Cümə , 19 İyul 2024
Drone Cameras

Kanadanın Baş naziri azərbaycanlı icmasına müraciət ünvanlayıb

Kanada parlamentində “Azərbaycan İrsi Günü” keçirilib.

Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Dövlət Komitəsinin dəstəyi, Toronto Azərbaycan Evi, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, “Azəri Kalqari Ulduzları” rəqs qrupu, Ottavadakı “Qarabağ” Azərbaycan dili məktəbi, Kvebek Azərbaycanlıları Assosiasiyası, Kanadada Azərbaycanlı Tələbələr Təşkilatı, icma fəalları Nigar Əliyeva və Emin Qaranın birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Kanada parlamentinin üzvləri, diplomatik korpusun, Azərbaycan icmasının və ölkəmizə dost münasibəti bəsləyən digər xalqların nümayəndələri iştirak ediblər.

Bildirilib ki, tədbir iştirakçılarını salamlayan “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri və Torontodakı Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova diasporumuzun tarixində baş verən bu mədəni hadisədə iştirak edən qonaqlara minnətdarlığını bildirib. Rəhbəri olduğu hər iki təşkilatın Azərbaycan-Kanada cəmiyyətlərinə dəstək olmağı hədəflədiyinə diqqəti cəlb edib.

Ardınca tanınmış tenor, Azərbaycanın xalq artisti, Prezident mükafatçısı Həsən Enaminin ifasında Azərbaycan və Kanadanın Dövlət himnləri səsləndirilib.

Tədbirin ərsəyə gəlməsində xüsusi rola malik olan Kanada parlamentinin deputatı Çandra Arya soydaşlarımızı bu əhəmiyyətli gün münasibətilə təbrik edib. Azərbaycan icması ilə ölkə parlamenti arasında sıx əməkdaşlıq əlaqələrindən danışan millət vəkili nəzərə çatdırıb ki, bu il Kanada parlamentində ilk dəfə Müstəqillik Günü münasibətilə Azərbaycanın bayraqqaldırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Estoniyanın Kanadadakı səfiri Marqus Rava, Latviyanın Kanadadakı səfiri İnqa Skruzmane və başqaları icmamızın bu ölkənin ictimai-siyasi və mədəni həyatına sıx inteqrasiyasını, mədəni müxtəlifliyə, Azərbaycan-Kanada münasibətlərinin inkişafına töhfələr verməsini yüksək qiymətləndiriblər.

Tədbirdə Kanadanın Baş naziri Castin Trüdonun “Azərbaycan İrsi Günü” tədbirinin iştirakçılarına ünvanlanan təbrik müraciəti oxunub. Azərbaycan və Kanada arasında ikitərəfli münasibətlərin qurulmasının 30 illik tarixə malik olduğunu, Azərbaycan icmasının miqrantlar ölkəsi olan Kanadanın yaşamaq üçün möhtəşəm məkana çevrilməsi naminə töhfələr verdiyini vurğulayan Baş nazir azərbaycanlı icmasının belə bir gündə Kanada parlamentində salamlamaqdan şərəf hissi duyduğunu bildirib.

Sonra Azərbaycanın qədim tarixini, zəngin və bənzərsiz mədəniyyətini, mənzərəli bölgələrini və etnik fərqliliklərini əks etdirən müxtəlif qısa videoçarxlar nümayiş etdirilib. İpək Yolunun üzərində yerləşən ölkəmizin çoğrafi mövqeyi, Qərb və Şərq arasında körpü rolu oynadığı diqqətə çatdırılıb. Müsəlman Şərqində lk dünyəvi, demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 28 may tarixində yaradıldığından, ölkəmizin multikultural və tolerantlıq dəyərlərinə malik olmasından bəhs edilib. Azərbaycan muğamının 2008-ci ildə UNESSO-nun Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyi xüsusi olaraq vurğulanıb.

Tədbirin bədii hissəsində Kanadada peşəkar musiqi fəaliyyəti göstərən soydaşlarımız Həsən Enami, Əliheydər Mirzəbəyov və Səməd Pourmusəvinin ifalarında Azərbaycan xalq və bəstəkar mahnıları, “Azəri Kalqari Ulduzları” rəqs qrupunun ifasında “Şuşanın Dağları”, “Ağ çiçək”, “Qaval”, “Günəşin doğuşu”, “Cəngi”, “Qara qız”, “Qarabağ yallısı”, “Neft Daşları” “Şux Trio”, “Tərəkəmə”, “Qaytağı” və Naxçıvan rəqsləri təqdim olunub. Rəqs nömrələri Bakı Xoreoqrafiya Akademiyasının məzunu, Qəmər Almaszadə adına klassik və milli rəqs üzrə II beynəlxalq müsabiqənin laureatı, “Türksoy özəl ödülü”nün mükafatçısı Lalə Aslanova və Azərbaycanın əməkdar artisti Elçin Qədimov tərəfindən hazırlanıb.

Konsert proqramı qonaqların gur alqışları ilə qarşılanıb. Tədbir milli təamlarımızdan ibarət rəsmi ziyafətin verilməsi ilə başa çatıb.

Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəni irsini əks etdirən sərgi təşkil edilib.

Qeyd edək ki, Toronto Azərbaycan Evi bu ilin aprelində fəaliyyətə başlayıb.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …