmir?”

Bərdə rayonu Kələntərli kənd sakini, Yeni Azərbaycan Pariyasının üzvü Müslümzadə Vaqif Məhəmməd oğlu ölkə rəhbərliyinə ünvanladığı şikayətin bir nüsxəsini də “Bakı-Xəbər”ə göndərib.

Həmin şikayəti olduğu kimi təqdim edirik: “Yazaraq Sizə bildirirəm ki, mən yaşadığım rayonda bütün işlərdə ictimai fəal olaraq könüllü iştirak edirəm. Uzun müddətdir Bərdə rayon Məşğulluq Mərkəzində adım işsiz kimi qeydiyyatda olsa belə, məni işlə təmin etmirlər. Dəfələrlə müraciət etməyimə baxmayaraq, elektron sistemdə vakansiya olsa da, mənə şöbə müdiri Bilman Şadlinski vakansiya olmadığını bildirir. Mənə kinayəli olaraq deyir ki, get süpürgəçi işlə, yəni kommunal idarədə. Mənə çox maraqlıdır ki, e-sosial.az saytında yerləşdirilən vakansiyalar hansı yolla kimlərə verilir. Sonuncu dəfə 01.03.2021-ci il tarixdə yenə müraciət etsəm də, məni başlarından etməkdən ötrü bildirdi ki, ya vakansiyanı izlə, ya da ki, kommunal idarəyə müraciət et.

Vakansiyanı izləyərək sonuncu Ağdam Magistral Qaz İdarəsinə vakansiya olduğunu gördüm və ora müraciət etmək üçün yenidən Məşğulluq Mərkəzinə yollandım. Orada isə mənə bildirdilər ki, həmin idarədən tərkib haqqında arayış al. Mən idarə rəhbərliyinə müraciət etdim,  o mənə qısaca bildirdi ki, tərkib arayışı nədir, get sadəcə məşğulluqdan göndəriş al gəl, məni səni işə qəbul edim. Yenidən Məşğulluq Mərkəzinə qayıdıb həmin idarənin rəhbərinin mənə bildirdiyini onlara söylədim. Biz ictimai fəal olaraq Cənab Prezidentimizə güvənirik. İctimai fəalların güman yeri Cənab Prezidentimizdir. Bilman Şadlinskinin məqsədi nədir? Nə səbəbə vakansiya ola-ola vətəndaşları işlə təmin etmir? Nə səbəbə hər bir kiçik məsələdən ötrü Cənab Prezidentimizə müraciət etməliyik?

Sizdən artıq dərəcədə xahiş edirəm, komissiya təşkil olunsun, Bərdə rayonu Məşğulluq Mərkəzinin şöbə müdiri  Bilman Şadlınskinin vakansiyanı kimlərə verdikləri araşdırılsın və həmin şəxslər cəzalandırılsın. Mənim isə aydiyyatı üzrə bir işlə təmin olunmağıma öz köməkliyinizi edəsiniz.Ümidvaram ki, müraciətimə qanuni şəkildə baxılıb icra olunacaq”.

Səslənən iddiaları aydınlaşdırmaq üçün şikayətdə adı çəkilən Bərdə Məşğulluq Mərkəzinin şöbə müdiri Bilman Şadlinski ilə əlaqə saxlamağa cəhd edik. Təəssüf ki, bir neçə saat ərzində Bilman müəllimin telefonu ancaq məşğul göstərdi. Bunun da xüsusi proqram vasitəsilə edildiyi məlumdur. Yəqin ki, Bilman müəllim yalnız özünə tanış olan nömrələrə cavab vermək baxımından bu xidməti seçib. Əks təqdirdə belə mühüm strukturda işləyən bir şəxsin telefonu günün bir neçə saatı ərzində yalnız məşğul göstərə bilməz.

  • Azər Ağayev: “Yaxınlaşsın mərkəzə, ona hüquqlarını bir daha ətraflı şəkildə izah edərlər”

Struktur baxımından həmin quruma nəzarət funksiyasını həyata keçirən Tərtər Regional Məşğulluq Mərkəzinin sədr müavini Azər Ağayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,  vətəndaş proseduru düz keçsə, işlə təminatında problem ola bilməz: “Prosedur belədir ki, vətəndaş işsiz kimi qeydiyyatdan keçməli və  e-sosial.az saytındakı vakansiyaları izləməlidir. Uyğun iş seçib, mərkəzə müraciət etməlidir. Bundan sonra onun işlə təmin olunması baş tuta bilər. Həmin vətəndaş, ola bilər ki, hansısa proseduru düz yerinə yetirmir. Yaxınlaşsın mərkəzə, ona hüquqlarını bir daha ətraflı şəkildə izah edərlər”.

  • Əsmər Nəcməddinqızı: “Xahiş edirik, həmin şəxsə aid məlumatları göndərin, biz ətraflı araşdıraq”

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, heç kimə qarşı ayrıseçkiliyə yol verilə bilməz: “Xahiş edirik, həmin şəxsə aid məlumatları göndərin, biz ətraflı araşdıraq. Məlumatla tanış olmadan hər hansı şərh verə bilmərik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycanda bir həftəlik Ramazan tətili başlayıb

Bu gündən Azərbaycanda Ramazan bayramı ilə əlaqədar bir həftəlik tətil başlayıb. Boyukmillet.com -un məlumatına görə, …